Məhkəmə qərarları › İş №2(061)-1117/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1117/2025

30.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1117/2025 30.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçıların nümayəndəsi Nümayəndə İddiaçı1 nümayəndəsi – Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və miras əmlakdan məcburi vərəsəlik payının müəyyən edilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə 30 sentyabr 2025-ciil tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 1V-679 reyestr nömrəsi ilə təsdiq edilmiş X1 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X1 mülkiyyətində olmuş miras əmlakların siyahısına daxil olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin, ünvan 2 ünvaanında yerləşən 72,6 kv.m fərdi yaşayış evinin və evin yerləşdiyi 0,01088 ha torpaq sahəsinin, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsinin üzərində qanun üzrə vərəsəlik hüququnun tanınaraq miras əmlakdan miras əmlakdan məcburi vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı yazılı etirazını və etirazını əsaslandıran sübutlarını məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 miras qoyan X2 Yusifzadənin uşaqları, İddiaçı3 isə Yusif Yusifzadənin arvadıdır. Yusif Yusifzadə xx.xx.2012-ci ildə, miras qoyan Almaz Hüseynova isə xx.xx.2025-ci ildə vəfat etmişdir. X8 şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10Q ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,01088 ha torpaq sahəsi, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyan Almaz Hüseynova xx.xx.2023-cü ildə bütün əmlaklarını qızı - hazırkı Cavabdeh vəsiyyət etmişdir. Mülki Məcəllənin 1159.1-ci maddəsinin müddəalarına əsasən İddiaçı1 və İddiaçı2 Yusif Yusifzadənin birinci növbəli vərəsələridirlər. Mülki Məcəllənin 1193-cü maddəsinin müddəalarına əsasən İddiaçı1 və İddiaçı2 miras qoyan Almaz Hüseynovadan qalan vəsiyyət edilmiş miras əmlakdan məcburi pay almaq hüquqları vardır. Lakin, Cavabdeh iddiaçılara mirasdan pay vermək istəmir. Həmçinin məhkəmənin diqqətinə çatdırıır ki, Cavabdeh anasını – miras qoyan Almaz Hüseynovanı məcburi şəkildə natariusa aparıb vəsiyyətnamə qoydurmuşdur və həmin vəsiyyətnamə etibarsız hesab edilməlidiir. Ona görə də hazırkı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi – Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1 miras qoyan X2 Yusifzadənin oğludur. Yusif Yusifzadə xx.xx.2012-ci ildə, miras qoyan Almaz Hüseynova isə xx.xx.2025-ci ildə vəfat etmişdir. X8 şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10Q ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,01088 ha torpaq sahəsi, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyan Almaz Hüseynova xx.xx.2023-cü ildə bütün əmlaklarını qızı - hazırkı Cavabdeh vəsiyyət etmişdir. Mülki Məcəllənin 1159.1-ci maddəsinin müddəalarına əsasən İddiaçı1 Yusif Yusifzadənin birinci növbəli vərəsəsidir. Yusif Yusifzadə miras qoyan Almaz Hüseynovadan qabaq, yəni sözügedən mirasın açılmasından əvvəl vəfat etmiş olsa da, hesab edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinin müddəalarına əsasən irsi transmisiya qaydasında İddiaçı1 miras qoyan Almaz Hüseynovadan qalan vəsiyyət edilmiş miras əmlakdan məcburi pay almaq hüququ vardır. Lakin, Cavabdeh iddiaçılara mirasdan pay vermək istəmir. Həmçinin məhkəmənin diqqətinə çatdırıır ki, əllərində fakt olmasa da, hesab edir ki, Cavabdeh anasını – miras qoyan Almaz Hüseynovanı məcburi şəkildə natariusa aparıb vəsiyyətnamə qoydurmuşdur və həmin vəsiyyətnamə etibarsız hesab edilməlidiir. Ona görə də hazırkı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun hazırda mərhum X10nin övladları, İddiaçı3 isə Yusif Yusifzadənin arvadıdır. Miras qoyan Almaz Hüseynova isə özünün anasıdır. X10 xx.xx.2012-ci ildə, atası Tofiq Hüseynov xx.xx.2021-ci ildə, anası - miras qoyan Almaz Hüseynova isə xx.xx.2025-ci ildə vəfat etmişdir. X8 şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10Q ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,01088 ha torpaq sahəsi, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. X12 xx.xx.2023-cü ildə bütün əmlaklarını ona vəsiyyət etmişdir. Əslində ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi (ev 2023-cü ildə alınmışdır) və **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi onların özlərinin, torpaq sahəsi isə xaricdə yaşayan qaynı Əfqanına məxsusdur və sadəcə müəyyən səbəblərdən X12nın adına sənədləşdirilmişdir. Anası tənha qadın olaraq hansı pula həmin əmlakları ala bilərdi? Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, iddiaçılar 2012-ci ildən ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildə yaşamırlar. Onlar X10nin vəfatından beş-altı ay sonra Türkiyəyə köçərək orada yaşayırlar. Heç X12nın dəfninə gəlməmişlər. Hesab edir ki, iddia tamamilə əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə əlavə izahatında göstərmişdir ki, uşaqların atası Yusif Yusifzadənin və İddiaçı3 maaş kartları 2001-ci ildən 2012-ci ilə kimi Almaz Hüseynovanın əri Tofiq Hüseynovda olmuş və onların toplanmış əmək haqqları hesabına ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,01088 ha torpaq sahəsi, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes- Benz Vito” minik markalı nəqliyyat vasitəsi alınmışdır. Tofiq Hüseynov xx.xx.2021-ci ildə vəfat etmişdir. İşdə olan Ermənistan SSR Əzizbəyov rayonu, Saravan kənd soveti tərəfindən xx.xx.1976-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin sahibi X3 ata qrafasında X9, anası qrafasında X6 yazılmışdır. İşdə olan olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X13 ilə İddiaçı3 arasında xx.xx.2002-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Yusifzadə, arvada İbrahimova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı1 xx.xx.2002-ci ildə, İddiaçı2 xx.xx.2004-cü ildə doğulmuşlar və ataları qrafasında X7, anaları qrafasında İddiaçı3 yazılmışdır. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil tam hüquqlu mülkiyyət hüquqi ilə X4 məxsusdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 72,6 kv.m hissəsi və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,01088 ha hissəsi paylı mülkiyyət hüququ ilə X4 məxsusdur. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **- MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İşdə olan 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli vəsiyyətnamədən görünür ki, X5 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarını hazırkı Cavabdeh qızına vəsiyyət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 miras qoyan X2 Yusifzadənin övladları, İddiaçı3 isə Yusif Yusifzadənin arvadıdır. Yusif Yusifzadə xx.xx.2012-ci ildə, miras qoyan Almaz Hüseynova isə xx.xx.2025-ci ildə vəfat etmişdir. X8 şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10Q ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,01088 ha torpaq sahəsi, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyan Almaz Hüseynova xx.xx.2023-cü ildə bütün əmlaklarını qızı - hazırkı Cavabdeh vəsiyyət etmişdir. İddiaçılar sözügedən mirasdan məcburi pay almaq hüquqlarının olduğunu bildirərək hazırkı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti mirasla, yəni vərəsəlik hüququ ilə bağlı olduğundan və miras xx.xx.2025-ci il açıldığından həmin hüquq münasibətinin tənzim olunması zamanı hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi miras qoyan Almaz Hüseynova xx.xx.2025-ci ildə, onun qanun üzrə birinci növbəli vərəsəsi ola biləcək oğlu Yusif Yusifzadə xx.xx.2012-ci ildə vəfat etdiyindən sonuncunun övladları olan İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən miras qoyan Almaz Hüseynovanın qanun üzrə birinci növbədən olan vərəsələri hesab edilirlər. Lakin, miras qoyan Almaz Hüseynova xx.xx.2023-cü il tarixli vəsiyyətnamə qoymaqla harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarını hazırkı Cavabdeh vəsiyyət etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2ci maddəsinə əsasən iddiaçıların qanun üzrə birinci növbə vərəsəlik hüququ istisna olunur. Belə olan halda iddiaçılar qanunvericiliyin imkan verdiyi halda irsi transmisiya qaydasında məcburi pay almaq hüququnda yararlana bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Göründüyü kimi miras qoyan Almaz Hüseynova xx.xx.2025-ci ildə, onun mirasından məcburi pay tələb etmək hüququna malik olan biləcək qanun üzrə birinci növbəli vərəsəsi oğlu Yusif Yusifzadə xx.xx.2012-ci ildə, yəni mirasın açılmasından əvvəl vəfat etdiyindən sonuncunun vərəsələrinin (hazırkı iddiaçıların) irsi traansmisiya qaydasında məcburi pay tələb etmək hüuqu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən istisna olunur. İddia tələbinin 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 1V-679 reyestr nömrəsi ilə təsdiq edilmiş X1 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsinə gəlincə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçılar sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb etsələr də, tələblərinin əsaslı və qanuni olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. İddiaçıların nümayəndələrinin izahatlarında “əllərində fakt olmasa da, Cavabdeh anasını – miras qoyan Almaz Hüseynovanı məcburi şəkildə natariusa aparıb vəsiyyətnamə qoydurmuşdur” kimi dəlilləri yalnız ehtimallara əsaslanır və hər hansı bir digər mötəbər sübutlarla möhkəmləndirilməmişdir. İddiaçıların nümayəndələri izahat verməkdən savayı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İddiaçıların nümayəndələrinin məhkəmə iclasında verdikləri həmin izahatları isə cavabdehin məhkəmə iclasında verdiyi izahat və iş materialları ilə birmənalı şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, iddiaçıların nümayəndələrinin və cavabdehin məhkəmə iclasında verdikləri izahatlara və iş mteriallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda adıçəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçılar cavabdehə qarşı olan iddialarının qanuni və əsaslı olmasını məhkəmə iclasında sübüta yetirə bilməmişdlə. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklkə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və miras əmlakdan məcburi vərəsəlik payının müəyyən edilməsi”nə dair iddia ərizəsi təmin edilməsin. İddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar