Məhkəmə qərarları › İş №2(062)-1090/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1090/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1090/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16400 manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 17710 manat məbləğində pul vermişdir. X3 19 dekabr 2018-ci ildə 1000 manat pulu geri qaytarmışdır. Qalan 16610 manat mələğində pulu 01 iyul 2019-cu il tarixədək hissələrlə və yaxud tam şəkildə geri ödəyəcəyinə dair notariat qaydasında təsdiq edilmiş ərizə ilə cavabdehlik daşımışdır. Bununla bağlı dəfələrlə borcunu geri istəsə də onu aldatmışdır. 2019-cu ildən hazıra qədər, cəmi 210 manat ödəmişdir. Hazırda isə ona vəd etdiyi müddətdən xeyli vaxt keçmişdir. Hesab edir ki, həmin pulu ona geri vermək fikrində deyil. Ona görə də, Cavabdeh 16400 manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, mövcud borcdan cavabdeh cəmi 400 manat ödəniş də etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, o iddiaçıya olan borcunu 2018-ci ildə odəmişdir. Bundan 7 il vaxt keçib. Hətta iddiaçıya 30000 manatlıq ayaqqabı vermişdir. İddiaçı dedi ki, borcunun əvəzinə ayaqqabılar versin. Eyni zamanda iddiaçı ilə qızıl alveri etmiş, iddiaçı ona 10000 manat faizə pul vermiş, o da sonra Əmrah bankdan 20000 manat kredit götürüb bütün borcunu ödəmişdir. 2018-ci ildə cinayət işi ilə bağlı 1000 manat ödəniş etmiş, sonra notarial qaydada müqavilə bağlamışlar. Notariat qaydasında müqavilə bağlandıqdan sonra o iddiaçıya borcunu ödəmişdir. Ona görə də, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki,o iddaçı İddiaçı Sədərək ticarət mərkəzində alverçi kimi tanıyır. 2018-ci ildə o tərəfləri tanımırdı. X2 Yusifovaya borclu olduğu pulun qaytarıldığını görməmiş və hec bir məlumatı olmamışdır. Sadəcə İddiaçı sələmçi kimi tanıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan müqavilədən görünür ki, Cavabdeh İddiaçı 17710 manat borcundan 19 dekabr 2018-ci il tarixdə 1000 manat ödəniş etmişdir. Qalan 16610 manat pulu 01 iyul 2019-cu il tarixədək hissələrlə və yaxud tam şəkildə ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 400 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 16610 manat mələğində pulu 01 iyul 2019-cu il tarixədək hissələrlə və yaxud tam şəkildə geri ödəyəcəyinə dair notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında borcun etirafı müqaviləsi bağlanılmış, həmin müqavilə ilə qalan borcu təşkil edən 16610 manat məbləğində pulun hissə-hissə ödənilməsi şərtləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, müqavilə bağlandıqdan sonra, yəni 2023-cü ildə 400 manat məbləğində pul iddiaçıya ödənilmiş və bununla da cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi 16210 manat təşkil etmişdir. Məhkəmə qeytd edir ki, cavabdeh həmin məbləği ödədiyini iddia etsə də, o bunu təsdfiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. O borcun əvəzində gah iddiaçıya ayaqqabılar verməklə öhdəliyi əvəzləşdirməsini, gah da bankdan kredit götürərək borcunu ödəməsini bildirsə də, o bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Onun məhkəmə iclasında verdiyi izahatından da göründüyü o borcun etirafı müqaviləsi bağlandıqdan əvvəl cinayət işi üzrə məhkəmə iclasında iştirak etmiş və hazırki iş üzrə iddiaçı məhz müqavilə bağlandıqdan sonra təqsirləndirilən şəxs barədə tələbinin olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşdə olan və iddiaçı tərəfindən işə əlavə edilmiş borc sənədindən görünür ki, həmin sənəd iddiaçıda olmuşdur. Cavabdeh borcu qaytarmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmiş və yuxarıda sadalanan maddi hüquq normalarında əks edilmiş şəkildə hərəkətlər etməmişdir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, cavabdeh öhdəliyə xitam verilməsinə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 140 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən 138 manat 63 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdehlndan 16210 manat borc və 138 manat 63 qəpik dövlət rüsumu olmaqla, cəmi 16348, 63 manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 16210 (on altı min iki yüz on) manat borc pul və 138 manat 63 qəpik dövlət rüsumu olmaqla, cəmi 16348, 63 manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar