Məhkəmə qərarları › İş №2(060)-933/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-933/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-933/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “pul və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6360 manat borcun, 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, məhkəmə iclasında iddiaçı cavabdehin soyadının iddia ərizəsində yanlış qeyd edildiyini bildirdi, «Abdullayev» soyadının «Abdulkərimov» oxunmasını xahiş etdi. Məhkəmə iclasıda iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə qonşusu Muradov Rəşad vasitəsi ilə tanış olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə cavabdeh ona müraciət edərək yol-nəqliyyat hadisəsi törətdiyini və ona təcili pul lazım olduğunu bildirmişdir. Həmin gün cavabdehə 1500 manat məbləğində pul vermişdir. xx.xx.2019-cu il tarixdə təkrarən ona müraciət edərək təmirə pulu çatmadığını, daha 380 manat pul lazım olduğunu, atomaşını təmir etdirib satandan sonra borcunu ödəyəcəyini bildirmiş, o da cavabdehə 380 manat vermişdir. Həmin gün cavabdeh ondan əlavə olaraq 360 manat da pul almışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh avtomaşının cəriməsini ödəmək üçün ona 320 manat pul lazım olduğunu bildirmiş və o, həmin pul məbləğini cavabdehə vermişdir. Cavabdeh daha sonra xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 2200 manat və xx.xx.2019-cu il tarixdə 1100 manat ondan borca pul almışdır. Ümumilikdə cavabdeh ondan 6360 manat məbləğində pul almış və həmin pulların alınması barədə yazılı iltizam vermişdir. Cavabdeh onun inam və etibarını qazanmaq üçün özünə məxsus bir neçə sənədi girov qoymuş, aldığı pullarla bağlı özü yazılı qəbz vermiş, lakin sonra guya bankdan kredit götürəcəyini bildirməklə sənədləri ondan almış və pulu qaytarmamış, onu ağır vəziyyətə salmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Pula ehtiyacı olduğundan İddiaçı cəmi ayrı-ayrı vaxtlarda olmaqla 1100 manat faizlə pul götürmüşdür. İndiyə qədər 220 manat faiz pul ödəmişdir. İddia edilən məbləğlə razı deyil, əsas borcu 1100 manatdır, faiz borcunu isə ödəmişdir. İş materiallarına əlavə edilmiş pulun götürülməsi ilə bağlı qəbzlərdəki imzalar ona məxsusdur, lakin orada göstərilən məbləğlər doğru deyil, belə ki, iddiaçı faizləri də əsas borcun üzərinə gələrək ümumilikdə götürülmüş borc kimi göstərmişdir, o da məcbur olub imzalamışdır. Lakin sonra faizləri ödəmiş və cəmi 1100 manat borcu qalmışdır. O, həkim işləyir, imkanı olduqca borcu ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarından olan: xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı 3 ay müddətinə qaytarmaq şərti ilə 1500 manat borc pul almışdır. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı 1 ay müddətinə qaytarmaq şərti ilə 380 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı 4 ay müddətinə qaytarmaq şərti ilə 360 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı 3 ay müddətinə qaytarmaq şərti ilə 320 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı 3 ay müddətinə qaytarmaq şərti ilə 500 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2020-ci il tarixə qaytarmaq şərti ilə 2200 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2020-ci il tarixə qaytarmaq şərti ilə 1100 manat borc götürmüşdür. Göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İş üzrə mübahisə edilən hal borcun məbləği və həmin borc məbləğinin qaytarılması ilə bağlıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21-ci fəslində təsbit olunmuş «Öhdəliklərin icrası» və «Borc» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 6360 manat borc verildiyini, cavabdehin həmin məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzlərə istinad edir. Məhkəmə iclasında cavabdeh həmin qəbzlərin onun tərəfindən icra edildiyini etiraf etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin qəbzləri sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən 6360 manat İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin iddiaya etirazına gəlincə hesab edir ki, cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda götürdüyü borcu qaytarmasına dair, həmçinin iddia edilən məbləğdə borc götürməməsinə dair göstərdikləri yalnız onun özünün şifahi bildirdiklərindən ibarət olmaqla, hər hansı mötəbər sübuta əsaslanmır və cavabdeh etirazını əsaslandığı hallara dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı tələb irəli sürsə də bu tələbini məhkəmədə əsaslandıra bilmədi, mənəvi zərərin nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 13,50 manatı iddiaçıya aid edilməli, qalan 16,50 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6360 (altı min üç yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16,50 (on altı manat əlli qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar