Məhkəmə qərarları › İş №2(062)-1276/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1276/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1276/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Sarısu qəsəbəsində özünə məxsus ferması vardır. Həmin fermada 54 baş iribuynuzlu heyvan saxlayır. Heyvanlara çoban kimi Cavabdeh baxırmış. Cavabdeh xx.xx.2024-cü ildə onun mobil nömrəsinə sms göndərərək bildirmişdir ki, «gəlin fermanıza sahib çıxın». Səhər saatlarında fermaya gedən zaman heyvanların açıq vəziyyətdə sahibsiz olduğun görmüşdür. Heyvanları sayan zaman isə üç baş iribuynuzlu heyvanın əksik olmasının şahidi olmuşdur. X1 Nazirliyi 102 xidmətinə müraciət etmişdir. Daha sonra ətrafı axtararaq itən üç baş iribuynuzlu heyvanı tapmışdır. Cavabdehin onun fermasında işləməmişdən qabaq Ağcabədi rayon sakini Yusif adlı şəxsə 645 manat borcu olmuşdur. Cavabdeh həmin 645 manat borcu ödənildikdən sonra gəlib onun fermasında işləyəcəyinə söz vermişdir. Bu səbəbdən onun borcunu Yusifə ödəmiş və xx.xx.2024-cü ildə cavabdeh onun fermasına gəlmişdir. Əmək haqqı kimi aylıq 500 manat razılaşmışlar. Cavabdeh arvadı ilə birlikdə onun fermasında çoban kimi işləməyə başlamışdır. Bundan başqa cavabdehin fermaya gəlməsi üçün ona 50 manat yol pulu vermiş, o, gəldikdən sonra ehtiyaclarını ödəmək üçün (ərzaq-paltar) 205 manat, kreditinə 100 manat, konturuna 30 manat, üç blok siqaret üçün 78 manat, iki ədəd qaz balonu doldurmaq üçün 10 manat, kartof alınması üçün 20 manat, iki kq ət alınması üçün 20 manat, tort alınması üçün 15 manat, ümumi alınan qırx səkkiz ədəd çörək üçün 20 manat, habelə, əlavə bazarlıq üçün 14 manat olmaqla 1217 manat pul xərcləmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə kimi fermada işləmiş və xx.xx.2024-cü il tarixdə səhər saatlarından etibarən onu gözləmədən fermadan özbaşına çıxıb getmişdir. Cavabdehin hərəkətləri barədə Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı polis baş leytenantı Kənan Məhəmmədzadə tərəfindən araşdırılma aparılmış və cavabdehin izahatı alınmışdır. Cavabdeh polisə verdiyi izahatında yalnız 400 manat borcunun olmasını etiraf etmişdir. Lakin qərarda cavabdehin ona 1100 manat borcunun olması sübuta yetirilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin onun fermasında çoban işləməsi barədə telefonla razılıq əldə etmiş və cavabdehi gətirmək üçün Ağcabədi rayonuna getmişdir. Bu səbəbdən cavabdehin Yusif adlı şəxsə 625 manat borcun vermişdir. Pulu sayıb Bəhmənə vermiş, sonuncu da həmin pulu Yusif adlı şəxsə vermişdir. Oradan çıxdıqdan sonra yol ayrıcında cavabdeh bildirmişdir ki, taksi gələcək ona 20 manat pul verilməlidir. Həmin pulu da vermişdir. Bu hadisə xx.xx.2024-cü ildə olmuşdur. Daha sonra cavabdehi fermasına gətirmişdir. Cavabdeh bildirmişdir ki, qida rasionları alınmalıdır. Buna görə cavabdehi ərzaq mağazasına gətirmiş və 205 manatlıq bazarlıq etmişdir. Səhəri gün cavabdeh müraciət etmişdir ki, 100 manat kredit borcu vardır, həmin pul verilməli, habelə, 30 manatlıq kontur və 26 manatlıq blok siqaret alınmalıdır. Bunların da pulunu vermişdir. Bundan başqa cavabdehin əşyalarının gətirilməsi üçün yük avtomobilinə 50 manat vermişdir. Hansı ki, cavabdehin yükü minik avtomobilinə də yerləşərdi. Eyni zamanda cavabdehin arvadının ad günü üçün tort alınmasına 15 manat, iki kq ət üçün 28 manat, iki ədəd qaz balonunun doldurulması üçün 10 manat vermişdir. Cavabdeh göstərilən pulları qaytaracağını bildirsə də, qaytarmamış, əksinə xx.xx.2024-cü il tarixdə fermanı tərk edərək qaçmışdır. Ümumilikdə cavabdehin ondan aldığı pullar daha çox olsa da, işlədiyi günlərin əvəzini verdiyi puldan çıxmış və geri qalanı tələb edir. Onu da göstərdi ki, bütün pulları cavabdehə borc kimi vermişdir ki, sonradan maaşdan çıxsın. Aralarında maaşdan başqa cavabdehə ərzaq alınması və ya siqaret alınması barədə razılıq olmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, xx.xx.2024-cü il tarixdə cavabdehin fermasında işə başlamışdır. Fermada 15 gün işləmiş və xx.xx.2024-cü il tarixdə fermadan çıxmışdır. Aylıq 500 manat məbləğdə əmək haqqı ödənilməsi barədə razılaşmışlar. Bundan başqa iddiaçı onun aylıq ərzaq məhsullarını və çəkdiyi siqareti almağı öhdəsinə götürmüşdür. İddiaçı onun çoban kimi işləməyə gətirmək üçün Ağcabədidə Yusif adlı şəxsə olan 625 manat borcunu vermiş, orada nömrə aldığı üçün yaranan borc üzrə 20 manat vermiş, 100 manat kredit borcunu vermiş, habelə, 30 manat isə kontur puluna vermişdir. Bundan başqa mağazadan ona 205 manatlıq bazarlıq edilmiş, 26 manatlıq blok siqaret alınmış, arvadının ad gününə hədiyyə kimi isə iddiaçı 30 manatlıq tort almışdır. Qaz balonlarının doldurulması üçün isə 10 manat pul vermişdir. Alınan ət iki deyil bir kq olmuşdur. Hesab edir ki, ərzaq və tütün məhsullarına verilən pulun ondan tələb edilməsi əsassızdır. Çünki bunu iddiaçı etməli idi. Ümumiyyətlə göstərir ki, iddiaçı ona məxsus fermada çoban kimi işləyənlərin hamısına qarşı haqsızlıq etmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh ümumilikdə İddiaçı 400 manat məbləğdə borcunun olmasını bildirmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir (Mülki Məcəllənin 742.1-ci maddəsi). İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı fermasında aylıq 500 manat müqabilində çoban işləməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Cavabdeh iddiaçıya məxsus fermada xx.xx.2024-cü ildən çoban kimi işləməyə başlamışdır. İddiaçı cavabdehin əvvəllər yanında işlədiyi Yusif adlı şəxsə olan 625 manat borcunu və 100 manatlıq kredit borcunu bağlamışdır. Həmçinin onun aldığı nömrəyə görə 20 manat borcunu bağlamış, habelə, nömrəyə 30 manat kontur yükləmişdir. Bundan başqa cavabdehə 205 manatlıq ərzaq məhsulları, 26 manatlıq blok siqaret, arvadının ad günü zamanı isə 30 manatlıq tort və 14 manatlıq bir kq ət almışdır. Eyni zamanda cavabdehin istifadəsi üçün qaz balonlarını 10 manat müqabilində doldurmuşdur. İddiaçı bütün bu pulları cavabdehə borc olaraq vermişdir ki, sonra onun əmək haqqından çıxsın. Lakin cavabdeh fermanı xx.xx.2024-cü il tarixdə iddiaçıdan xəbərsiz özbaşına tərk edərək çıxıb getmişdir. Ümumilikdə iddiaçı cavabdehə 1060 manat borc pul vermişdir. Cavabdeh isə həmin məbləğdə hər hansı pul qaytarmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərir ki, iddiaçının cavabdehə 1060 manat məbləğdə borc verməsi işin mübahisə edilməyən halıdır. Çünki cavabdeh özü də həmin məbləğləri etiraf etmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, ərzaq və tütün məhsullarının dəyərinin ödənilməsi iddiaçı ilə aralarında olan razılığa əsasən onun tərəfindən edilməli idi. Lakin iddiaçı həmin halı qəti şəkildə rədd etmiş və bildirmişdir ki, cavabdehə həmin pul vəsaitlərini borc kimi vermişdir ki, cavabdeh maaş aldıqca ondan çıxar. Odur ki, məhkəmə cavabdehin bu barədə izahatına tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı 1060 manat pul məbləği geri qaytarılmadığından cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Çünki, cavabdeh iddiaçı ilə aralarında yaranmış öhdəlik hüquq münsibətləri əsasında üzərinə götürdüyü vəzifəni icra etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1060 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manatının əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq büdcəyə ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manatının əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar