Məhkəmə qərarları › İş №2(060)-926/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-926/2022

13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-926/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəymiş maddi ziyanın əvəzi olaraq 18010,70 manat pulun, mənəvi ziyana görə 10000 manat təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11 ədəd 3 metrlik 50-lik boruların cəmi dəyəri 247 manat 50 qəpik, 61 metr armaturun (l metr-70 qəpik) -42 manat 70 qəpik, 16 ədəd dəmir şiferlərin (biri 15 manat) cəmi 240 manat, 4 ədəd 4 metrlik lıst dəmirlər (biri 30 manatdan)-120 manat, 14 ədəd azbes şiferlər (hər biri 9 manatdan) 126 manat, 1 kub beton çınqıl-16 manat, 11 ədəd sement (biri 6 manat 50 qəp) -71 manat 50 qəpik, 1,5 kub taxta (1 kub-400 manat)- 600 manat, 1 ədəd toyuq hininin (220 kubik)-99 manat, 1 kub qum-18 manat, izolyasiya tolunun 8 kv.m(l kv.m-25 manat)-200 manat, 11 ədəd dik - taxta 10-luq (l ədəd 30 manat)-330 manat, fəhləyə verilən pul-400 manat, 7 ədəd ağaca görə 1200 manat və mənəvi ziyana görə 10000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi, cavabdehlər tərəfindən zəbt edilmiş ona məxsus 0,5 sot torpaq sahəsinin boşaldılması, həmin sahədə tikilmiş hasarın sökülməsi və bu sahənin əvvəlki vəziyyətə qaytarılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər onun qonşuları olmaqla bir ailənin üzvləridirlər. O, 2006-cı ildə cavabdehlərdən Cavabdeh2 qeyd edilən ərazidən 800 ABŞ dolları məbləğində pul ödəməklə 1,5 sot ölçüdə torpaq sahəsi almış və həmin sahədə fərdi yaşayış evi tikərək 2008-ci ildən ailə üzvlərilə yaşayır. Bir müddət mehriban qonşuluq münasibətlərində olsalar da, təxminən 2016-cı ildən cavabdehlər ona və ailə üzvlərinə bu ərazidə normal yaşamağa imkan verməmiş, dəfələrlə ictimai qaydaları kobud surətdə pozmuş və bununla bağlı onların barəsində inzibati cəza tədbirləri tətbiq olunsa da öz vərdişlərindən əl çəkməmiş, hətta onun vəsaitilə tikilmiş tikiliyə də qanunsuz müdaxilə etmişlər. Belə ki, bu şəxslərin qanunsuz və özbaşına hərəkətləri nəticəsində 22.06.2021-ci il tarixdə onun vəsaitilə tikilmiş dəmir hasar bütünlüklə sökülmüş, daş hasar, toyuq hini olan sahəni isə bütünlüklə zəbt edərək mənimsəmişlər və nəticədə ona aşağıda göstərilən məbləğlərdə maddi ziyan dəymişdir: 11 ədəd 3 metrlik 50-lik borular- cəmi 247 manat 50 qəpik, 61 metr armatur (l metr-70 qəpik) -42 manat 70 qəpik, 16 ədəd dəmir şiferlər (biri 15 manat), 4 ədəd 4 metrlik list dəmirlər (biri 30 manatdan)-120 manat, 14 ədəd azbes şiferlər (hər biri 9 manatdan) 126 manat, 1 kub beton çınqıl-16 manat, 11 ədəd sement işlənib (biri 6 manat 50 qəp) -71 manat 50 qəpik, 1,5 kub taxta (1 kub-400 manat)- 600 manat, 1 ədəd toyuq hini (220 kubik)-99 manat, 1 kub qum-18 manat, izolyasiya tolu 8 kv.m.(l kv.m-25 manat)-200 manat, 11 ədəd dik - taxta 10-luq (l ədəd 30 manat)-330 manat, fəhləyə verilən pul-400 manat, həmin ərazidə əkilmiş 7 ədəd bar verən ağaclar (1 ədəd nar, l ədəd heyva, 1 ədəd əncil və 1 ədəd limon ağacı)-1400 manat. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurmaları onda olan çəkilişlərlə də təsdiq olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, torpağa aid heç bir sənədi yoxdur, amma qaz, su, işıq onun adınadır, kommunal ödənişləri o, etmişdir. Tələbdə qeyd etdiyi materiallar dəmir hasarın quraşdırılması və toyuq hininin tikilməsində istifadə olunub. Hasar 2007-ci ildə quraşdırılaraq, həmin vaxtdan istifadədə idi. Hasarı sökdükdən sonra materiallar cavabdeh tərəfdə qalıb, heç biri ona geri qaytarılmamışdır. Cavabdeh ilə barışığa cəhd etsə də, aralarında heç bir razılıq olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddianı qəbul etmir. O, İddiaçı ev tikib yaşaması üçün 0,5 sot torpaq sahəsi vermişdir. Bir müddət sonra sözügedən torpaq sahəsində iddiaçı ev tikdi. Sonradan iddiaçının atası ondan yenidən müvəqqəti olaraq yol üçün torpaq sahəsi istədi, o da razılaşaraq torpaq sahəsi verdi. Lakin iddiaçı sonradan onlara aid hissəyə müdaxilə edib. İddiaçının qeyd etdiyi dəmir hasarı onlar söküb, lakin tələb olunan boruların hər biri ona məxsusdur. Hasar kimi quraşdırılmış mübahisə predmetinə daxil olan dəmirlər də hal-hazırda onların həyətindədir. Şəkildə və videoda göstərilən hər bir material həyətdədir, iddiaçı tərəfindən gəlib götürülməsinə etiraz etmir. Eləcə də toyuq hinini də iddiaçı söküb materiallarını götürə bilər. Torpaq sahəsi isə ona məxsusdur. Cavabdeh həmçinin bildirdi ki, həmin torpaq sahəsi zəbt olunmuş sahədir, heç bir sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul etmir. İddiaçı ilə 5 ildən çoxdur ki, aralarında mübahisə vardır. Mübahisənin başlıca səbəbi iddiaçının onlara kanalizasiya xəttinin çəkilməsi üçün yol verməməsi idi. O, iddiaçı tərəfə cəmi 0.5 sot torpaq sahəsini ev tikməkləri məqsədilə vermişdir. Amma iddiaçı 0,5 sot həddini aşaraq onlara məxsus daha çox torpağı zəbt etmişdir. Torpaq sahəsi onlara məxsus olduğu üçün həmin yerdə olan dəmir hasarı söküb yerində daş hasar tikmişlər. Sökülmüş materiallar onların həyətyanı sahəsindədir. İddiaçı gəlib götürməsini təklif etsələr də götürməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən digər Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslındırır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə olunduğunu iddia edir və torpaq sahəsinin geri qaytarılmasını, həmçinin cavabdehlər tərəfindən ona məxsus əmlaka vurulmuş maddi zərərin və ona dəymiş mənəvi zərərin əvəzini tələb edir. Göründüyü kimi hazırki mübahisə üzrə tələblərdən bir hissəsinin obyekti qismində torpaq sahəsi və onun üzərində hüquqlar, fiziki şəxslər olan tərəflər arasında torpağa sahiblik, torpaqdan istifadə ilə bağlı münasibətlər çıxış edir. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Torpaq Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 238.1 daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 241.2 Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Torpaq Məcəlləsinin: 4-cü maddəyə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 5-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 68-ci maddəyə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 80-ci maddəyə əsasən torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır. 111-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdehlər tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir. Bundan başqa, məhkəmə maddi və mənəvi zərərin ödənilməsi hissədə də iddianı əsassız hesab edir. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, maddi zərərin əvəzi olaraq pul tələbi hissədə iddiaçı zərərin məbləğini və həcmini təsdiq edən heç bir mötəbər sübut məhkəmə təqdim etməmişdir. Eləcə də məhkəmə baxışı zamanı, 07 aprel 2022-ci il tarixdə saat 11 radələrində tərəflərin yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 3-cü məhəllədə yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə yerli müayinə keçirilmiş, yerli müyainə tərəflərin göstərdiyi mübahisə predmeti olan sahəyə vizual baxış keçirməklə yerinə yetirilmişdir. Baxış zamanı mübahisə predmeti olan ərazidə dəmir hasarın söküldüyü, mubahisə predmeti olan materiallardan ərazidə 15 ədəd dəmir listin, 4 ədədi sınıq olmaqla 7 ədəd şiferin, taxta parçalarının, dəmir turbaların olduğu, eləcə də həmin materialların yararsız, paslanmış vəziyyətdə olduğu müəyyən edildi. Yerli müayinə zamanı iddiaçı həmin hasarın 2007-ci ildə quraşdırıldığını, cavabdeh tərəf turbaların onlara məxsus olduğunu bildirdi. Məhkəmə qeyd edir ki, yerli müayinə zamanı müəyyən edilmiş materialların 2007-ci ildən istifadədə olmaqla paslanmış, yararsız hala düşməsi həmin materialların qiymətləndirilməsini mümkünsüz edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar