Məhkəmə qərarları › İş №2(062)-1517/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1517/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1517/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüqquna xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin evdən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüqquna xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,9 kv. m olan yaşayış evindən Cavabdeh və onun azyaşlı Günel adlı uşağının istifadə hüquqlarına xitam verilməsinə, Cavabdeh və onun azyaşlı Günel adlı uşağının əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,9 kv.m yaşayış evi onun mülkiyyətindədir. Həmin ev Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına qeydə alınmışdır. Cavabdeh onun qardaşı gəlini olmuşdur. Ailə quran zaman onun evində yaşayıb və onun evinə qeydiyyata düşmuşdur. Cavabdeh ilə qardaşı oğlu X5 arasında nikah məhkəmə qaydasında 07 oktyabr 2022-ci il tarixdə pozulmuşdur. Cavabdehlə hazırda heç bir qohumluq münasibətləri yoxdur. Buna baxmayaraq Cavabdeh azyaşlı uşağı ilə onun evində yaşamağa davam edirlər. O, hazırda öz evinə əsaslı təmir işləri aparmaq istəyir. Cavabdehin onun evində yaşaması və onun əşyalarının olması ona mane olur. Belə ki, Cavabdeh və əşyalarının çıxarılması tələb etsə də o, evdən çıxmır. Cavabdeh hazırda onun mülkiyyətində qanunsuz olaraq yaşayır. O, öz mülkiyyətində olan evi təmir etdirə bilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin evə 2007-ci ildə gəlin köçmüşdür. Evə gəlin köçərkən ev qaynatasının mülkiyyətində olmuşdur. O həmin evə xərc çəkmişdir. Ona görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəli çıxarışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,9 kv. m fərdi yaşayış evinin xüsusi mülkiyyətçisidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli reyestr nömrəsi texniki pasportdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,9 kv. m fərdi yaşayış evinin hüquq subyektidir. Tovuz rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanılmış nikah pozulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X2r. 1 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01 sentyabr 1989-cu ildə vəfat etmiş X1 vərəsəsi onun qızı İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2007-ci ildə X5 ilə evlənərək sonuncunun babası X1 adına olan evə gəlin köçmüş, X31989-cu ildə vəfat etmiş, ondan qalmış mirası qızı İddiaçı qəbul etmiş, həmin ev onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Cavabdeh ilə X5 arasında bağlanılmış nikah 2022-ci ildə pozulmuş və o hazırda da mübahisəli evdə yaşamağa davam etməkdədir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus Tovuz şəhəri Mərdan Musayev küçəsi, 6 nömrəli evdən istifadə hüququ yaranmamışdır. Belə ki, cavabdeh 2007-ci ildə gəlin köçərkən keçmiş ərinin babasının adına olan evə gəlin köçmüş, həmin evdə yaşamış, ev 2022-ci ildə qanun üzrə vərəsəlik hüququ ilə İddiaçı adına qeydə alınmış, ev sonuncunun adına qeydə alınarkən, yəni mülkiyyətçi dəyişilərkən Cavabdeh həmin evdə yaşamağa davam etmişdir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi cavabdehin yaşadığı evin 2022-ci ildə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınması həmin evdə yaşan şəxslərin, o cümlədən Cavabdeh evin mülkiyyətçisi olmuş İddiaçı münasibətdə hüquq və vəzifələrinin həcminin dəyişilməsinə səbəb olmuşdur. Beləliklə 2022-ci ildən başlayaraq Mahirə ilə Könül arasında yeni hüquq münasibətləri yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, onlar arasında yaranmış hüquq meünasibətlərinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İddiaçı ailə üzvü olmayaraq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından onun İddiaçı xüsusi mülkiyyətində olan evdən istifadə etmək hüququ da yoxdur. Məhkəmə Cavabdeh istifadə hüququnun olmaması qənaətinə gəldiyindən, məhkəmə hesab edir ki,mövcud olmayan bir hüquqa da xitam verilə bilməz.Ona görə də iddia istifadə hüququna xitam verilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququnun olmaması qənaətinə gəlindiyindən cavabdeh iddiaçıya məxsus evdən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə cavabdehin az yaşlı qızı ilə birlikdə evdən çıxarılmaya dair hissəni də əsaslı hesab etmir. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Odur ki, azyaşlı Günelin anası Cavabdeh həmin evdən çıxarılması qənaətinə gəlindiyindən iddianın az yaşlı uşağın həmin evdən çıxarılmasına dair hissəsinin təmin edilməsinə zərurət yoxdur. Bundan başqa da məhkəmə iddia tələbinin cavabdehin əşyaları ilə birlikdə çıxarılmasına dair hissəsini də əsaslı hesab etmir. Belə ki, iddiaçı hansı əşyaların çıxarılması olmasına dair sübutlar təqdim etməmiş, həmin hissədə iddia konkret deyildir. Odur ki, iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,9 kv. m olan fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar