Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1491/2024 02.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6074,27 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 85 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların hər ikisi hərbi qulluqçudur. Cavabdeh ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində birlikdə xidmət edən zaman tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Cavabdehə daim etibarı olmuşdur. Cavabdeh "xxxx" ASC-dən 2019-cu ildə 17618 manat məbləğdə kredit götürmüş və həmin müqavilə üzrə ondan zamin olmağı xahiş etmişdir. Aralarında yaxın münasibət olduğu üçün cavabdehə zamin olmağa razılıq vermişdir. Cavabdeh is öz növbəsində krediti vaxtında ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh bir müddət kredit borcunu ödəsə də, sonradan kredit ödənişləri etməmişdir. Bu səbəbdən cavabdehin banka olan borcunu özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin kredit müqaviləsi üzrə 6074,27 manat borcu onun tərəfindən ödənilmişdir. Cavabdeh özü də bunu bilir və həmin pulu qaytarmağa söz versə də, müxtəlif bəhanələrlə bundan imtina edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, o, borcalan Cavabdeh həmin tarixli 147RGTK0263686AA nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə onunla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, zamin İddiaçı tərəfindən 147RGTK0263686AA nömrəli kredit müqaviləsi üzrə 4442,84 manat kredit ödənişi həyata keçirilmişdir. Eyni zamanda xidmət haqqı olaraq ondan 44,43 manat da əlavə pul tutulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, zamin İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi zamin olduğu kredit müqaviləsi üzrə 1588,53 manat tutulmalar həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri reqres qaydada ödənilmiş pulun alınması üzrə yaranmış mülki münasibətlərdir. Odur ki, mübahisə Mülki Məcəllənin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlə, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Hazırda mübahisə üzrə iddiaçı zamin olaraq ödədiyi pulların cavabdehdən alınmasını xahiş edir. Bununla bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə zaminlikə bağlı göstərir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə o, borcalan Cavabdeh həmin tarixli 147RGTK0263686AA nömrəli kredit müqaviləsi əsasında yaranmış öhdəliklərinə görə onunla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada icra etmədiyi üçün kreditor tərəfindən zamin olaraq İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 1588,53 manat tutulmalar həyata keçirilmişdir. Həmçinin xx.xx.2024-cü ildə İddiaçı tərəfindən 147RGTK0263686AA nömrəli kredit müqaviləsi üzrə 4442,84 manat kredit ödənişi həyata keçirilmişdir. Eyni zamanda xidmət haqqı olaraq ondan 44,43 manat pul da tutulmuşdur. İddiaçı zamin olaraq banka ödədiyi pulları cavabdehdən tələb etsə də, cavabdeh ona hər hansı pul qaytarmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin borclu olduğu kredit müqaviləsi üzrə onun əvəzinə etdiyi ödənişlər barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Bu sübutlar "xxxx" ASC-dən alınmış ödəniş qəbzləri və ödəniş kartından çıxarışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər hesab edərək iddianın təmin olunması üçün əsaslı sayır. Reqres məsuliyyətlə bağlı məhkəmə mövqeyini daha da işıqlandırmaq üçün göstərir ki, reqres məsuliyyət mülki hüquq məsuliyyətinin bir növüdür. Reqres qayıtma və geriyə hərəkət deməkdir. Reqres məsuliyyət odur ki, bu məsuliyyət əsas öhdəlik üzrə borclunun bilvasitə zərərvuranın yerinə zərərin əvəzini kreditora ödəməsini və bundan sonra onun bilavasitə zərərvurana geriyə tələb (reqres) irəli sürməsini nəzərdə tutur. Reqres məsuliyyət isə reqres öhdəlikdən yaranır və reqres öhdəliklər həmişə əsas öhdəliyin icrası anında əmələ gəlir və əsas öhdəlik üzrə borclu reqres öhdəlik üzrə kreditora, bilvasitə zərərvuran isə borcluya çevrilir. Deməli reqres məsuliyyəti bilavasitə zərurvuranın yerinə zərərin əvəzini ödəyən şəxsin əmlak sferasının bərpa olunmasına yönəlir. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsində göstərilmişdir ki, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə sadalanan hüquq normaları ilə işin müəyyən edilmiş hallarını sistemli təhlil edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Odur ki, 6074,27 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 85 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 6074,27 (altı min yetmiş dörd manat iyirmi yeddi qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş pulun əvəzi olaraq 85 (səksən beş) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1491/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1491/2024
02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver