Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1304/2024 21.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12500 manat məbləğdə əsas borcun, 800 manat məbləğdə faiz borcunun və ödənilmiş 127,50 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12500 manat məbləğdə borc vermişdir. Kredit müqaviləsinin ikinci bəndinə görə cavabdeh aldığı pulu xx.xx.2022-ci il tarixə kimi qaytarmalı idi. Lakin cavabdeh bu günə kimi aldığı borcu qaytarmamışdır. Dəfələrlə pulun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliyin icrasından yayınmışdır. Bundan başqa cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikən 16 ay üçün 800 manat məbləğində pul tələb edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Borc verən İddiaçı ilə borcalan Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən 12500 manat məbləğdə pulu borcalana depozit hesabı ilə borc vermiş, borc alan isə həmin məbləği xx.xx.2022-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materialları ilə cavabdehin iddiaçıya 12500 manat məbləğdə pul borclu olması öz təsdiqini tapır. İşin bu halı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ilə sübuta yetirilir. Cavabdeh də həmin müqaviləni mübahisələndirmir. Çünki onun tərəfindən məhkəmə bildirişləri əldə edilsə belə, iddia tələbinə dair hər hansı etiraz bildirilməmişdir. Bu hal onun borclu olmasını qəbul etdiyi anlamına gəlir. Həmçinin həmin pul vəsaitindən hər hansı məbləğin iddiaçıya qaytarılması da iş materiallarından müəyyən edilmir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Sadalanan hüquq normalarını iş materialları ilə müqayisəli şəkildə təhlil edən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 12500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Tələbin kredit müqaviləsi bitəndən sonra hesablanmış 800 manat faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Mülki Məcəllənin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən kreditorun gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Çünki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 127,50 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğdə əsas, 800 (səkkiz yüz) manat faiz borcu olmaqla cəmi 13300 (on üç min üç yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 127,50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1304/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1304/2024
21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver