Məhkəmə qərarları › İş №2(060)-87/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-87/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-87/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən iddiaçıya vurduğu maddi zərərə görə 17.841 manat, işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5.000 manat olmaqla, cəmi 22.841 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə verərək, cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Sumqayıt Şəhər Polis İdarəsi il əvəzlənməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC AR Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. MMC-yə məxsus İsuzu Ekobus markalı **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus marşrutda olarkən cavabdeh təşkilatda işləyən inspektor X8 tərəfindən saxlanmaqla, sürücü X5 barəsində 10.07.2016-cı il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə qərar qəbul edilmişdir. Həmin protokoldan narazı qalan sürücü A.Rzayev məhkəməyə şikayət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30.12.2016-cı tarixli qərarı ilə inspektorun qərarı ləğv edilmiş və qərar qanuni qüvvəsini alaraq icra olunmasından ötrü Sumqayıt şəhər DYPŞ-nə göndərilmişdir. 05.02.2017-ci il tarixdə həmin inspektor həmin maşını başqa sürücü, X6 idarə edərkən saxlamış, protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmin vaxt inspektor özünün tərtib etdiyi 10.07.2016-cı il tarixli qərarına əsasən borcun ödənməməsini əsas gətirərək avtomaşını cərimə meydançasına apararaq orada saxlamışdır. Həmin vaxt iddiaçı təşkilat tərəfindən inspektora bildirilmişdir ki, onun istinad etdiyi qərar məhkəmə qərarı ilə ləğv edilmişdir və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş, amma inspektor bu qanuni tələbə baxmayaraq, özbaşınalıq edərək avtomaşının cərimə meydançasında qalmasına nail olmuş, iddiaçı təşkilatın rəhbərliyə olan müraciətləri də nəticəsiz qalmışdır. Bundan sonra sürücü inspektorun həmin qərarından məhkəməyə şikayət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2017-ci il tarixli qərarına əsasən inspektorun həmin qərarı da ləğv edilmişdir. Cavabdeh təşkilatın bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşın qanunsuz olaraq 05.02.2017-ci il tarixdən 28.03.2017-ci il tarixədək cavabdehin cərimə meydançasında qanunsuz saxlanmış, həmin saxlanma müddətinə görə cərimə meydançasına iddiaçı tərəfindən 102 manat ödənmişdir. Bundan əlavə, inspektorun qanunsuz qərarı ilə təyin edilmiş cəriməni də ödəməyə iddiaçı məcbur edilmiş və iddiaçı 160 manat ödəniş etmişdir. Bundan əlavə, avtobusun 52 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində iddiaçıya maddi ziyan da dəymişdir. Belə ki, həmin avtomaşın hər gün iddiaçıya 90 manat plan vermiş və cavabdehin qanunsuz qərar və hərəkətləri nəticəsində iddiaçı həmin avtobusdan əldə edəcəyi 4.680 manat (52x90=4.680) gəlirdən məhrum olmuşdur. Ona görə də həmin maddi ziyanlar cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin həm qəbul etdiyi qərar, həm də hərəkətləri qanunsuz olmuş və iddiaçı maddi ziyan çəkmişdir. Belə ki, əvvəla cavabdehin istinad etdiyi qərar bundan əvvəl artıq məhkəmə tərəfindən ləğv edilmiş, inzibati xətanı sürücü törətdiyi halda, cavabdehin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus avtomaşını cərimə meydançasına yerləşdirməyə hüquqi əsası olmamışdır, əgər sürücü cəriməni ödəməyəcəkdisə, cavabdeh həmin sürücüyə qarşı ərizə ilə məhkəməyə müraciət edib müvafiq qərarlar qəbul edilməsinə nail ola bilərdi. Cavabdehin bu hərəkətləri qanunsuzluq kimi qiymətləndirilməli və bu səbəbdən iddiaçıya dəymiş maddi ziyan-4.942 manat (4.680+102+160) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçıya məxsus İsuzu Ekobus markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus marşrutda olarkən 13.02.2017-ci il tarixdə sürücü xırda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra cavabdehin inspektoru qanunsuz olaraq avtobusu marşrutdan çıxararaq cərimə meydançasına yerləşdirmişdir. İddiaçının şikayət və tələblərinə baxmayaraq cavabdeh avtobusu cərimə meydançasından buraxmamışdır. İddiaçı müvafiq orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdikdən sonra cavabdeh qanunsuz olaraq artıq iddiaçı təşkilatdan işdən çıxarılmış və həmin avtobusu idarə etməyə heç bir hüququ olmayan sürücünü şöbəyə dəvət edərək avtobusu cərimə meydançasında ona təhvil vermiş, sürücü də avtobusu iddiaçının qarajına qədər sürərək qarajın qarşısında atıb qaçmışdır. İddiaçı avtobusu qarajın qarşısında görərkən aydın olmuşdur ki, cavabdeh iddiaçının şikayətləri üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün bu hərəkətləri etmişdir. Avtobusu idarə edib qaraja salmaq istədikdə avtobus işə düşməmiş və servizə müraciət etdikdən məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Bununla əlaqədar qüsur aktı tərtib edilmiş və həmin akta əsasən mühərrikin təmir və bərpa edilməsi üçün 1713 manat xərc tələb edilir. Cavabdehin bu hərəkətlərə yol vermiş inspektorunun qanunsuz hərəkətləri barədə vermiş oduqları şikayət üzrə araşdırma aparılmış və onun əməlində qanun pozuntuları aşkar edilərək ona inzibati cəza verilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşın qanunsuz olaraq 13.02.2017-ci il tarixdən 28.02.2017-ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə iddiaçı tərəfindən dayanacağa 28 manat ödənmişdir. Ondan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşın 16 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün iddiaçıya 90 manat plan vermiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin avtomaşından əldə edəcəyi 1.440 manat (16x90=1440) xeyirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 24.10.2017-ci il tarixdə cavabdeh iddiaçıya məxsus **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı İsuzu Ekobus markalı avtobusu cərimə meydançasına qoymuş və səbəbini onunla izah etmişdir ki, həmin avtobusu idarə edən sürücü X3 10.07.2017-ci il tarixli protokol üzrə ödənilməmiş cəriməsi vardır. Sürücü isə bildirmişdir ki, onun barəsində belə bir protokol tərtib edilməmiş və ona bu protokol təqdim edilməmişdir. İddiaçı təşkilat cavabdehə bildirmişdir ki, hətta belə olsa da onların avtobusu cərimə meydançasına qoymağa hüquqi əsasları yoxdur. Lakin cavabdeh öz qanunsuz hərəkətinə son qoymamışdır. Sonradan iddiaçı bir neçə gün qəbul edilmiş protokol-qərarı tələb etsə də, cavabdeh həmin protoklu verməmişdir. Bu azmış kimi, cavabdeh avtobus cərimə meydançasında olan dövrdə həmin avtobusa ikinci qərar qəbul etmişdir. İddiaçı təşkilat hər iki qərarı əldə edib, məhkəmyə şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 09.01.2018-ci il tarixli qərarı ilə hər iki qərar qanunsuz olduğu üçün ləğv edilmişdir. 17.01.2018-ci il tarixdə iddiaçı nəhayət ki, avtobusu cərimə meydançasından çıxarmağa nail olmuşdur. Bu müddət ərzində avtobus 24.10.2017-ci il tarixdən 17.01.2018-ci il tarixə kimi, yəni 86 gün cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanmaya görə iddiaçı tərəfindən 258 manat ödənmişdir. Ondan əlavə, həmin 86 gün ərzində iddiaçı hər gün maddi ziyan çəkmişdir. Belə ki, həmin avtobus hər gün iddiaçıya 110 manat plan vermiş, 86 gün ərzində avtobusun qanunsuz olaraq cərimə meydançasında saxlanmasına görə iddiaçı 9460 manat (86x110) ziyan çəkmişdir. Bu epizodda cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 9718 manat (9460+258) ziyan dəymişdir. Cavabdehin bu hərəkətləri iddiaçı təşkilatın işgüzar nüfuzuna da xələl gətirmişdir. Belə ki, bütün şəhərdə avtobus sürücüləri arasında məlumat yayılmışdır ki, cavabdeh iddiaçıya məxsus avtobusları izləyərək qanunsuz protokol və qərarlar yazaraq sürücüləri 100 manat cərimə edir, avtomaşınları cərimə meydançasına apararaq sürücülərə pul qazanmağa imkan vermir. Bu da sürücülərin iddiaçı təşkilatdan qaçmasına, uzaqlaşmasına, iddiaçının işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olmuşdur. Həqiqətən də cavabdeh tərəfindən 5-6 qanunsuz protokol yazılaraq sürücülər haqsız yerə cərimələnmiş və onların məhkəməyə müraciətləri nəticəsində qərarlar ləğv edilmişdir. Bütün bunlar həm sübut edir ki, cavabdeh iddiaçıya qarşı qərəzli mövqe tutmuş, hərəkətlər nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan dəymiş və iddiaçı buna görə maddi zərərlərə məruz qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-19/2018 saylı, 09.01.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhəri Pİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X7 tərəfindən X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP 901599 saylı, 10.07.2017-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-20/2018 saylı, 09.01.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhəri Pİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X1 tərəfindən X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı, 08.12.2017-ci il tarixli inzibati xəta haqqında ləğv edilmiş, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 13.02.2017-ci il tarixdə 28.28 manat ödəniş edilmişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 13.02.2017-ci və 28.02.2017-ci il tarixlərdə duracaqda saxlanılmışdır. - Birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 05.02.2017-ci il tarixdə 102 manat ödəniş edilmişdir. - Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin 28.03.2017-ci il tarixli arayışından görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun saxlanma səbəbi aradan qaldırıldığından onun vətəndaş Əzimov Fərid tərəfindən mühafizə olunan duracaqdan götürülməsinə etiraz edilməmişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 05.02.2017-ci və 28.03.2017-ci il tarixlərdə duracaqda saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1661/2016 saylı, 30.12.2016-cı il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 İnzibati xəta haqqında İXP 368485 saylı qərarından barəsində inzibati qərar çıxarılan şəxs X2 verdiyi şikayətə baxılaraq, Sumqayıt Şəhər Məhkəməsinin X6 barəsində Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən qəbul edilmiş İXP 790082 saylı 05 fevral 2017-ci il tarixli inzibati xəta qərarının ləğv edilməsi və X6 barəsindəki inzibati işin icraatına xitam verilməsinə dair 28 fevral 2017-ci il tarixli qərarı X6 barəsindəki inzibati işin icraatına xitam verilməsinə dair hissəsi ləğv edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-143/2017 saylı, 11.08.2017-ci il tarixli qərarından görünür ki, X6 barəsində Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX-nin inspektoru X10 tərəfindən qəbul edilmiş İXP 790082 saylı 05.02.2017ci il tarixli inzibati qərar ləğv edilmişdir. - 05.02.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus İsuzu Ekobus markalı, **-AE-*** və **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobuslarla bağlı Sumqayıt Şəhər Polisi İdarəsinin əməkdaşları tərəfindən İXP 790082 saylı və İXP 790083 saylı protokollar tərtib olunmuş, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 13.02.2017-ci və 28.02.2017-ci il tarixlərdə və İsuzu Ekobus markalı, **- AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus 13.02.2017-ci və 28.02.2017-ci il tarixlərdə duracaqda saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 11.08.2017-ci il və 09.01.2018-ci il tarixli qərarları ilə həmin inzibati tənbeh vermə haqqında qərarları ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, maddi və işgüzar nüfuza vurulmuş ziyan tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən cavabdehdən dəymiş ziyan tələb etməsi əsassızdır. Belə ki, iddiaçı, sözügedən nəqliyyat vasitələrinə gündəlik 90 və 110 manat plan qoyulmasını bildirsə də, həmin avtobusların konkret nə qədər qazanc gətirməsini, bu gəlirin mədaxilini, o cümlədən onlardan birinin mühərrikinin xarab olmasını və bunda cavabdehin təqsirini, habelə işgüzar nüfuzuna sonuncu tərəfindən ziyan dəyməsini və bununla bağlı məbləğin formalaşmasını, eləcə də iddiasında göstərdiyi digər halları təsdiqləyən, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu xüsusatlar onun tərəfindən sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə, ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən iddiaçıya vurduğu maddi zərərə görə 17.841 manat, işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5.000 manat olmaqla, cəmi 22.841 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar