Məhkəmə qərarları › İş №2(062)-1036/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1036/2024

09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1036/2024 09.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9600 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 116 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iş yoldaşı olmuşlar. Cavabdeh 2023-cü ilin may ayında qızı xəstə olduğu üçün ona pul lazım olduğunu demiş və ondan borc olaraq 4000 manat pul istəmişdir. Həmin pulu 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmişdir. Münasibətləri normal olduğu üçün kömək məqsədi ilə bacısı Zərqələmdən 4000 manat pul alaraq cavabdehə vermişdir. Bundan iki gün sonra cavabdeh həkimə pulunun çatmadığını deyərək 2000 manat da pul lazım olduğunu bildirmiş, o da, bacısı Zərqələmdən əlavə 2000 manat alaraq cavabdehə vermişdir. Bundan sonra cavabdeh yenidən 2023-cü ilin oktyabr ayında ona müraciət edərək oğlunun yıxıldığını və yenə pul lazım olduğunu demişdir. Ümumilikdə cavabdeh ondan aldığı 9600 manat pulu 2024-cü ilin yanvar ayının 10-na kimi qaytaracağına söz vermişdir. Həmin vaxt cavabdeh onu inandırmaq üçün evinin sənədlərini və ərinə məxsus avtomobilin açarlarını ona vermək istəmişdir. Avtomaşının açarlarını özünə qaytarmış və pulu 2024-cü ilin yanvar ayında qaytarmasını bildirmişdir. Cavabdeh pulu qaytarmadığı üçün xx.xx.2024-cü ildə ona zəng vurmuşdur. Lakin müxtəlif bəhanələrlə cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Hətta bu barədə cavabdeh ona özü əlyazma ilə qəbz vermişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh pulu ondan hissə-hissə almışdır. Ümumilikdə borcu 9600 manat təşkil edir. Cavabdehə pulu sələm olaraq verməmişdir. Borc kimi vermişdir. Çünki münasibətləri normal olmuşdur. Cavabdeh həmin puldan ona hər hansı məbləğ qaytarmamışdır. Pulu cavabdehə verməsi barədə mötəbər sübutları yoxdur. Bununla belə məbləğ qeyd olunmasa da, cavabdehin ona borclu olmasını təsdiq edən audio yazılar və qəbz mövcuddur. Onlarda da məbləğ əksin tapmamışdır. Bundan başqa cavabdeh ona evin sənədini vermişdir ki, pulu tam ödəyənə kimi onda qalsın. Əgər borc almayıbsa nə üçün evin sənədi ondadır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçı ilə münasibətləri əvvəllər normal olmuşdur. Yaranmış mübahisə iddiaçının ona faizə verdiyi pul üstündədir. Lakin məbləğ iddiaçının dediyi qədər olmamışdır. İddiaçıdan cəmi 1000 manat pul almışdır. Həmin pulun da üstünü – yəni faizini artıqlaması ilə iddiaçıya qaytarmışdır. Onun iddiaçıya verəcək hər hansı borcu yoxdur. Məhz buna görə də, evinin texniki sənədləri iddiaçıdadır. İddiaçı onda daim hədə-qorxu gəlir ki, istədiyi pulu alsın. Halbuki, sələm kimi iddiaçıdan aldığı 1000 manatı artıqlaması ilə qaytarmışdır. Əgər iddiaçı ona tələb etdiyi qədər faizə pul versə ən azından ondan qəbz alardı. Göründüyü kimi iddiaçı belə bir addım atmamışdır. Çünki iddiaçının dedikləri yalandır. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə uyğun olaraq iddia tələbinin dəlilləri üzrə həm Mülki Məcəllənin 2016-cı ilin 31 may tarixindən xx.xx.2023-cü il tarixə kimi olan borcla bağlı müddəalarına, həm də hazırda qüvvədə olan borcla bağlı müddəalarına istinad edilməlidir. İddia tələbinin dəlillərindən görünür ki, iddiaçı cavabdehə 2023-cü ilin may ayında 4000 və 2000 manat olmaqla 6000 manat borc verməsini bildirir. Geri qalan məbləği isə 2023-cü ilin oktybar ayında verdiyin iddia edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddia tələbinin 2023-cü ilin may ayında borc verilməsinin hüquqi əsasını təşkil edən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İddia tələbinin 2023-cü ilin oktybar ayında borc verilməsinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir (Mülki Məcəllənin 742.1-ci maddəsi). İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı ümumilikdə 1000 manat borc almışdır. İddiaçı borc pul məbləğinin 9600 manat olmasını bildirsə də, məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də cavabdehin etiraf etdiyi məbləğin iddiaçı tərəfindən borc verilməsi nəticəsinə gəlinmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçıdan 1000 manat faizə pul almış və həmin faizi ilə birlikdə qaytarmışdır. Məhkəmə qeyd edir ki, əvvəla cavabdeh 1000 manat pulu iddiaçıya qaytarması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin iddiaçı da cavabdehə 9600 manat borc verməsinə dair sübutlar verməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin qeyd olunan halları onların özlərinin izahatlarından başqa hər hansı sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı 1000 manat pul məbləği geri qaytarılmadığından cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Çünki, cavabdeh iddiaçı ilə aralarında yaranmış öhdəlik hüquq münsibətləri əsasında üzərinə götürdüyü vəzifəni icra etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən 9600 manat pulun cavabdehə verilməsi sübuta yetirilə bilmədiyindən, cavabdeh tərəfindən özünün etirafına uyğun olaraq iddiaçıdan borc kimi alınmış 1000 manat pulun iddiaçıya qaytarılması sübuta yetirilə bilmədiyindən tərəflərin izahatları müqayisəli təhlil aparılmaqla sübut kimi qəbul olunmalı və iddiaçı tərəfindən cavabdehə 1000 manat pulun verilməsi, habelə həmin pulun cavabdeh tərəfindən qaytarılmaması nəticəsinə gəlinməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçının təqdim etdiyi qəbz və audio səslərdə isə cavabdehin iddiaçından hansı məbləğdə borc alması müəyyən edilmir. Ona görə həmin dəlillər iddianın təmini üçün mötəbər sübutlar sayıla bilməz. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "Cavabdeh şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 116 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manatının əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq büdcəyə ödənilmiş 116 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manatının əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar