Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1267/2023 10.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 3-də yerləşən torpaq sahəsinin naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,5 kv.m yaşayış sahəsi 48,3 kv.m olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı2 və İddiaçı1 məxsusdur. Həmin daşınmaz əmlakın 10/12 hissəsi mülkiyyət hüquqları əsasında Cavabdeh adına, 1/12 hissəsi mülkiyyət hüquqları əsasında İddiaçı2 adına, 1/12 hissəsi mülkiyyət hüquqları əsasında İddiaçı1 adına qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXH-nın Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********24-10301 reyestr nömrəli çıxarış da verilmişdir. Əmlak sahiblərindən Cavabdeh iddiaçı qismində çıxış edərək, İddiaçı2 və İddiaçı1 qarşı daşınmaz əmlakın hərracda satılması və satışdan əldə olunan vəsaitin paylara müntənasib qaydada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir.Tovuz Rayon Məhkəməsinin 2(062)-1172020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən evi açıq hərracda satılması, hərracdan əldə olunan paylara müntənasib olaraq tərəflər arasında bölünməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər olaraq apellyasiya şikayəti vermişlər. X2 Məhkəməsinin qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXH-nın Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********24-10301 reyestr nömrəli çıxarışdan görünür ki, həmin ünvanda fərdi yaşayış evi ilə bərabər sahəsi 0,0891 ha olan torpaq sahəsi də mövcüddür və xüsusi mülkiyyətdədir. Lakin Tovuz Rayon Məhkəməsinin qətnaməsində yalnız fərdi yaşayış evinin hərrac vasitəsilə satılaraq hərracdan əldə olunan pul vəsaitinin paylara bölünməsi qeyd edilmişdir. Belə ki, torpaqla bağlı məsələ mübahisələndirilməmişdir. Hətta sözügedən məsələ ilə bağlı xx.xx.2017-ci il tarixlidə ünvan 1 saylı evin və torpaq sahəsinin naturada bölünərək paylara ayrılması tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-3600/2017 saylı qərardadı ilə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. Hüquqların dövlət qediyyatı haqqında daşınmazdövlət reyestrindən MN ******* saylı çıxarışada gösərilmiş, ünvan 2 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 124,5 kv.m olan fərdi yaşayış evinin naturada mülkiyyətçılərin paylarına uyğun bölünməsi mümkündürmü? 2. Əgər mümkündürsə hansı qaydada? Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(062)-80/2018 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payların naturada ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Yalnız iddianın evlə bağlı hissəsinə toxunulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən torpaqla bağlı məsələ mübahisələndirilməmişdir.. Halbu ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində torpağın naturada bölünməsi istənilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpağın naturada bölünməsi zərurəti vardır. Belə ki, onlar xüsusi paylı mülkiyyətlərində olan torpağın sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mülkiyyətlərinin istifadəsində manelər yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin heç bir razılıq əldə edə bilməmişlər. Bunları nəzərə alaraq bildirmək istəyir ki, hazırkı iddia üzrə mübahisə eyni tərəflər arasında olasa da, eyni predment deyildir. Belə ki, 2017ci il tarixdə qaldırılan iddiada hazırki mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Lakin hazırdakı iddia ərizəsi üzrə mülki mübahisədə yuxarıda qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətdədir. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, İddiaçı2 paylı mülkiyyətində ünvan 3 ünvanında 0.0891 ha torpaq sahəsi üzərində tikilmiş 124.50 kv.m yaşayı evi var. Həmin evin 10/12 hissəsi Cavabdeh, 1/12 hissəsi İddiaçı1 və 1/12 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərracdan satılması, Hərracdan əldə olunan vəsait paylara mütənasib olaraq 5/6 hissə Cavabdeh, 1/12 hissə İddiaçı2 və 1/12 hissə İddiaçı1 olmaqla tərəflər arasında bölünməsi qət edilmişdir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payların naturada ayrılması tələbinə dair iddisı təmin edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair sahəsi 0.0891 ha olan torpaq sahəsində tikilmiş tikilinin üzərində olan “B” və “C” tikilisi nəzərə alınmamaqla torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada təcrid şəkildə iki hissəyə bölünməsi Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3-də yerləşən torpaq sahəsi İddiaçı2 və İddiaçı1 paylarına uyğun şəkildə bölünməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3-də yerləşən və Cavabdeh, İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətlərində olan torpaq sahəsi tiklinin üzərində olan “B” və “C” tikililəri nəzərə alınmamaqla 1/12, 1/12 və 5/6 hissə olmaqla iddiaçıların paylarına uyğun naturada təcrid şəklində iki hissəyə bölünsün. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1267/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1267/2023
10.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver