Məhkəmə qərarları › İş №2(060)-969/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-969/2022

15.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-969/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı müvafiq qərarda müəyyən olunmuş sayda ev heyvanı saxlamaq vəzifəsinin qoyulması tələbinə dair mülki işə 15 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında ev heyvanları saxlamaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na müvafiq olaraq ünvan 2 ünvanında yaşayan Cavabdeh üzərinə həmin Qaydaların 2.1-ci bəndində göstərilən say həddində ev heyvanı saxlanılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru R.Ə.Abdullayev Sumqayıt şəhər İH-nin İnzibati komissiyasına 12.11.2021-ci il tarixli 04/1082 nömrəli təqdimat göndərərək bildirmişdir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 29 nömrəli çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaş Cavabdeh yaşadığı 64-cü mənzildə 3 (üç) it saxlaması faktı aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ev heyvanlarının saxlanma şərtlərinə aid olan baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmaqla çoxmərtəbəli binanın ayrıca mənzillərində yaşayan müxtəlif yaş qruplarına (xüsusilə körpə və xəstə insanlar) məxsus ailə tərkibli qonşulara Cavabdeh yaşadığı mənzildə 3 (üç) it saxlamaqla narahatlıq yaratması öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, yaşadığı eyni sahəni itlərlə paylaşan ailə zoonoz infeksiyalara yoluxma riski yaradır, bu isə həmin çoxmərtəbəli yaşayış binasının digər yaşayışçıları və onların ünsiyyətdə olduğu insanlar arasında yoluxmanın yayılmasına münbit şəraitin yaranmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, vətəndaş Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.2., 2.1-ci bəndlərinin tələblərini kobud surətdə pozduğuna əsaslı sübutlar olduğundan ünvan 1 ünvanında vətəndaş Cavabdeh ev heyvanları saxlamaq hüququndan məhrum edilməsi məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasına 15.11.2021-ci il tarixli 24/1-3427 nömrəli təqdimat göndərərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 29 nömrəli çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaş Cavabdeh yaşadığı 64-cü mənzildə 3(üç) it saxlaması müəyyən edilmişdir. İnsanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədilə vətəndaş Cavabdeh ev şəraitində saxladığı itlərin Agentliyin regional bölməsində uçota alınmasını (identifikasiya olunmasını) icra etməmişdir. Eyni zamanda, ev heyvanlarının saxlanma şərtləri prinsipinə aid olan: baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmaqla çoxmərtəbəli binanın ayrıca mənzillərində yaşayan müxtəlif yaş qruplarına (xüsusilə körpə və xəstə insanlar) məxsus ailə tərkibli qonşulara Cavabdeh yaşadığı mənzildə 3 (üç) it saxlamaqla narahatlıq və təhlükə yaratması öz təsdiqini tapmışdır. Agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında ev heyvanlarının ildə bir dəfə müayinədən keçirilməsi və quduzluğa qarşı müalicə-profilaktik tədbirlərin aparılması ev heyvanı saxlayan şəxslərin vəzifələrinə aid olsa da, vətəndaş Cavabdeh bununla bağlı müvafiq sənədləri aidiyyatı üzrə təqdim etməmişdir. Müəyyən edilmişdir ki, eyni yaşayış sahəsini saxladığı itlərlə paylaşan ailə zoonoz infeksiyalara yoluxma riski yaradır, bu da yaşayışçılar və ünsiyyətdə olduğu insanlar arasında yoluxmanın yayılması üçün münbit şəraitin yaranmasına səbəb olur. 13 saylı Mənzil-Kommunal Sahəsinin 09.09.2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi H.Həsənova göndərdiyi 646 N-li məlumatda bildirilir ki, ünvan 3 ünvanında yaşayan Şahid1 qonşusu, ünvan 4 ünvanında yaşayan vətəndaş Cavabdeh 3 (üç) böyük it saxladığı və onları narahat etməsi şikayəti ilə bağlı həmin mənzilə baxış keçirilmiş, fakt öz təsdiqi tapmışdır. ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh ilə dəfələrlə aparılmış profilaktiki söhbətlər heç bir nəticə verməmişdir. Vətəndaş Cavabdeh qanunazidd hərəkəti barədə 13 saylı Mənzil-Kommunal Sahəsinin əməkdaşları tərəfindən 09.09.2021-ci il tarixdə müvafiq akt tərtib olunaraq baxılıb qanunvericiklə nəzərdə tutulmuş tədbir görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati Komissiyasına göndərilmişdir. Həmin aktdan da görünür ki, qanunazidd hərəkətinə görə vətəndaş Cavabdeh həmin ərazidə xidmət aparan polis sahə müvəkkili tərəfindən iki dəfə - hər dəfə 200 (iki yüz) manat olmaqla cərimə edilmişdir. Aldıqları məlumata əsasən həmin cərimələr ödənilməmişdir. İnzibati komissiyanın icraatına daxil olan məlumat əsasında vətəndaş Cavabdeh ünvanına rəsmi bildiriş göndərilərək komissiyanın iclasına gəlməsi bildirilmiş, vətəndaş bildirişi xəbərnaməyə imza etməklə qəbul etsə də, komissiyanın iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Bundan sonra Şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyası Şəhər Baytarlıq idarəsini, Qida Təhlükəsizliyi Agentliyinin Regional Bölməsini, ərazi üzrə sahə müvəkkilini, icra nümayəndəsini və MİS-in nümayəndəsini dəvət etməklə həmin ünvana baxış keçirilməsi qərara alınmışdır. Ünvanda olduqları zaman qapıdan itlərin hürmək səsləri gəlsə də, Cavabdeh evdə olan qızı qapını yarımçıq açaraq komissiya üzvlərini görcək cəld bağlamışdır. Bundan sonra qapı dəfələrlə döyülsə də, itlərdən başqa qapıya yaxınlaşan olmamışdır. Elə oradaca Cavabdeh bizdə olan əlaqə nömrəsinə zəng olunaraq məsələyə aydınlıq gətirməsi bildirilmiş, lakin sonuncu qəti şəkildə qapının açılmayacağını və itlərin evdən kənarlaşdırılmayacağını təkidlə bildirmişdir. İnzibati Komissiya tərəfindən vətəndaşın ünvanına dəfələrlə yazılı xəbərdarlıqlar göndərilmiş, evində saxladığı ev heyvanlarının qanunvericilikdə nəzərdə tutulmuş say həddində saxlanılması tələb olunsa da, lakin o, bunlara əməl etməmişdir. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məsələ ilə əlaqədar İcra Hakimiyyətinin o da daxil olmaqla səkkiz əməkdaşı komissiya şəklində dəfələrlə cavabdehin yaşadığı mənzilə getmişdir. Cavabdehin özünün də bundan xəbəri olmuşdur. Həmin vaxt evdə olan qızı qapını açmamışdır. Amma faktiki olaraq mənzildə 3 itin olduğu məlum olmuşdur. Cavabdehə Nazirlər Kabinetinin qərarı əsasənda bir it və bir pişik saxlaya biləcəyi barədə xəbərdarlıq edilmişdir, o, bütün bunlara məhəl qoymamışdır. Cavabdeh isə mənzilində üç böyük it və pişik saxlayır. Bu hal da həmin blokda yaşayan insanların haqlı narazılığına səbəb olmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məsələ ilə əlaqədar Cavabdeh barəsində 2 dəfə 200 manat cərimə olunmaqla inzibati protokol tərtib olunmuşdur. Nümayəndə əlavə olaraq onu da qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-na uyğun olaraq ev heyvanları saxlayacağı halda ona heç bir etirazları olmayacaqdır. Nümayəndə qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsində qeyd olunanlar tamamilə yalandır, onların heç birinin təsdiqedici əsası yoxdur. İddia ərizəsində qeyd olunanlar sadəcə onu xoşlamayan qonşuların ifadələridir. Onun itlərinin ikisi şikəstdir. Matilda qoca itdir, xəstə olduğu üçün əvvəlki sahibləri ondan imtina etmişdir. Onun ağzında şiş var və artıq çəkidən əziyyət çəkir, buna görə də Matilda hər zaman onun evində qalacaqdır. Digər it – Potikusu isə maşın vurmuşdur, onu aylarla qucağında daşımışdır. Şahid qismində gələn qonşular da bunu bilir. O heç pilləkənləri qalxıb düşə bilmir, çətinlik çəkir. Onun vəziyyəti ağır olmuş, yaşayacağına inanmamışdır. O, öz hesabına həmin iti həkimə aparmış, daha sonra onu yerləşdirmək üçün yer olmadığından yaşadığı evə gətirmiş və özü ona qulluq etmişdir. Əslində onları evdə saxlamaq üçün imkanı yoxdur, astma xəstəsidir, lakin məcburiyyət qarşısında qalaraq bu itlərə baxır. Digər üçüncü iti Fatmayı kəndinə dəmir yoluna bağlanmış halda tapmışdır. Onun adı Villibalddır. Əlavə olaraq cavabdeh qeyd etdi ki, heç zaman it alveri ilə məşğul olmamışdır, o itləri hər zaman yaxşı əllərə, yaxşı ailələrə verməyə çalışmışdır. O hər üç itinin vaksinlərini vaxtı-vaxtında etdirmişdir. Bu məhkəməyə təqdim etdiyi itlərin sənədlərindən də görünür. İddiaçı tərəf iddia ərizəsində onun evinə baxış keçirildiyini, onunla dəfələrlə profilaktik söhbətlər aparıldığını, dəfələrlə xəbərdarlıq olunduğunu qeyd etmişdir. Lakin onun mənzilində İcra Hakimiyyətinin heç bir nümayəndəsi heç vaxt olmamışdır, təkcə noyabr ayında ona edilən xəbərdarlıq ona poçt vasitəsilə çatmışdır. Məsələ ilə əlaqədar o heç vaxt iddia ərizəsində qeyd edildiyi kimi Komissiyanın iclasına çağırılmamışdır. Cavabdeh onu da qeyd etdi ki, iddia ərizəsində onun məsələ ilə əlaqədar cərimə olunduğu bildirilsə də, o heç vaxt inzibati qaydada cərimə edilməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, cavabdeh onun qonşusudur. Nailənin özü ilə bağlı heç bir narazılığı yoxdur. Naraçılıq ancaq cavabdehin evində itlərin yaşaması ilə əlaqəlidir. Nailənin evində hazırda üç it yaşayır. İtlər hürür, nəticədə uşaqlar qorxur. Bundan başqa həmin itlər liftə də minirlər, nəticədə liftdən pis qoxu gəlir. Bundan başqa itlər dəfələrlə qonşulara hücum etmişdirlər. İradə adlı qonşusu yıxılanda həmin itlər onun üstünə qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, cavabdeh onun qonşusudur. Oğlu 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur, Qarabağ orderi ilə təltif olunmuşdur. O, baba kimi oğlunun övladlarının qayğısına qalır. Nəvələrini dərsə aparıb gətirərkən nəvələri itləri görür və bu zaman onlardan qorxurlar. O məsələ ilə əlaqədar dəfələrlə Polis İdarəsinə müraciət etmiş, nəticədə cavabdeh hər dəfə cərimələnmişdir. O həmin blokda bir itin belə qalmasına razı deyil. Əgər cavabdehin evində məhkəmədən sonra bir it belə qalsa, o zaman yenə aidiyyatı qurumlara şikayət edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, cavabdeh onun qonşusudur. Cavabdehin evində 3 it yaşayır. Uşaqlar həmin itlərdən qorxur. Bundan başqa blokda natəmiz şərait yaranır. Qonaq gəldiyi zaman utanır, itlərlə birlikdə binaya girirlər. İtin onunla birlikdə bloka girib çıxmasını istəmir. O, yaranmış vəziyyətdən çox narazıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 13 saylı Mənzil Kommunal Sahəsinin rəisi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli 646 nömrəli məlumatdan görünür ki, tərəflərindən Cavabdeh yaşadığı mənzilə baxış keçirimiş və baxış zamanı həmin mənzildə həqiqətən 3 böyük it saxlanıldığı müəyyən edilmiş və məsələ ilə əlaqədar Cavabdeh ilə söhbətlər aparılsa da heç bir nəticəsi olmamışdır. Məsələ ilə əlaqədar 13 saylı MKS-nin sahə ustası və qonşuların iştirakı ilə 09.09.2021-ci il tarixli akt tərtib olunmuş və akt baxılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasına göndərilmişdir. İş materiallarında olan 29.10.2021-ci il tarixli, 1973 nömrəli və 16.11.2021-ci il tarixli 2120 nömrəli xəbərdarlıq məktublarından görünür ki, X3 mənzilinizdə olan ev heyvanlarının (itlərin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara müvafiq say həddində saxlanılmasının təmin edilməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğur qaydada tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasına ünvanladığı 15.11.2021-ci il tarixli, 24/1-3427 nömrəli təqdimatdan görünür ki, vətəndaş Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 14, 2.1; 5.1 3; 5.1.4-cü bəndlərin tələblərini kobud surətdə pozduğuna əsaslı sübutlar olduğundan ünvan 6 ünvanında Cavabdeh ev heyvanları saxlamaq hüququndan məhrum edilməsı məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasına ünvanladığı 12.11.2021-ci il tarixli, 04/1082 nömrəli təqdimatdan görünür ki, vətəndaş Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 14, 2.1; 5.1 3; 5.1.4-cü bəndlərin tələblərini kobud surətdə pozduğuna əsaslı sübutlar olduğundan ünvan 1 ünvanında Cavabdeh ev heyvanları saxlamaq hüququndan məhrum edilməsı məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Sumqayıt şəhər Baytarlıq İdarəsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasına ünvanladığı 10.11.2021-ci il tarixli, 82/2B nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh evində saxladığı 3 baş it baytarlıq idarəsində qeydiyyata alınmamış və quduzluq xəstəliyi əleyhinə profilaktiki peyvəndin aparılması üçün idarəyə müraciət etməmişdir Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh çoxmərtəbəli binada yerləşən mənzilində üç it saxlayır. Bu hal onun məhkəmə iclasında verdiyi izahatı və məhkəməyə təqdim etdiyi itlərinin sənədləri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 nömrəli, 09.03.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması Qaydalarının” 2.1-ci bəndinə görə, baytarlıq, sanitariyagigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir. Həmin Qaydaların 8-ci bəndinə görə, şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir: (bənd 8.1.). Daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir (bənd 8.2.). Həmin Qaydaların 9-cu bəndinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxs ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir. Göründüyü kimi, Cavabdeh çoxmərtəbəli binada yerləşən ayrıca mənzilində üç it saxlamaqla “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması Qaydaları”nın ev heyvanlarının sayı ilə bağlı tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yaşayan Cavabdeh üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən say (bir it və iki pişik) həddində ev heyvanı saxlamaq öhdəliyi qoyulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin zoonoz infeksiyalara yoluxma riski, o cümlədən yaşayışçılar və ünsiyyətdə olduğu insanlar arasında yoluxmanın yayılması üçün münbit şərait yaratdığını, bu əməllərinə görə iki dəfə - inzibati qaydada 200 manat məbləğində cərimə edildiyini bildirsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yaşayan Cavabdeh üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən say həddində (bir it və iki pişikdən çox olmamaqla) ev heyvanı saxlanılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yaşayan Cavabdeh üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən say həddində (bir it və iki pişikdən çox olmamaqla) ev heyvanı saxlanılması öhdəliyi qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar