Məhkəmə qərarları › İş №2(062)-1482/2025

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1482/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1482/2025 12.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı Valeh oğlunun iştirakı ilə, İddiaçı Valeh oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Valeh oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2677 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 46 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə borclu Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə 23% olmaqla 1500 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı Valeh oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən borcun ödənilməsi barədə borclu Cavabdeh xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilməmişdir. Tovuz Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2(062)-1132/2018 nömrəli əmri ilə xx.xx.1979-cu ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş və Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olan Cavabdeh, xx.xx.1979-cu il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş və Ucar rayonunun Yuxarı Şilyan kəndində qeydiyyatda olan İddiaçı Valeh oğlundan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1234,52 ABŞ dolları əsas, 756,23 ABŞ dolları faiz borcu, cəmi 1990,75 (bir min doqquz yüz doxsan dollar yetmiş beş sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə olan manat məzənnə nisbəti ilə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. Tovuz rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli № 2(062)-1132/2018 nömrəli əmri icra olunması üçün Tovuz və Ucar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borcun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmiş, borcun 2677 (iki min altı yüz yetmiş yeddi) manatı onun 2-ci dərəcəli əlilliyə görə aldığı təqaüddən tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı Valeh oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Məhkəməsinin 30 mart 2018-cı il tarixli 2(062)-1132/2018 nömrəli məhkəmə əmrinə əsasən, xx.xx.1979-cu ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş və Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olan Cavabdeh, xx.xx.1979-cu ildə Ucar rayonu Yuxarı Şilyan kəndində anadan olmuş və Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olan İddiaçı Valeh oğlundan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1234,52 ABŞ dolları əsas, 756,23 ABŞ dolları faiz borcu, cəmi 1990,75 (bir min doqquz yüz doxsan dollar yetmiş beş sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə olan manata məzənnə nisbəti ilə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. Tovuz rayon icra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən 2(062)-1132/2018 nömrəli icra sənədi tam şəkildə icra edildiyinə görə icra üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 46 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə borclu Cavabdeh arasında 18 avqust 2015-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borcluya illik 23% istifadə haqqı ödəməklə 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC-dən Cavabdeh götürdüyü kreditin təminatı kimi İddiaçı Valeh oğlu ilə 18 avqust 2015-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tovuz Rayon Məhkəməsinin 30 mart 2018-cı il tarixli 2(062)-1132/2018 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh və İddiaçı Valeh oğlundan müştərək qaydada kreditor "xxxx" ASC-nin xeyrinə 1234,52 ABŞ dolları əsas, 756,23 ABŞ dolları faiz borcu, cəmi 1990,75 (bir min doqquz yüz doxsan dollar yetmiş beş sent) ABŞ dolları məbləğində kredit borcu tutulması əmr edilmişdir. Həmin məhkəmə əmrinin icrası ilə bağlı "xxxx" ASC-nin xeyrinə İddiaçı Valeh oğlunun gəlirlərindən tələb olunan 2677 manat məbləğ tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Belə olan halda İddiaçı Valeh oğlu Cavabdeh ödədiyi məbləği geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc kimi 2677 manat məbləğində pul vəsaiti və ödənilmiş 46 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 241, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc kimi 2677 (iki min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Valeh oğluna ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar