Məhkəmə qərarları › İş №2(060)-92/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-92/2022

06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-92/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat və iddia ərizəsinə əlavə edilmiş 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumu və 5,40 (beş manat qırx qəpik) manat şəxsiyyət vəsiqəsinin təsdiqi üçün çəkilən xərcin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş divizyon komandiri olmuş Sumqayıt şəhər sakini Vaqif Abdiyev, Sumqayıt şəhər sakini Cavabdehlə birlikdə iddiaçının oğlu ilə görüşmüş, güzəştli ipoteka yolu ilə mənzil alması üçün əvvəlcə 10000 manat, sonradan Vaqifin ehtiyyatda olan zabit kimi hörmət etməsi zəminində 8000 manat pul istəmişlər. İddiaçının oğlu beh kimi baş leytenant X3 və kapitan X1 şahidliyi ilə Vaqif Abdiyeva iddiaçıya məxsus 1000 manat pul vermiş və söyləmişdir ki, işə başlayanda 7000 manat pulu da verər. Qalan pulu yəni 7000 manatı Cavabdeh iddiaçının Azərbaycan Nəşriyyatındakı iş otağında öz əlyazması ilə qəbz verərək almışdır. Bu minvalla da Vaqif Abdiyev ilə Cavabdeh ümumilikdə İddiaçı 8000 manat pul almışdır. Sonra isə dələduzluq hərəkəti edərək pulları mənimsəmişlər. İddiaçının oğlu bununla bağlı Yasamal rayon polis şöbəsinə müraciət etmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru X2 İddiaçı ərizəsi əsasında 18.09.2019-cu il tarixdə 1 saylı HK-da 1510 sıra sayı ilə qeydiyyata alınmış materialda çıxartdığı 04.05.2020-ci il tarixli qərarın qanunsuz hesab edir. Belə ki, qərarda göstərildiyi kimi toplanmış materiallar iki dəfə təkrarən Yasamal Rayon Prokurorluğuna göndərilsə də prokurorun köməkçisi Azad Əliyev heç bir araşdırma aparmadan PB-nə qaytarılmışdır. Bununla da təhqiqatçı Kamil Rahmanov məcbur olub bu işin mülki məsələ kimi qələmə verməklə Cavabdeh və Vaqif Abdiyevin əlbir olaraq törətdikləri cinayət əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında tələbi müdafiə etdi. Bildirdi ki, iddiaçı oğlunu evləndirmək üçün ev almaq istəmiş, bu məqsədlə onlara ipoteka götürmək lazım olmuşdur. Oğlunun keçmiş divizyon komandiri olmuş Sumqayıt şəhər sakini Vaqif Abdiyev bu məsələ ilə əlaqədar onları Sumqayıt şəhər sakini Cavabdehlə tanış etmişdir. Sabir onlara bildirmişdir ki, güzəştli ipotekanın alınmasında köməklik edə bilər. Bunun üçün Sabir onlardan 10000 manat, sonradan Vaqifə ehtiyatda olan zabit kimi hörmət etməsi zəminində 8000 manat pul istəmişdir. İddiaçının oğlu qeyd edilən məsələ ilə əlaqədar beh kimi Sabir gilə 1000 manat vermişdir. Qalan 7000 manatı da, Cavabdeh iddiaçının Azərbaycan Nəşriyyatındakı iş otağında öz əlyazması ilə qəbz verərək almışdır. 2018-ci il may ayında iddiaçının oğlu asan imza açdırmış, kodu cavabdehə vermişdir. Bundan sonra cavabdeh dediyinə görə asan imza vasitəsi ilə müəyyən işlər aparmış, lakin mənzilin tapılması ləngimişdir. Cavabdeh mənzilə dair ilkin ödənişin məbləğini 10000 manatdan atrıq olmayacağına söz versədə, sözünə əməl etməmiş və nəticədə tapdıqları mənzilə ilkin ödəniş cavabdehin dediyindən bir neçə dəfə artıq olmuşdur ki, buna görə də, iddiaçının oğlu avtomobilini satmış və yenədə vəsait çatmadığı üçün gələcək arvadının qohumlarındanda borc almışdır. İddiaçının oğluna güzəştli ipoteka verilsədə, cavabdeh söz verdiyi kimi ilkin ödəniş 10000 manat civarında yox qat qat çox olmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onların ödədiyi vəsaiti əsassız olaraq almış və mənimsəmişdir. Bununla bağlı Bakı şəhər Yasamal rayon Polis Şöbəsinə müraciət edilmişdir. Yasamal Rayon Polis İdarəsi tərəfindən 04.05.2020-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” barədə qərar çıxarılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək, iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçı oğluna ipoteka ilə ev almaq istəmişdir. O, iddiaçı ilə Vaqif Abdiyev adlı şəxsin vasitəçiliyi ilə görüşmüş, danışmışlar. Bundan sonra iddiaçının oğlu onlara 1000 manat ilkin zəhmət haqqı vemiş, sonra isə iddiaçı özü ona 7000 manat əlavə olaraq vermişdir, bu zaman iddiaçı ilə aralarında yazılı qəbz tərtib edərək imzalamışlar. Həmin qəbzə əsasən o, iddiaçının oğlu Orxan Aydınlıya güzəştli ipoteka predmetinin həll edilməsinə kömək etmək öhdəliyi götürmüşdür. Bunun müqabilində o, iddiaçının oğluna güzəştli ipoteka alınmasında köməklik etmişdir. Belə ki, iddiaçı ilə danışıqları ondan ibarət olmuşdur ki, o, iddiaçının oğluna güzəştli ipoteka ayrılmasında köməklik edəcəkdir. İddiaçının oğlu özünə asan imza açrıdıb ona vermiş, oda, iddiaçının oğlunun adından lazım olan prosedurları edərək, güzəştli ipoteka verilməsinə köməklik etmişdir. İddiaçı və iddiaçının oğlu qarşısında görütüdüyü öhdəliyi tam olaraq yerinə yetirmişdir. Sənədləri yığmış, evin alınmasında onları müşayidə etmişdir. Mənzilin ilkin ödənişinin hansı məbləğdə olacağına dair heç bir vəd verməmiş və verədə bilməzidr, çünki həmin ilkin ödəniş iddiaçı və oğlu tərəfindən alınacaq evin dəyərindən asılı olan bir məbləğdir. İpoteka ayrılıb mənzil alındıqdan bir neçə aydan sonra Polis şəbəsindən ona zəng edərək hazırki iddiaçının ondan şikayətçi olduğunu bildirmişlər. Polisdə araşdırma aparılmış və onun heç bir təqsiri olmadığı müəyyən edilmişdir. Hazırki iddianı qəbul etmir, üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirdiyi üçün iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının oğlu X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Cavabdehlə münasibətləri hazırda pisdir. Cavabdehlə əvvəl tanışlıqları olmamış, keçmiş xidmət yoldaşı Abdiyev Vaqif onları tanış etmişdir. Cavabdeh onlardan əvvəlcə 1000 manat, daha sonra 7000 manat olmaqla cəmi 8000 manat məbləğində pul almışdır, bunu müqabilində 10000 manatdan artıq ilkin ödəniş olmamaq şərti ilə, ona güzəştli ipoteka ayrılmasına köməklik edəcəyini bildirmişdir. O, asan imza açdırmış və imzanı cavabdehə vermişdir cavabdeh dediyi vədlərə əməl etməmiş, məsələni xeyli müdət uzatdıqdan sonra, o, tapdığı məzilə ipoteka ayrılmışdır, lakin cavabehin verdiyi vədə zidd olaraq ilkin ödəniş dəyəri 10000 manat yox bir nəçə dəfə çox olmuşdur. Bununla əlaqədar o, avtomoblini satmış və yenədə vəsait çatmadığı üçün qohumlarından borc almışdır. Hesab edir ki, ipoteka ayrılmasına baxmayaraq, cavabdeh onlara heç bir köməklik etməmiş və aldığı pulu mənimsəmişdir. Cavabdehlə aralarında olan danışıqları elektron daşıyıcıya qeyd etmişdir. Həmin danışıqlarda cavabdeh onlardan aldığı vəsaiti kiməsə verdiyini bildirir və onlar polisə şikayət etdikdən sonra cavabdeh onun atasının yanına gələrək məsələni həll edəcəyini bildirsədə, onların pulunu qaytarmamşdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehi dinləyib, şahid ifadəsini, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, işin materiallarında olan : - 01 oktyabr 2018-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh oğlu İddiaçı 7000 manat məbləğində pul almışdır. - 04.05.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, tərəflər arasında yaranmış mübahisə mülki mübahisə olduğundan İddiaçı pulunun Cavabdeh alması üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş diskdən görünür ki, diskdə 07 ədəd audio yazı mövcuddur, tərəflərin etiraf etdiyi kimi, həmin audio yazılar iddiaçı-cavabdeh, iddiaçının oğlu-cavabdeh və iddiaçın oğlu ilə Vaqif adlı şəxs arasında olan telefon danışıqlarının audio yazısıdır. 1-ci yazıdan müəyyən edilir ki, iddiaçı ilə cavabadeh danışır, ipoteka üçün nəzərdə tutulmuş ilkin ödəniş iddiaçını qane etmir, həmin məbləğdə ilkin ödənişin tapılmasında iddiaçı çətinlik çəkir, cavabdeh digər şəxslərədə kredit ayrılmasında köməklik edir. 2-ci yazıdan müəyyən edilir ki, ipoteka predmeti olan mənzilin tapılması ləngiyir, iddiaçı işlərin lazımi qaydada aparılmamasından narazıdır, cavabdeh qeyd edir ki, verdiyi vədlərə əməl edib, evi isə birlikdə tapmağa kömək edə bilər. 3-cü yazıdan müəyyən edilir ki, iddiaçı tapdığı mənzil ipoteka şərtlərinə uyğun deyil, iddiaçı bildirir ki, iş düzgün aparılmır, onun verdiyi vəsaitdən lazımi şəxslərə verilsə idi, iş belə getməzdir. 4-cü yazıdan müəyyən edilir ki, cavabdeh iddiaçıdan xahiş edir ki, sonuncunun oğlunun adına olan asan imza və pinkodu tez bir zamanda ona verilsin. 5-ci yazıdan müəyyən edliri ki, iddiaçının oğlu cavabdehə deyir ki, aldığı pulu qaytarsın, cavabdeh isə 500 manat qaytara biləcəyini qeyd edir və bunu o zaman edəcək ki, Vaqifdə 500 manat qaytarsın. 6-cı yazıdan müəyyən edilir ki, iddiaçının oğlu cavabdehə bildirir ki, bu məsələni belə qoymayacaq, polisdə iş bağlansa da, belə prokurorluqa şikayət edəcək, cavabdeh isə qeyd edir ki, işi tam olaraq görübdür, əgər Vaqif razı olsa 500 manat qaytarar, Vaqifdə razı deyil, ona görədə heç bir pul qaytarmaq fikrində deyil. Cavabdeh qeyd edir ki, heç kimi aldatmayıb və heç kimədə heçhə qaytarmayacaq. İddiaçının oğlu cavabdehə deyir ki, onları rahat yaşamaqa qoymayacayaq pulu qaytarmasalar. Cavabdeh qeyd edir ki, onları aldatmayıb işi tam olaraq görüb. 7-ci yazıdan müəyyən edlirik, iddiaçının oğlu Vaqif adlı şəxslə danışır, ondan pulu geri istəyir, Vaqif adlı şəxs isə heç kimdən pul almadığını qeyd edir. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 781 Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Sübutların toplanması məhkəmələrin yox, tərəflərin (iddiaçının, cavabdehin və s.) üzərinə qoyulmuşdur. MPM-nin 77.1-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsi sübutetmə vəzifəsinin bölgüsünün ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin məvcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulması və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı, oğlu Orxan Aydınlıya güzəştli ipoteka krediti ayrılmasında köməklik edilməsi üçün Vaqif Abdıyev adlı şəxs vasitəsi ilə Cavabdeh ilə əlaqə yaradaraq, qarşılıqlı razılıq əsasında ilkin olaraq sonuncuya 1000 manat, sonra isə 7000 manat pul verərək oğluna ipoteka ayrılmasında köməklik etməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2018-ci i tarixli yazılı razılaşma tərtib edilərək imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh iddiaçının oğlu Orxan Aydınlıya güzəştli ipotekanının verilməsinin həll olunması üçün ilkin öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüş, iddiaçı isə bunun müqabilində ona 7000 manat pul vermiş, kreditin ayrılmadığı halda cavabdeh 7000 manatın qaytarılmasına zəmanət vermişdir. Bundan sonra iddiaçının oğlu Orxan Aydınlının adına rəsmiləşdirilmiş asan imza və həmin imzaya dair pin kod şifrələri cavabdehə təqdim edilmişdir. Cavabdeh asan imza vasitəsi ilə iddiaçının oğlunun adından müvafiq qeydiyyatlar apararaq, ona ipoteka kreditnin ayrılmasında köməklik etmiş və müvafiq kredit ayrılmışdır. Ayrılmış kreditin şərtləri iddiaçını qane etməsədə, buna baxmayaraq onun oğlu kredit şərtlərini qəbul etmiş və müvafiq ipoteka krediti rəsmiləşdirilmişdir. Kreditin iddiaçının qane etməyən tərəfi, alınmış ipoteka predmetinin ilkin ödəniş dəyərinin yuxarı olması olmuşdur. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş 01 oktyabr 2018-ci i tarixli yazılı razılaşmada, cavabdeh yalnız güzəştli ipotekanın ayrılmasında köməklik edəcəyi öhdəliyini götürmüş, ipoteka predmetinin ilkin ödəniş şərtləri və həcminə dair heç bir öhdəliyi mövcud olmamışdır. İddiaçının oğluna güzəştli ipoteka krediti ayrılmış, bu hal iddiaçının, cavabdehin və iddiaçının oğlunun izahatları ilə öz təsdiqini tapır. Odur ki, iddiaçının cavabdehdən 8000 manat pul vəsaitini tələb etməsi barədə iddiası əsassızdır. Məhkəmə iddiaçının tələb etdiyi məhkəməyə müraciət edilməsi ilə bağlı ödədiyi 30,40 manat dövlət rüsumunun və 5,40 manat şəxsiyyət vəsiqəsinin təsdiqi üçün çəkdiyi xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələblər birbaşa əsas tələblə bağlı olduğundan və əsas tələb təmin edilmədiyindən həmin tələblər də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 8000 (səkkiz min) manat və iddia ərizəsinə əlavə edilmiş 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumu və 5,40 (beş manat qırx qəpik) manat şəxsiyyət vəsiqəsinin təsdiqi üçün çəkilən xərcin alınıb iddiaçıya verilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3- cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh 8000 (səkkiz min) manat və iddia ərizəsinə əlavə edilmiş 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumunun və 5,40 (beş manat qırx qəpik) manat şəxsiyyət vəsiqəsinin təsdiqi üçün çəkilən xərcin alınıb ona verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar