Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1049/2025 08.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 19600 manat pulun və 148.8 manat manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh həmyerlisi kimi tanımış və aralarında yaxşı münasibət olmuşdur. Cavabdeh tikinti materiallarının satışı ilə məşğul olmuş və iddiaçı ondan bir neçə dəfə tikinti materialları almışdır. Təxminən 2 il əvvəl aralarında baş vermiş bir söhbət zamanı Cavabdeh iddiaçıya kök toxumu və kökün üzərinə salınan selofan örtüyünün alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Cavabdeh həmin işin gəlirli olduğunu və əldə olunacaq qazancı yarıbayarı böləcəklərini bildirmişdir. Bu razılaşmadan sonra Bakı şəhərində yerləşən bir şirkətdən kök toxumu və selofan örtük alınıb Tovuz rayonunda müxtəlif şəxslərə satılmışdır. Bu işin görülməsi üçün bütün maliyyə vəsaiti iddiaçı tərəfindən qarşılanmışdır. Nəticədə 52.000 (əlli iki min) manat məbləğində qazanc əldə edilmişdir. Aralarında olan razılığa əsasən həmin məbləğin 26.000 (iyirmi altı min) manatı iddiaçıya çatmalı olmuşdur. Cavabdeh isə ona cəmi 6.400 (altı min dörd yüz) manat vermiş, qalan 19.600 (on doqquz min altı yüz) manatı verməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bununla bağlı iddiaçı məcbur olub Tovuz Rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Həmin müraciət əsasında Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 icraatında araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh izahatında iddiaçının qeyd etdiyi halları təsdiq etmiş, yəni birlikdə kök toxumu və selofan örtüyünün alqı-satqısı ilə məşğul olduqlarını, 52.000 manat qazanc əldə olunduğunu, bu qazancın yarısının iddiaçıya çatmalı olduğunu bildirmişdir. O, həmçinin 26.000 manatın 6.400 manatını iddiaçıya verdiyini öz dəftərində qeyd etdiyini, qalan 19.600 manatın isə guya hissə-hissə əlbəəl verildiyini, lakin bu barədə heç bir sübutunun olmadığını bəyan etmişdir. Təqdim olunmuş 04 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da cavabdehin 19.600 manat pulu iddiaçıya verdiyini sübut edə bilmədiyi qeyd olunmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsini müdafiə etmiş, həmçinin bildirmişdir ki, kök toxumu alqı-satqısı fəaliyyətinə 2022-ci ildən etibarən cavabdehin təkidi ilə qoşulmuşdur. Bu fəaliyyət üçün tələb olunan bütün maliyyə vəsaiti onun tərəfindən təmin olunmuş və ümumilikdə 172.000 (yüz yetmiş iki min) manat məbləğində vəsait sərf etmişdir. Cavabdeh həmin məbləği geri qaytarsa da, əldə olunan qazancın iddiaçıya çatan hissəsini tam ödəməyərək, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etmişdir ki, cavabdehlə aralarındakı razılaşmaya əsasən, Bakı şəhərindən müxtəlif vaxtlarda kök toxumu gətirilmiş və satış həyata keçirilmişdir. Razılaşmaya görə, cavabdeh məhsulun Bakıdan gətirilməsini və satışını təşkil etməli, iddiaçı isə bu fəaliyyət üçün lazım olan maliyyə vəsaitini təmin etməli və əldə edilən qazanc tərəflər arasında bərabər şəkildə bölüşdürülməli idi. İddiaçının bildirdiyinə görə, bu ticarətə ümumilikdə 172.000 manat məbləğində vəsait qoyulmuş, nəticədə 52.000 manat qazanc əldə edilmişdir. Razılaşmaya əsasən, qazancın yarısı iddiaçıya çatmalı olduğu halda, cavabdeh ona yalnız 6.400 manat ödəmiş, qalan məbləğin verilməsindən imtina etmişdir. Həmin 6.400 manat məbləği iddiaçı cavabdehin evində, onun ailə üzvlərinin iştirakı ilə almışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi qeydlər onun iştirakı olmadan tərtib olunmuş və orada qeyd olunan məlumatlardan xəbəri yoxdur. Cavabdeh izahatında bildirmişdir ki, 2022-ci ildən etibarən iddiaçı ilə birlikdə kök toxumu ticarəti ilə məşğul olmuş, bütün satışları nağd şəkildə həyata keçirmiş və satışdan əldə olunan vəsaiti iddiaçıya təhvil vermişdir. 6.400 (altı min dörd yüz) manat məbləğində pulu isə 2023-cü ildə iddiaçıya təqdim etmişdir. Onun fikrincə, iddiaçının həmin dövrlərdə əldə edilmiş qazancı tələb etməməsi məntiqə uyğun deyil. Satılan malların miqdarı, çəkilən xərclər və əldə olunan qazanc barədə qeydlər aparmış, lakin mübahisə yaranacağını ehtimal etmədiyindən həmin qeydləri iddiaçıya imzalatmaq zərurəti görməmişdir. Qeyd etmişdir ki, sonradan qalan 1636 manat pulu da Xatınlı yolu yaxınlığında iddiaçıya təqdim etmiş və bununla da ona borcu qalmamışdır. Cavabdehin sözlərinə görə, həmin məbləği bir neçə gün sonra ödəyəcəyini bildirdikdə, iddiaçının övladı gecikməyə görə əlavə 200 manat tələb etmiş, buna görə də həmin günü başqa şəxslərdən borc alaraq ödənişi həyata keçirmişdir. Əgər o, qazancdan iddiaçıya pay verməmiş olsaydı, iddiaçının onunla əməkdaşlığı davam etdirməsi və əlavə vəsaitlər verməsi məntiqsiz olardı. Cavabdeh əlavə etmişdir ki, ikinci partiya malın pulu – 6400 manat məbləğində vəsaiti öz evində, həyat yoldaşı və gəlini olan şəxslərin iştirakı ilə iddiaçıya təqdim etmişdir. Bu şəxslər həmin faktı təsdiq edə bilərlər. Bir müddət sonra ona polis şöbəsindən zəng olunaraq İddiaçı onun barəsində şikayət verdiyi bildirilmişdir. Bu məsələ ilə bağlı cavabdeh izahat vermiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra həmin qərar prokurorluq tərəfindən səbəbsiz yerə ləğv edilmiş, cavabdeh yenidən izahat vermiş və eyni qərar yenidən qəbul edilmişdir. Halhazırda iddiaçıya heç bir borcu yoxdur. Əldə olunmuş qazancdan iddiaçıya çatan məbləğin bir hissəsini öz evində, bir hissəsini isə iddiaçının evində ona təqdim etmişdir. Verilmiş suallara cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı ilə aralarındakı razılaşmaya əsasən, o, kök toxumunu Bakı şəhərindən alıb iddiaçının evinə çatdırmış, oradan da götürüb satışını həyata keçirmişdir. Malın alınması üçün tələb olunan vəsaiti isə iddiaçı təmin etmişdir. Aralarında qazancın bərabər şəkildə bölünməsi barədə razılaşma olmuşdur. Birinci partiya mal yaxşı satılsa da, ikinci partiyanın satışında müəyyən ləngimələr yaranmışdır. Bundan əlavə, kökün üzərinə çəkmək üçün polietilen sellofan da alıb satmışlar. Sellofan nisyə satılmış, kök yetişib satıldıqdan sonra pulu toplanmışdır. Cavabdeh qeyd etmişdir ki, malın alınması üçün iddiaçı tərəfindən təxminən 172.000 manat məbləğində vəsait birbaşa satışla məşğul olan şəxslərə təqdim olunmuşdur. Onun vəzifəsi isə alınmış malın satışını təşkil etmək olmuşdur. Apardığı qeydiyyata əsasən, ümumi qazanc 50.672 manat təşkil etmiş və həmin qazancın yarısını iddiaçıya tam şəkildə vermişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən İddiaçı hazırki iddia ərizəsi ilə oxşar məxmunlu müraciəti əsasında araşdırma aparılmış və 31 iyul 2024-cü il və 04 oktyabr 2024-cü il tarixlərdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişlər. Həmin qərarların məzmununa əsasən tərəflər təhqiqat araşdırması zamanı hazırki məhkəməyə prosesində verdikləri izahatlara uyğun izahatlar vermişlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma mətnlərində müxtəlif şəxslərin adlarının qarşısında müxtəlif məbləğlər və tarixlər göstərilmiş, müxtəlif hesablamaların nəticələri əks olunmuşdur. İddiaçı bu qeydiyyatın özü tərəfindən aparıldığını, cavabdehlə birlikdə ticarət fəaliyyətindəki dövriyyəni əks etdirdiyini bildirmişdir. Həmin qeydlər hər hansı formada təsdiqlənməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma mətnlərində müxtəlif şəxslərin adlarının qarşısında müxtəlif məbləğlər göstərilmiş və sonda “22472 sal”, “28200 kök”, “50672”, “1636” yazıları qeyd edilmişdir. Cavabdeh bu qeydiyyatın özü tərəfindən aparıldığını, həmin rəqəmlərin sellofan və kök satışından ayrı-ayrılıqda və ümumilikdə əldə edilmiş gəliri ifadə etdiyini, “1636” yazısının iddiaçıya veriləsi qalıq məbləği ifadə etdiyini bildirmişdir. Həmin qeydlər hər hansı formada təsdiqlənməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi Məhkəmənin mövqeyi Tərəflər arasında cavabdehin təklifi və təşəbbüsü ilə birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) əldə edilmişdir. Razılaşmaya əsasən, iddiaçı öz vəsaiti hesabına kök toxumu və kök bitkisinin üzərini örtmək üçün sellofan materialı almalı, cavabdeh həmin məhsulların satışını təşkil etməli və satışdan əldə ediləcək gəlir tərəflər arasında bərabər bölüşdürülməli idi. Bu məzmunda müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa nəzərdə tutulmasa da, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Bundan əlavə, həmin razılaşma tərəflərin sərbəst iradəsinə əsaslanır və hüquqi nəticə doğurur. Bu baxımdan, tərəflər arasında razılaşma qanuni hesab edilir. İddiaçı əldə edilmiş gəlirin 52000 manat olmasını iddia etsə də cavabdeh bu məbləği qismən etriaf etmiş, qazancın 50672 manat olduğunu bildirmişdir. İddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilmədiyindən cavabdehin qismən etirafına əsasən malların satılması nəticəsində ümumilikdə 50.672 manat gəlir əldə olunması faktı məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı əldə olunmuş gəlirdən yalnız 6400 manat aldığını, lakin qalan məbləğin cavabdeh tərəfindən ona verilmədiyini iddia etmişdir. Cavabdeh isə bu iddianı inkar edərək, gəlirin yarısını tam şəkildə iddiaçıya verdiyini irəli sürmüşdür. Bu mərhələdə sübutetmə yükünün hansı tərəfin üzərinə düşdüyü məsələsinə aydınlıq gətirilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının iddiası "pulun verilməməsi" (yəni öhdəliyin icra edilməməsi) kimi neqativ tərkib əlamətinə əsaslanır. Hüquq nəzəriyyəsində belə hallar sübut edilməsi çətin olan faktlardır, çünki "olmayan" bir halın sübutu, praktiki olaraq, sonsuz sayda alternativi inkar etməyi tələb edir. Əksinə, cavabdeh "pulun verilməsi" faktına (yəni müsbət tərkib əlamətinə) istinad edir. Bu isə sübut edilə bilən konkret hərəkətdir və qəbz, bank köçürməsi, şahid ifadələri kimi vasitələrlə sübut oluna bilər. Bu səbəbdən, müsbət faktı iddia edən cavabdeh həmin faktı sübuta yetirməlidir. Bu yanaşma həm hüquqi ədalət prinsipinə, həm də sübutetmə qaydalarına tam uyğundur. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün bütün lazımi şəraiti yaratmalı və tərəflərə hüquq və vəzifələrini izah etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən iki hazırlıq iclası keçirilmiş, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi və sübutların təqdim edilməsi qaydası onlara izah edilmişdir. Məcəlləyə əsasən sübutlar əsasən hazırlıq iclasında təqdim edilməlidir. Yalnız əsaslı səbəblər olduqda, baxış iclasında yeni sübutların təqdiminə dair vəsatət təmin edilə bilər. Lakin cavabdeh hazırlıq mərhələsində yuxarıda qeyd edilənlərdən əlavə sübut təqdim etməmiş, baxış iclasında isə bu məsələyə dair yalnız ümumi ifadələrlə ("sübutlarım var") kifayətlənmişdir. Cavabdeh məhkəmə iclasında 6.400 manatın iddiaçıya öz evində, ailə üzvlərinin — həyat yoldaşı və gəlininin iştirakı ilə verildiyini, onların bu faktı təsdiq edə biləcəyini bildirmişdir. Bu hal iddiaçı tərəfindən inkar olunmamış, əksinə, həm iddia ərizəsində, həm də izahatlarında həmin məbləği aldığını, lakin qalan məbləğin verilmədiyini təsdiqləmişdir. Bu səbəbdən yalnız 6.400 manatın ödənilməsi sübuta yetirilmiş hesab edilir. Cavabdeh digər ödənişlərə dair yalnız öz şəxsi qeydlərinə istinad etmiş, lakin bu qeydlər iddiaçı tərəfindən imzalanmamış, digər sübutlarla təsdiqlənməmiş və iddiaçı tərəfindən doğruluğu qəbul edilməmişdir. Belə olduqda həmin qeydlər hüquqi cəhətdən etibarlı sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, əldə olunmuş 50.672 manat gəlirin razılaşmaya əsasən iddiaçının payına düşən hissəsi 25336 manat təşkil edir. Həmin məbləğin 6400 manatının iddiaçıya ödənilməsi təsdiq olunmuş, qalan 18936 manat məbləğin ödənilməsini cavabdeh sübuta yetirə bilməmişdir. Buna görə də həmin 18936 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 148.8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 146.8 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18936 manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 146.8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18936 (on səkkiz min doqquz yüz otuz altı) manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 146.8 manat (yüz qırx altı manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1049/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1049/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver