Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-960/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 521,27 manat məbləğində sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxx» ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC tərəfindən 21 may 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış ** DG *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı avtonəqliyyat vasitəsi 06.01.2019-cu il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi «Volkswagen Polo» markalı, H029585 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Xəzər DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 521,27 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. 25.02.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 hadisə zamanı orda olmadığını, Cavabdeh2 etibarnamə verdiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehinlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 18.04.2019-cu il tarixli sığorta aktından görünür ki, Cavabdeh1 adına olan «VAZ- 21154» markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil 21.05.2018-ci il tarixindən 21.05.2019-cu ilə kimi ilə «xxxx» ASC-də sığortalanmış və 06.01.2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 mülkiyyətində olmuş «Volkswagen Polo» markalı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 521,27 manat ödəniş edilmişdir. - Sığorta aktından görünür ki, «Volkswagen Polo» markalı markalı, H029585 dövlət qeydiyyat nişanlı avtomobilə 621,27 manat ziyan dəymişdir. - 20.02.2017-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 «VAZ- 21154» markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh2 etibar etmişdir. - 08.01.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 20 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış ** DG *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı avtonəqliyyat vasitəsi 06.01.2019-cu il tarixdə Bakı şəhərinin ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən X3 məxsus H029585 dövlət qeydiyyat nişanlı, «Volkswagen Polo» markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 521,27 manat zərər X3 ödənilmişdir. Cavabdeh2 Cavabdeh2 dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh2 hüququ olmadan avtomobili idarə etməsinə dair gətirdiyi arqumenti məhkəmə əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 avtomobili 20.02.2017-cı il tarixli etibarnamə əsasında idarə etmişdir. Sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi iş materialların və iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunmur. Belə olan halda iddiaçının subroqasiya hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı olan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 521,27 manat məbləğində sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxx» ASC-nin xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-960/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-960/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver