Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8770/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədova İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və maraqlı tərəf Sumqayıt şəhər 14 saylı Mənzil Kommunal Sahəsinə qarşı xalça və palazların yuyulması üçün özbaşına və qanunsuz inşa edilmiş meydançadan istifadənin qadağan edilməsi və onun sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində 17 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və maraqlı tərəf Sumqayıt şəhər 14 saylı Mənzil Kommunal Sahəsinə qarşı xalça və palazların yuyulması üçün özbaşına və qanunsuz inşa edilmiş meydançadan istifadənin qadağan edilməsi və onun sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının ona məxsus 1-ci mənzilin balkonu altında özbaşına və qanunsuz inşa edilmiş pullu xalça palaz yuyulması xidmətinin fəaliyyətinin dayandırılması, ondan istifadə olunmasının qadağan edilməsi və meydançanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onun əsaslandırmışdır ki, 6 nəfər ailə üzvləri ilə birlikdə yaşadıqları 2 otaqlı 1-ci mənzil - Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzil onun xüsusi mülkiyyətindədir. Yaşayış binasının bəzi sakinləri tərəfindən onların mənzilin həyətə tərəf olan balkonu altında özbaşına və qanunsuz olaraq betontökmə üsulu ilə meydança inşa edilmiş və gecəgündüz həmin meydançada əhaliyə pullu xalça-palaz yuyulması xidməti göstərilir. Sakinlərin mütəmadi olaraq bu özbaşına pullu xidmət növündən istifadə etməsi onların istirahətini və yaşayış hüquqularını kobud surətdə pozur. Özbaşına və qanunsuz olaraq inşa edilmiş bu meydançadan istifadənin qadağan edilməsi və onun sökülməsi barədə dəfələrlə şifahi və yazılı surətdə aidiyyəti orqanlara müraciət etmiş, lakin faktla bağlı heç bir tədbir görülməmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 1986-cı ildən həmin binada və həmin mənzildə yaşayır. Qeyd edilən tikilini qonşular onun razılığını almadan etmişdirlər. Yay aylarında gün ərzində həmin tikilidə xalçalar yuyulur və nəticədə səs-küydən evdə oturmaq mümkün olmur. Bəzi günlər səhər saat 06:00-dan xalça–palaz yumağa başlayırlar. Bu isə onun və ailə üzvlərinin, o cümlədən körpə nəvələrinin rahat yatmasına, istirahətinə mane olur. Hətta digər binalarda yaşayan qonşular da xalçaların yuyulması üçün buraya gəlirlər. Tikilinin dəmir boruları onun eyvanına birləşdirilib. Pəncərəni açdıqları zaman yun və yuyucu tozun qoxusundan mənzilində oturmaq mümkün deyil. O, dəfələrlə sözügedən tikilini öz vəsaiti hesabına sökməyi və başqa ərazidə tikməyi qonşulara təklif etsə də, nəticəsi olmamışdır. Bu meydançanı düzəldən şəxslər razılıq verməmişdir. Həmçinin o, məsələ ilə əlaqədar Mənzil Kommunal Sahəsinə də müraciət etmiş, lakin müsbət rəy almamışdır. Bu səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbi ilə bağlı bildirdi ki, iddiaçı məsələ ilə əlaqdar Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət etmişdir. Hətaa onun yanında da olmuşdur. Bununla əlaqədar tərəflərin münasibəti öyrənilmiş, lakin heç bir nəticə əldə olunmamış, qonşular meydançanın sökülməsinə razılıq verməmişdir. Əlavə olaraq qeyd etdi ki, qonşuların deməsinə görə sözügedən tikili iddiaçı hələ o, mənzilə köçməmişdən əvvəl mövcud olmuşdur. Bundan başqa nümayəndə bildirdi ki, sözügedən meydançanın tikilməsi üçün İcra Hakimiyyətindən hər hansı icazə alınmamışdır, tikili özbaşına inşa edilmişdir. Nümayəndə qeyd etdiklərinə əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəf Sumqayıt şəhər 14 saylı Mənzil Kommunal Sahəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73A xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 31.08.2006-cı il tarixdə qeydə alınmışdır. İddiaçı xx.xx.1960-cı ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən) İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 3/7, mənzil 4-də yerləşən qanunsuz tikilinin sökülməsi barədə ərizələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona cavab olaraq Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16.11.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı İstehsalat Birliyinə müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, xalça-palazların yuyulması üçün meydança binada yaşayan sakinlərin razılığı əsasında düzəldilmişdir. Həmin yerin sökülməsinə yaşayışçılar etirazlarını bildirmişlər. Yaşayışçılar həmin yerdən çox səliqəli istifadə etdiklərini, heç bir səs-küyün olmadığını, sanitar qaydalara tam şəkildə əməl etdiklərini, sudan istifadə haqqını vaxtında ödədiklərini bildirmişlər. Məhkəmənin 10 dekabr 2021-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının 1 saylı mənzilinin balkonunun altında, həmin mənzilin çöl divarına bitişik şəkildə (təxminən 3 x 6 metr ölçüsündə) xalça-palazların yuyulması üçün meydança tikilmişdir (şəkil 1). Həmin meydança dəmir turbalarla əhatələnmişdir (şəkil 2). Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının yerləşdiyi həyətdə hər hansı binaya və ya mənzilə bitişdirmədən, o cümlədən maşınların hərəkətinə mane olmadan xalça-palazların yuyulması üçün meydança tikilməsi üçün kifayət qədər boş ərazi var (şəkil 3, 4). Bundan başqa Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73, 73A və digər nömrəli yaşayış binalarının yerləşdiyi həyətdə mübahisələndirilən meydançadan təxminən 100 metr məsafədə xalçapalazların yuyulması üçün baş bir meydança (şəkil 5, 6) və yenə həmin həyətdə mübahisələndirilən meydançadan təxminən 200 metr məsafədə eyni məqsədlərlə tikilmiş daha bir meydança (şəkil 7, 8) var. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən qanunsuz tikilinin sökülməsini deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən qanunsuz tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı iddiasında iddia tələbinin əsası kimi xalça-palazların yuyulması üçün meydançada xalçaları (döşək, yun və s.) yuyarkən orada səhər saatlarından axşam saatlarınadək insanların səsinin yaşamağı dözülməz hala gətirib çıxarması, eyni zamanda yunun iyisindən pəncərələri aça bilməməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsaslıdır. Belə ki, xalça (döşək, yun və s.) yuyarkən səs-küy (təzyiqli su şırnağının yaratdığı səs, ora gələn insanların yaratdığı səs və s.) və çirkli tullantılar (xalça və yunun yuyulması nəticəsində yaranan çirkab su, xalçaların yuyulması üçün istifadə olunan kimyəvi tərkibli təmizləyici vasitələrin suyun və küləyin təsirindən havaya qalxması və s.) yaranır. Xüsusilə yay vaxtlarında mənzillərin pəncərələrinin əsasən açıq olduğu nəzərə alındıqda, bu səs-küy və çirkli tullantılar yaxınlıqdakı mənzillərdə yaşayan insanları daha çox narahat edir. Hazırki halda xalça-palazların yuyulması üçün istifadə olunan meydança nəinki iddiaçının mənzilinə yaxındır, hətta ona bitişikdir. Mülki Məcəllənin 170-ci maddəsində qonşu daşınmaz əmlak mülkiyyətçilərinin vəzifələri müəyyən olunub. 170.2-ci maddədə qeyd olunub: “...Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır” Bu səbəbdən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının iddiaçıya məxsus 1 saylı mənzilinin balkonu altında özbaşına inşa edilmiş xalça-palazların yuyulması üçün meydançanın istifadəsi iddiaçının hüquqlarına və qanunla qorunan mənafeyinə təsir edir, iddiaçının mülkiyyət, istirahət və digər hüquqlarını pozur. Göstərilənlərə əsasən, iddia təmin edilməli, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının İddiaçı məxsus 1 saylı mənzilinin balkonu altında özbaşına inşa edilmiş xalça palaz yuyulması fəaliyyəti dayandırılmalı və ondan istifadə olunması qadağan edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən mübahisəli ərazinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, (şəkil 5, 6, 7, 8) həmin ünvanda başqa mənzillərə bitişdirilmədən, hər hansı mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmadan xalça-palazların yuyulması üçün bir neçə meydança tikilmişdir. Eyni zamanda yaşayış binasının yerləşdiyi həyətdə hər hansı binaya və ya mənzilə bitişdirmədən, o cümlədən maşınların hərəkətinə mane olmadan xalça-palazların yuyulması üçün meydança tikilməsi üçün kifayət qədər boş ərazi var (şəkil 3, 4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının İddiaçı məxsus 1 saylı mənzilinin balkonu altında özbaşına inşa edilmiş xalça-palaz yuyulması üçün istifadə olunan meydançanın sökülməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73A saylı yaşayış binasının İddiaçı məxsus 1 saylı mənzilinin balkonu altında özbaşına inşa edilmiş xalça-palaz yuyulması fəaliyyəti dayandırılsın, xalça-palaz yuyulması üçün meydançadan istifadə olunması qadağan edilsin və həmin meydança sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8770/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8770/2021
17.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver