Məhkəmə qərarları › İş №2(062)-1249/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1249/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1249/2025 28.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14450 manat pulun və 134 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Kamal oğlu bir neçə dəfə məhsul yığımı ərəfəsində onların kəndinin ərazisindən xurma məhsulu almış və pulunu ödəmişdir. 2024cü ilin məhsul yığımı ərəfəsində ondan 14450 manat dəyərində xurma məhsulu almış, məhsulu satmasına baxmayaraq pulunu ödəməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o xurmanı cavabdehə 3-4 hissədə vermişdi. Əvvəlki hissələrdə verdiyixurmanın pulunu almadan ona görə sonralar ona xurma vermişdir ki, o xurmaları yığdırdığından xarab ola bilərdi. Çarəsizlikdən əvvəl verdiyi xurmaların pulunu almadan ona əlavə olaraq xurmalar vermişdir.Bu aralarında baş tutmuş telefon danışıqları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahvələd oğlu ifadəsində göstərdi ki,İsmayıl onun əmisi oğludur.İsmayıl onun yanında Aqilə zəng edərək xurmaların pulunu istəmiş, Aqil isə 3-4 günə pulu ödəyəcəyini vəd etmişdir.O xurmanı İsmayıla vermişdir.İsmayıl isə Aqilə vermişdi.İsmayılın Aqilə xurma verdiyinin şahidi olmuşdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, anasının 85 yaşı var. O anası gilə gedəndə gördü ki, anası xurma yığdırır. Anasına xurmanın nisyə satılmamasını təklif etdi.Anası isə İsmayəla güvənərək ona xurma vermişdir. Ancaq vəd edilən vaxtda xurmanın pulları verilmədi. Müəyyən edildi ki, İsmayıl Aqildən xurmanın pulunu ala bilmir.Behi də anasına Aqil gətirib vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o 310 yekiş xurmanı İsmayıla vermişdi.Aqil ona sonradan demişdir ki, İsmayıl yox, onun pulunu özü verəcəkdir. Buna baxmayaraq pulun yarısı hələ də verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırkı iş üzrə iddiaçı nisyə alqı-satqı münasibətlərindən yarandığını bildirdiyi 14450 manat borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında təqdim olunmuş səs yazılarından və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdeh İddiaçı 14350 manat borcu olduğunu etiraf etmişdir. Belə ki, iddiaçı cavabdehlə telefon danışığında bildirir ki, 20.000 manat puldan 5650 manat pul qaytarılsa da, qalan pul qaytarılmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək 14350 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 manat 5 qəpik cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14350 (on dörd min üç yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 5(beş) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar