Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1510/2025 17.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Fəxrəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Fəxrəddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh günün məzənnəsinə uyğun olaq 430 min rubl pul və dövlət rüsumu hesabına ödədiyi 110 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və həmkəndlisidir. Bilet alqı-satqı işi ilə məşğul olur. 26 oktyabr 2024-cü il tarixdə Əmirxan ona zəng edərək evində təmir işi apardığını və 300 min rubl pul lazım olduğunu və 15 gün müddətinə qaytaracağını bildirmişdir. O, üç dəfəyə olmaqla hissə-hissə 300 min rubi borc pul göndərmişdir. İşini bitirdikdən sonra həmin pulu qardaşına verməyini istəmişdir. Bundan sonra ona pul lazım olduğu üçün Əmirxana zəng edərək həmin pulu onun kart hesabına vurmağını demiş, Əmirxan onunla razılaşmış və pulu qaytaracağını bildirmişdir. Bundan sonra o, kəndə qayıtmağı üçün Əmirxandan bilet almasını istəmiş və Əmirxan 20 min rubl ödəyərək bilet almışdır. Daha sonra 2025-ci ilin fevral ayının əvvəllərində oğlunun illik ödənişinin vaxtı olduğu üçün kirvəsindən 150 min rubl borc istəmişdir. O isə kart atmağını və pulu kart hesabına vuracağını bildirmişdir. Onun kartı olmadığı üçün Əmirxan ona pulu kartına vurmağını və sabah çıxarıb verə biləcəyini demişdir. O, razılaşmış və 150 min rublu Əmirxanın kartına göndərmişdir. Bundan sonra Əmirxan kartına atdığı pulu ona verməmişdir. Ümumiyyətlə nə əvvəl borc verdiyi 280 min rubl nədə ki, daha sonra atdığı 150 min rubl pulu ona verməmişdir. Hər dəfə pulu istədikdə avtomobilini satıb pulu verəcəyini bildirsə də pulunu verməmiş, istədikdə isə "hara şikayət edirsən et, pulunu verməyəcəm" demişdir. Bununla bağlı onda səs yazıları vardır. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia ərizəsinə etirzazında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı ilə həmkəndlidir və uzun müddət mehriban münasibəti olmuşdur. Son vaxtlar aralarında mübahisə yaranmış və bir neçə gün ona gecələr zəng edib narahat etmiş, şər və böhan atmaqla söyüşlər söymüş və sözləri ilə onu təhqir etmişdir. Onun iddiaçıya borcu yoxdur. Əvvəllər aralarında pulla bağlı alış-veriş olmuş, o. iddiaçıya, iddiaçı da ona görülən işlərlə bağlı pullar göndərmişdir. Hətta iddiaçını ona ayrı-ayrı vaxtlarda borcları olmuş, həmin borcların qaytarılmasını iddiaçıdan tələb etməmiş, borcu olduğu halda heç vaxt məhkəməyə müraciət etməmişdir. İddiaçıdan 300 min borc aldığını təsdiq edəcək sübut yoxdur. İddiaçı ona 300 min manat borc verməmişdir. İddia ərizəsində səs yazıları ilə bağlı disk olduğu göstərilmişdir. Həmin diskdə olan səs yazıları ekspertizaya göndərilməli və orada olan səslər aydınlaşdırılmalıdır. İşin obyektiv araşdırılması üçün diskdə olan səslərin mənası tam öyrənilmənli və buna görə də xüsusi bilik tələb edən ekspert təyin olunmalıdır. İddia ərizəsində göstərilən faktlar tam ziddiyətli ifadələrdir. Onun adına olan karta iddiaçı pul göndərməmiş və iddianın bu hissəsi də yalandır. İddiaçı ilə son hesabatını aparanda onun iddiaçıya cəmi 1400 manat borcu müəyyən olunmuşdur. İddia tələbində göstərilən məbləğ həddən artiq şişirdilmişdir. Ona görə də iddianın qalan hissəsinin rədd olunmasını xahiş edir. 2250 manat pulu xx.xx.2025-ci il tarixdə iddiaçının göndərdiyi kart hesabına köçürmüşdür. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmiş, izahatında iddia ərizəsində göstərilənləri təsdiqləmiş, cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, təqdim edilmiş qəbzlərdə göstərilən hesab nömrələrinin onlara aid olmadığını, cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan digər sübutlar və onlar əsasında təsdiq edilən faktlar İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bir ədəd diskə baxış zamanı 15 ədəd səsli faylda adları çəkilməyən 2 nəfər kişi cinsli şəxsin məzmunu iddia ərizəsində göstərilən hallara uyğun gələn dialoqları müəyyən olunmuşdur. Həmin dialoqlara əsasən zəng edən tərəfin borcun qaytarılması tələbinə cavab olaraq digər tərəf tezliklə tələb olunan pulu qaytaracağını vəd versə də sonradan kobud və təhqiramiz formada borcunu qaytarmayacağını bildirir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1-********** nömrəli bank qəbzinə əsəsən xx.xx.2025-ci il tarixdə 1750 AZN ***2387 nömrəli bank kartından ***5449 nömrəli bank kartına köçürülmüş, alıcı PA****** N****** kimi göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1-********** nömrəli bank qəbzinə əsəsən xx.xx.2025-ci il tarixdə 500 AZN ***2387 nömrəli bank kartından ***8677 nömrəli bank kartına köçürülmüş, alıcı OS****** R****** kimi göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, borcalan Cavabdeh borcverən İddiaçı Fəxrəddin oğlundan aldığı 430000 (dörd yüz otuz min) rubl məbləğində borcu qaytarmamış, borcverən İddiaçı Fəxrəddin oğluna zərər dəymiş və borc alan Cavabdeh bu zərərə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Cavabdeh iddia ərizəsinə etirazında gah iddiaçıya olan borcunu qaytardığını, borcunun olmadığını, gah da qalan borcunun 1400 manat təşkil etdiyini göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmiş, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının ona məxsus olduğunu inkar etməyərək səs yazılarındakı danışıqların kifayət qədər anlaşıqlı olmasına baxmayaraq onların mənasının aydınlaşdırılması və öyrənilməsi üçün ekspertiza təyin edilməsini təklif etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında həmçinin 1750 AZN və 500 AZN məbləğlərin iddiaçının dediyi hesablara köçürülməsi barədə qəbzlərə istinad etsə də iddiaçının nümayəndəsi həmin məbləğlərin onlra köçürülmədiyini, onlarla əlaqəsinin olmadığını bildirmiş, qəbzlərdə pulun iddiaçının hesablna köçürülməsi ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Cavabdeh isə bununla bağlı məhkəməyə heç bir əlavə sübut təqdim etməmiş, etirazını əsaslandırdığı halları sübut etməmişdir. Cavabdehin iddia tələbinə etirazında göstərdiyi mövqeyi iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı və təqdim edilmiş səs yazıları ilə əlaqəli təhlil edərək məhkəmə iddianı əsaslı hesab edir. Buna görə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc kimi 430000 (dörd yüz otuz min) rus rublu (ödəniş gününə rus rublunun Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) məbləğində pul vəsaiti və ödənilmiş 110 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc kimi 430000 (dörd yüz otuz min) rus rublu (ödəniş gününə rus rublunun Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Fəxrəddin oğluna ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1510/2025
Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1510/2025
17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver