Məhkəmə qərarları › İş №2(062)-1290/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1290/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1290/2024 20.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pulun alınaraq və dövlət rüsumu hesabına ödədiyi 45 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvəllər həmkəndlisi kimi tanımışdır. Əvəllər onunla aralarında hər hansı ədavət və narazılıq olmamışdır. O cavabdehə 2022-ci ilin dekabr ayında 2500 manat pul vermişdir. Pulu ondan alarkən borc məqsədilə almışdır. Borcunu isə qaytarmamışdır. Hər dəfə borcunu qaytarması ilə bağlı onunla əlaqə yaradarkən bildirmişdir ki, pulu qaytaracaqdır. Sonuncu dəfə Cavabdeh borcunu qaytarması ilə bağlı müraciət etsə də, o yenə də borcunu qaytaracağını bildirmişdir. Lakin borcunu qaytarmamışdır. O pulu götürən zaman bildirmişdir ki, borcunu yaxın müddətdə ödəyəcək. Lakin həmin pulu ödəməmişdir. Ona görə də, Cavabdeh 2500 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 45 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bidirdi ki, cavabdeh borcunu ödəmir. Hətta cavabdehlə qohumluq münasibətində olduğu üçün ona vaxt vermiş, lakin o borcunu ödəmir. Ona görə də, təmin olunmasını xahiş etmişdir. Əvvəllki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o iddaçıdan borc almamışdır, sələm şəklində pul almıışdır. İddiaçıdan cəmi 1300 manat pul götürmüş, götürdüyü pulun müqabilində 2340 manat ödəniş etmişdir. Belə ki, 3 il 65 manatdan ödəniş etməli idi. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə 2340 manat məbləğində pul vermişdir. İddiaçı 2500 manat məbləğində pulun cavabdehə verilməsini sübut etməsə də, cavabdehin izahatından müəyyən edilir ki, 2340 manat pul cavcabdehə verilmişdir. Cavabdeh 2340 manat pulun iddiaçıya ödənilməsini iddia etsə də, o bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 2340 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2340 manat borc və ödənilmiş dövlət rüsumunun 43 manat 40 qəpiyi alınaraq İddiaçı verilməli,iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 2340 manat borc və ödənilmiş dövlət rüsumunun 43 manat 40 qəpiyi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar