Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1505/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1260 manat borcun, 56 manat mediasiya xərcinin və 34 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1351 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təsadüfən tanış olmuş və Cavabdeh onun güvənini qazanmışdır. Babək ona güvən yaratdıqdan sonra 2023-cü ilin mart ayında özünə mobil telefon almaq məqsədi ilə ondan "Kapital Bank” hesabından öz adına nəğd pul götürülməsini istəmiş və həmin pulu özü hissə-hissə ödəyəcəyini vəd etmişdir. Buna inanaraq o Babəkin istəyini yerinə yetirərək "Kapital Bank” hesabından 630 (altı yüz otuz) manat məbləğində kredit pul götürərək Babəkin ona göndərdiyi bank hesabına köçürmüşdü. Bir neçə gün sonra isə Babək həmin pulun telefon alınması üçün kifayət etmədiyini söylərək ondan təkrarən eyni qaydada 120 manat və əlavə 10 manat məbləğində pul almışdır. 31 mart 2023-cü il tarixdə isə Babək onun taksi kimi fəaliyyət göstərdiyi nəqliyyat vasitəsinin sıradan çıxmış bəzi detallarının alınmasına görə yenidən pula ehtiyyacı olduğunu və həmin pulu hissə-hissə qaytaracağını bildirmişdir. O onun taksi sürücü kimi işlədiyini nəzərə alaraq, hesab etdi ki onun avtomobilin işləməyəcəyi təqdirdə bundan öncə ondan aldığı 760 manat (yeddi yüz altmış) məbləğində borc pulu qaytara bilməyəcək. Məhz bu səbəbdən o ona 750 manat məbləğində təkrarən borc pul vermişdi. Babək isə 2023-cü ilin iyul ayın sonuna qədər həftədə 1-2 dəfə mütəmadi olaraq 15-20 manat məbləğində, cəmi olaraq bütöv borcundan 250 manat məbləğini qaytarmışdır. Babək ona 1510 manat məbləğində olan ümumi borcundan 250 manat ödəsə də, lakin borcun qalan hissəsini ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı onunla dəfələrlə əlaqə saxlasa da, o hər zaman müxtəlif bəhanələr gətirmiş və nəticədə bu vaxta qədər ona olan borcu ödəməmişdir. Daha sonra o başa düşmüşdü ki, o insan ona yalan vədlər verərək, etibarından sui-istifadə edərək, onu aldatmışdır. Hal-hazırda “LEO Bank” və “Kapital Bank” dan götürdüyü ümumi borcun üzərinə hər gün müvafiq faizlər gəlməkdədir. Həmçinin keçirilən bütün pul əməliyyatlarının qəbzi mövcuddur. Ona görə də, Cavabdeh onun xeyrinə 1260 manat borc qalığının, 56 manat mediasiya xərcinin və 34 mant ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1351 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyinni qeyd edərək işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmışdır. Bu münasibətin mövcudluğu tərəflərin WhatsApp ani mesajlaşma tətbiqi üzərindəki yazışmaları ilə də müəyyən edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılan cavabdeh istər məhkəmə iclasına gələrək, istərsə də, iddiaya etirazını bildirərək yazışmaların ona məxsus olmadığına dair iddianın rədd edilməsinə xidmət edən dəlillər irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə məhkəmə qeyd edilən yazışmaları sübut kimi qəbul edərək onu bir daha qeyd edir ki, həmin sübutların dəf edilməsinə yönəlmiş sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən yazışmalarla müəyyən edilir ki, İddiaçı məxsus hesab üzərindən aparılmış kredit ödənişləri müxtəlif gecikmələrlə həyata keçirilmiş və kredit üzrə əsas və faiz borcların cavabdeh tərəfindən ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi həddə, yəni 1260 manat borcun olması müəyyən edilməsə də, Bank tətbiqinin foto surətindən görünür ki, mart ayında ümumi borc 1006,20 manat təşkil etmişdir.İddiaçı isə iddia ərizəsində göstərir ki, cavaqbdeh 2023-cü ilin iyul ayının sonuna qədər ona cəmi 250 manat pul qaytarmışdır. Belə olduğu halda məhkəmə belə hesab edir ki, cavabdehin iddiaçı qarşısında ödənilməyən 756,20(1006,20-250) qəpik pul öhdəliyi mövcuddur. İddiada göstərilmiş qaydada iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadədir. Qeyd edilən Məcəllənin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bu mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakı tələb edən hər hansı müqavilə bağlanılmamış və yaxud bağlanılsa da belə iddiaçı belə bir müqavilə məhkəməyə təqdim etməmişdir. Hazırki mübahisənin predmetini borc münasibətləri təşki etdiyindən bununla bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunmur. Odur ki, ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 756 manat 20 qəpik pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 756 manat 20 qəpik pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1505/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1505/2024
20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver