Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-980/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və dəymiş mənəvi ziyan tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və dəymiş mənəvi ziyan tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 40.000 manat məbləğində pulun, 5000 manat məbləğində mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 28.04.2020-ci il tarixdə cavabdeh ona məxsus olan Abşeron rayonu, Saray bağlar sahəsində yerləşən 3 sot torpaq sahəsini 20.000 manata satdığını bildirmiş və o, həmin torpaq sahəsini bəyənmiş və almağa qərar vermişdir. O, həmin gün cavabdehə 20.000 manat məbləğində pul ödəmiş, cavabdeh bir ay müddətində torpağı onun adına rəsmiləşdirməklə ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Hətta pulu götürərkən onu tam əmin etmişdir ki, əgər torpaqla bağlı hər hansı bir problem yaranarsa cavabdeh ona aldığı pulun iki qatını, yəni 40.000 manat məbləğində pulu qaytaracaqdır. Lakin cavabdehin bu barədə hətta yazılı iltizam verməsinə baxmayaraq cavabdeh ona satdığı və dəyərini də ondan qəbul etdiyi həmin torpaq sahəsini adına rəsmiləşdirməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Keçən bu müddət ərzində o, cavabdehdən vermiş olduğu pulları geri tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirməklə həmin pulları ona qaytarmamış, onu ağır bir duruma salmışdır. Halbuki, cavabdeh pulu alarkən onun qarşısında götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır və buna görə də almış olduğu pulun iki qatını yəni, 40000 manat məbləğində pulu ona qaytarmalıdır. Bundan başqa o, cavabdehin onu aldatması, pulunu aldıqdan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən o, əsəb-stres keçirmiş, diskomfort vəziyyətə düşmüş, nəticədə ona mənəvi ziyan dəymişdir ki, o, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 28.04.2020-ci il tarixli sadə yazılı əlyazma qəbzdən görünür ki, İddiaçı 20.000 manat məbləğində pulu Abşeron rayonu, Saray bağlarında yerləşən 3 sot torpaq sahəsini almaq üçün Cavabdeh vermiş, əgər hansı bir problem yaranarsa Cavabdeh aldığı 20.000 manat pulun iki qatını, yəni 40.000 manat pulu İddiaçı ödəyəcəyinə söz vermişdir. Hazırda iddiaçı həmin qəbzə istinad edərək cavabdehə verdiyi pulun iki qatını tələb edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən aydın olur ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalı və əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. İşin araşdırılan hallarından və iş materiallarından görünür ki, tərəflər arasında yazılı formada bağlanmış beh müqaviləsi mövcud deyildir. Lakin məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı 20 000 manat məbləğində pul ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, iddiaçı cavabdehdən 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın tutulmasını tələb etsədə, cavabdehin hərəkətləri nəticəsində ona 5000 manat məbləğində mənəvi ziyanın dəyməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-980/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-980/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver