Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-109/2025 03.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəyəri ödənilməklə gediş-gəliş yolunun açılması və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş yolunun dəyəri tərəfindən ödənilməklə 3 metr enində açılmasına və gediş-gəlişinə göstərdikləri qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası İbrahim İbrahimovdan ona ünvan 1 ünvanında sahəsi 228.3 kv.m olan fərdi yaşayış evi və 0.0367 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin əmlak DƏDRX-in 15 saylı ərazi idarəsindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər qeyd olunan mülkiyyətə gediş-gəliş yolunu bağlamış və onun öz mülkiyyətinə rahat şəkildə gediş-gəlişinə imkan vermirlər. Anasının yaşlı və xəstə olmasına baxmayaraq o, həyətinə təcili tibbi yardım maşını çağıra bilmir. Həyətinə yanğın söndürmə maşını girə bilmir, ümumiyyətlə həyətinə avtomaşın daxil ola bilmir. Cavabdehlər həmini gediş-gəliş yolunu daş hasarla kəsmək üçün həyətə mişar daşları tökdürmüş və hazırda da tikilmişdir. Onun evi yoldan təxminən 70 metr aralıdır və mülkiyyəti 4 tərəfdən qonşu ərazilərlə əhatə olunduğundan başqa yerdən gediş-gəlişi mümkün deyil. O, dəfələrlə cavabdehlərdən bu hərəkətlərinə son qoymağı tələb etsə də onlar həmin əməllərindən çəkinmirlər. Yolun açılması ilə bağlı iddiası olmuşdur, təmin edilməmişdir.Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, onun yolun açılması tələbi torpaq sahəsinin bazar dəyəri ödənilməklə açıla bilər. Bundan əlavə də əvvəlki tələbinə baxılarkən işə mütəxəssis cəlb edlmiş və başqa yolun olmadığına dair rəy verilmişdir. Araşdırmanın nəticəsi olaraq müəyyən edilir ki, İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamışdır və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla X2 xüsusi mülkiyyətində olan torpaq sahəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər, hər biri ayrı-ayrılıqda iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.0872 ha torpaq sahəsi ümumi birgə payla Cavabdeh1 və X3 adına qeydə alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.0367 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi tam payla İddiaçı adınadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamışdır və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 2(062)-732/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yolun açılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş yolunun açılmasını iddia etdiyi 3 metr enində torpaq sahəsinə yerində baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Həmin ərazi 3 metr en, 29.4 m uzunluqda olmaqla 88 kv.m sahəsi vardır və bazar dəyəri 1750 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, Elektron baza məlumatlarına əsasən İddiaçı eni 3 metr yol verilməsi nəzərdə tutulan torpaq sahəsi **********69 reyestr nömrəli çıxarışla X1 və X3 birgə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin sağ tərəfində eni 0.3 metr olan kiçik su arxi mövcuddur. Su arxının eni (0.3 metr) çıxıldıqdan sonra eni 3 metr yol verildiyi halda, həyətə giriş olan hissədə 2.4 metr, 5 metrə qədər həyətə daxil olduqda 2.2 metr və fərdi yaşayış evinin qurtaracağı olan hissədə 1.37 metr enində yol qalır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamışdır və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolu nəzərdə tutulmamış, əksinə iddiaçının yol kimi istifadə edilməsini tələb etdiyi sahə Cavabdeh1 mülkiyyətində yerləşən torpaq sahəsinin hüdudları daxilindədir. Yəni cavabdehlər tərəfindən yoldan istifadə üzrə iddiaçıya törədilən maneələr qanunsuz deyildir. Bununla yanaşı iddiaçı da cavabdehə məxsus torpaq sahəsindən istifadə etmədən öz mülkiyyətindən səmərəli, mədudiyyət olmadan istifadə edə bilmir. Eyni zamanda işdəki Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir ki, tərəflər bu məsələni mübahisələndirməmişlər. Yəni, göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi, eyni zamanda Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmışdır.Məhkəmə hesab edir ki, bu halların tərəflərin hər hansı biri tərəfindən mübahisələndirilməməsi yoldan istifadəni istisna etmir. Odur ki, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının öz mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş hüququ təmin edilməlidir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İşdən göründüyü kimi iddiaçı yolun dəyərö ödənilməklə 3 metr enində yol açılmasını tələb edir. Məhkəmə qeyd edir ki, yolun o ölçüdə açılması cavabdehin mülkiyyət hququnu pozur və qarşıya qoyulmuş məqsədə mütənasib deyildir. Buna baxmayaraq məhkəmə hesab edir ki, gediş-gəliş yolu kimi müəyyən edilmiş hissə, yəni mütəxəssis rəyi ilə göstərilmiş hissələr yarıya bölünməklə və dəyəri ödənilməklə gediş-gəliş yolunun açılması iddiaçının öz mülkiyyətindən maneəsiz istifadəni təmin etməklə cavabdehin hüquqlarını da xələl gətirmir. Mütəxəssis rəyindən görünür ki, su arxının eni (0.3 metr) çıxıldıqdan sonra eni 3 metr yol verildiyi halda, həyətə giriş olan hissədə 2.4 metr, 5 metrə qədər həyətə daxil olduqda 2.2 metr və fərdi yaşayış evinin qurtaracağı olan hissədə 1.37 metr enində yol qalır. Yəni, yol kimi iddia edilən ərazinin ümumi eni həyətə giriş olan hissədə 5.4 metr, 5 metrə qədər həyətə daxil olduqda 5.2 metr və fərdi yaşayış evinin qurtaracağı olan hissədə 4.37 metrdir. Odur ki, həmin hissə iki bərəbər hissələrə bölünməklə gediş-gəliş yolu açılmalıdır. Belə olduğu halda yol kimi iddia edilən ərazinin ümumi eni həyətə giriş olan hissədə 2,7 metr, 5 metrə qədər həyətə daxil olduqda 2.6 metr və fərdi yaşayış evinin qurtaracağı olan hissədə 2.2 metr enində iddiaçıya yol açılmalıdır.İşdə olan xx.xx.2025-ci il tarixli rəydən görünür ki, bu torpaq sahəsinin sahəsi 88kv.m olmaqla bazar dəyəri 1750 manatdır.c Belə olduğu halda həmin torpaq sahəsinin dəyəri bərabər bölünməklə, iddiaçının istifadəsində qalan torpaq sahəsinə görə 875 manat pul iddiaçıdan alınaraq torpaq sahəsinin mülkiyyətçisinə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayonunun Abulbəyli kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki evə **********69 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində həyətə giriş olan hissədə 2,7 metr, 5 metrə qədər həyətə daxil olduqda 2.6 metr və fərdi yaşayış evinin qurtaracağı olan hissədə 2.2 metr enində(sxemdə göstərilmiş qaydada) yol açılsın. Açılmış yolun bazar dəyəri olan 875 manat pul İddiaçı alınaraq Cavabdeh1 verilsin. Pulun alınıb-verilməsi yolun açılması ilə eyni vaxtda icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-109/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-109/2025
03.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver