Məhkəmə qərarları › İş №2(062)-1136/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1136/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1136/2025 04.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Cavabdeh Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Məhəmməd oğlundan 2600 manat vəsaitin, satılan malların dəyərinin və 46 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Xırdalan şəhərində H.Əliyev prospekti 15, blok 6,187 saylı mənzili almışdır. Mənzildə təmir işləri görmək istəmişdir. Şamaxı şəhərindəki qonşusu Ramiz müəllim ona demişdir ki, bir nəfər tanışı var, gəlib evi təmir etsin. Ramiz müəllimin dediyi iki nəfər Xırdalandakı aldığı evə gəlmiş, evin tam təmiri barədə onlarla razılaşmışdır. Evin tam təmiri üçün lazım olan materialları almaq şərti ilə təmir işlərinə 5500 (beş min beş yüz) manata razılaşmışlar. Təmir üçün lazım olan bütün materialları almış və usta Cavabdeh və yanındakı köməkçisinə təhvil vermişdir. Orada olmayan zaman Akif və köməkçisi onun alıb təmir üçün verdiyi materialların bir hissəsini oğurlayıb satmışlar. Onların materialları oğurlayıb satması binanın videogörüntüsünə də düşmüşdür. Həmin binada xadimə işləyən xanım onun materiallarını satmasını görüb, iradını bildirmiş və binanın komendantı Bəxtiyar müəllimə bu barədə məlumat vermişdir. Usta Cavabdeh həmin qadını söyüb təhqir etmiş, ona "suka" demişdir. Usta Akif əvvəlcədən işləyə-işləyə 1900 manat pul almışdır. Sonra Cavabdeh ona qardaşının belindən cərrahiyyə əməliyyatı olacağını bildirib pula ehtiyacı olduğundan ondan 3000 (üç min) manat pul istəmiş, ona 3000 manat pul vermişdir. Cəmisi Cavabdeh ondan 4900 manat pul almış, heç 2000 manat dəyərində iş belə görmədən işi atıb getmişdir. 4900 manat pulu, yəni əvvəlcədən aldığı 1900 manat pulu və qardaşının əməliyyat olması üçün işi tamamlamadan ondan aldığı 3000 manat pulu, cəmisi 4900 manat pulu ondan oğlu Zairzadə Sabirin və yanında işlətdiyi köməkçisinin yanında almışdır. Çoxsaylı zənglərinə, xahişinə baxmayaraq işi davam etdirmək üçün gəlməmiş, işi davam etdirməmişdir və ya pulumu geri qaytarmamışdır. Cavabdeh ona qarşı dələduzluq etmişdir. Ona görə də polis idarəsinə şikayət etmişdir. Abşeron rayon polis idarəsində təhqiqatçı mütəxəssis dəvət edərək evə baxış keçirmiş, müəyyən olunmuşdur ki, usta Akif tərəfindən cəmisi 2300 (iki min üç yüz) manatlıq iş görülmüşdür. Eyni zamanda həmin araşdırma zamanı Akif ondan alıb evə qoyduğu materiallardan satdığını etiraf etmiş və məsuliyyətdən yayınmaq üçün belə bir şey uydurmuşdur ki, guya satdığı əşyaları onun razılığı ilə satmışdır. İddia ərizəsinə etirazın əsaslandırıldığı hallar Cavabdeh X1 iddia ərizəsinə etirazda bildirmişdir ki, 1840 manat dəyərində malyar işi, 600 manat dəyərində alçipan vurulması, 720 manat dəyərində döşəmə vurulması, 448 manat dəyərində rigel quraşdırılması, 300 manat dəyərində fiqurlu alçipan yığılması işləri görmüş, görülən işin dəyəri 5164 manat təşkil etmişdir. İddiaçı isə ona 4900 manat ödəniş etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmənin baxış iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı izahat verərək iddia ərizəsində göstərdiklərini bir daha təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə yalnız 86 m2 sahəsi olan üçotaqlı evin divarlarının və tavanının hamarlanması, divarların alçı ilə üzlənməsi və divar kağızı vurulması üçün hazırlanması, tavana alçipan vurulması (“şkatur” işi) 5500 manata razılaşmışdır. Cavabdeh təmiri yarımçıq qoyduğu üçün sonradan başqa ustalar tərəfindən təmir başa çatdırılmışdır. Cavabdeh Məhəmməd oğlu məhkəmənin baxış iclasında izahat verərək bildirmişdir ki, iddiaçının Xırdalan şəhərində yerləşən evinin divar kağızı vurulması istisna olmaqla digər şkatur işini 5500 manat qarşılığında görməyə razılaşmışlar. Həmin mənzilin yerləşdiyi binada başqa şəxslərə məxsus bir neçə mənzilin də daha əvvəl təmirini həyata keçirmişdir. İddiaçıya məxsus evin təmirini daha ucuz, yarı qiymətinə razılaşmışdır. Həmin pulun qarşılığında divarlar və tavan hamarlanmış, alçipan vurulmuş, yerin beton işi görülmüş, isti döşəmə sistemi quraşdırılmışdır. Sonradan iddiaçı əlavə işlərin görülməsini, divar kağızı vurulmasını da tələb etmiş, yəni evi tam tam təhvil verməyi tələb etmişdir. Bunun müqabilində əlavə 4000 manat pul verməsini istəsə də iddiaçı bununla razı olmadığından işi dayandırmışdır. İddianın digər hissəsi ilə bağlı bildirmişdir ki, təmir zamanı 2 alçipan çatışmadığı üçün təmir işləri görən digər qonşudan borca 2 ədəd alçipan götürmüş, sonradan buun əvəzində iddaçının razılığı ilə həmin qonşuya bir ədəd dikt və iki kisə sement vermişdir. Heç kimə iddaçının tikinti materialını satmamışdır. Öhdəsinə götürdüyü bütün işi görmüş, təkcə mənzilin mətbəxinin tavanının təmirini başa çatdırmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Maarif Abbasov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində şikayəti əsasında təhqiqat araşdırması aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işnin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın məzmununda Cavabdeh izahatı aşağıdakı kimi göstərilmişdir: “İzahatı alınmış Cavabdeh bildirmişdir ki, usta kimi işləyərək ailəsini dolandırır və Ramiz adlı usta onu Vəfadarla tanış etmişdir. Vəfadar Xırdalan şəhəri, "Abşeron City" yaşayış kompleksində yerləşən evini təmir etdirmək istədiyini ona bildirmiş və o, evə baxış keçirmişdir. Vəfadar görüləcək işlərin evin divarları, döşəmə, tavan, sanitar qovşaq, sonda evin divarlarının və tavanın üzlənməsi və divarların aboya hazır olması olduğunu bildirmiş və bütün işlər üçün 5500 manata razılaşmışlar. Lakin evin elektrik və santexnik işlərini başqa usta görmüşdür. O, işlərdən döşəmə, sanitar qovşaq və bəzi işləri yerinə yetirmiş, digər tavan işləri isə qalmışdır. Bu zaman ərzində o, Vəfadardan ümumilikdə 4900 manat pul almış, işi yarımçıq qoyma səbəbi isə binaya işığın az vaxtlarda verilməsi və tez-tez cərimə olunması olmuşdur. O, həmin evdən bir ustaya birinin qiyməti 4 manat 20 qəpik olan 7 kisə oseb vermiş, lakin pul almamışdır. Orada 1 ədəd dikt artıq qalmış, onu da Vəfadardan icazə almış, Vəfadar da "istəyirsən sat, istəyirsən pulsuz ver" deyə bildirmişdir. O da həmin dikti ustaya vermiş və 10 manat pul almışdır. O, ev üçün digər ustadan 2 ədəd alçiban və bir neçə ədəd kəsilmiş alçiban alıb istifadə etdiyini göstərmişdir.” İddiaçı tərəfindən mənzilin təmirdən sonrakı görüntülərini əks etdirən 07 ədəd fotoşəkil məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmış, icra ediləcək işin həcmi və bunun müqabilində ödənilməli muzdun miqdarı müəyyənləşdirilmişdir. Belə ki, podratçı (cavabdeh) sifarişçiyə (iddiaçı) məxsus Abşeron rayonu Xırdalan şəhəri "Abşeron City" yaşayış kompleksində yerləşən üçotaqlı mənzili təmir etməyi, yəni evin divarlarının və tavanının hamarlanması, divarların alçı ilə üzlənməsi və divar kağızı vurulmasını, sifarişçi (iddiaçı) isə bunun müqabilində 5500 manat məbləğində muzd ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi (iddiaçı) tərəfindən işin gedişində podratçıya (cavabdeh) hissə-hissə 4900 manat muzd ödənilmiş, bu hal məhkəmə prosesində mübahisələndirilməmişdir. Lakin görülmüş işin həcmi və dəyəri barədə fikir ayrılığı mövcuddur. Sifarişçi (iddiaçı) ödənilmiş 4900 manat məbləğində muzdun qarşılığında müvafiq həcmdə iş görülmədiyini, cəmi 2300 manat dəyərində iş görüldüyünü iddia etmiş, podratçı (cavabdeh) isə işin başa çatdırılmadığını qəbul etsə də görülmüş işin ümumi dəyərinin 5164 manat təşkil etməklə ödənilmiş muzdun miqdarından artıq olduğunu bildirərək iddianın bu hissəsinə etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən işin icra edilməsi ilə bağlı sübutetmə yükü podratçının üzərinə düşür. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh görülmüş işin dəyəri ilə bağlı öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Mənzilin təmiri sonradan başa çatdırılaraq cavabdeh tərəfindən görülmüş işlərin nəticəsi aradan qaldırıldığından məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi mümkün olmamışdır. İddiaçıya məxsus tikinti materialının cavabdeh tərəfindən satılması və bununla da ona maddi ziyan vurulması ilə bağlı hallar məhkəmə prosesində sübut olunmamışdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2600 manat məbləğində pul vəsaiti və ödənilmiş 46 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaiti və 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq iddaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar