Məhkəmə qərarları › İş №2(062)-1542/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1542/2024

20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1542/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 20 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyana görə 40000 manat, mənəvi ziyana görə isə 150000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş icraatda olan zaman İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə verərək cavabdehdən maddi ziyana görə 56000 manat, mənəvi ziyana görə isə 150000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mülkiyyətçisi oğlu Emin Qasımov olan, lakin onun sahibliyində olan “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhər Ə.Cavad küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs işarə edərək avtomobili saxladıb, özlərini Tovuz RPŞ-nin polis işçiləri kimi təqdim edərək, xidməti vəsiqələrini göstərmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, avtomobil ilə birlikdə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxtı maşının qapısı açıq olmuş, maşın polis şöbəsinin həyətində saxlanılmışdır. Üzərinə baxış keçiriləndən sonra polis şöbəsinin həyətindəki avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı maşından çıxan narkotik vasitənin ona məxsus olmadığını, maşına polis əməkdaşları tərəfindən qoyulduğunu, bu halları aşkar etmək üçün polis şöbəsinin inzibati binasında avtomobilə doğru nişanlanmış video kameradan görüntülərin əldə edilməsinin vacibliyini bildirmiş, lakin bu vəsatəti təmin olunmamışdır. Ondan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evdə olan hər kəsi evin ikinci mərtəbəsinə qaldırmışlar. Hətta evində olan video müşahidə kamerasının aparatını belə polis əməkdaşları söküb aparmışlar. Evin zirzəmisində axtarış apararkən də guya ona məxsus olan narkotik vasitə aşkar edilmişdir. Halbuki, onların heç biri ona məxsus olmamış, o uzun müddət narkotik vasitədən istifadə etməmiş və ümumiyyətlə etmək fikrindən uzaq durmuşdur. Həmin tarixdən o, iki gün polis şöbəsində saxlandıqdan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək buraxılmışdır. Ona qarşı irəli sürülən ittiham məhkəmədə öz təsdiqini tapmamış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-6/2023 saylı hökmünə əsasən, barəsində bəraət hökmü çıxarılmış, həmin hökm Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-365/2023 saylı hökmü ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi göstərilənlər nəticəsində o, cinayət törətməkdə təqsiri olmadığı halda cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmışdır. Bu müddət ərzində o, maddi və mənəvi zərərə məruz qalmışdır. Belə ki, o, sahibkardır və bu müddət ərzində heç bir fəaliyyət növü ilə məşğul ola bilməmişdir. Onun qeyd olunan cinayətlə təqsirləndirilməyi səbəbindən qohumlar və onu tanıyan digər şəxslər arasında qınaq obyektinə çevrilməyinə, ona qarşı olan münasibətin dəyişməsinə və onun bu və ya digər formada cəmiyyətdən təcrid olunmağına gətirib çıxarmışdır. Bu məhrumiyyətlərə onunla bərabər ailə üzvləri də məruz qalmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə onu polis əməkdaşları saxlamış və iki gün nəzarətdə saxlanıldıqdan sonra buraxılmışdır. Həmin günün səhəri yeganə övladı olan oğlu Emin Qasımov o yatarkən anası ilə sağollaşıb Bakı şəhərinə getmişdir. Getməsinin səbəbini isə baş verən hadisələrlə əlaqələndirmiş və bir müddət burada yaşaya bilməyəcəyini bildirmişdir. Bir neçə gün zəng çatmamış və üç gündən sonra yol-nəqliyyat hadisəsi nəticəsində faciəli şəkildə vəfat etmişdir. Bundan sonra o və ailəsi uzun müddət mənəvi sarsıntı keçirmişlər. Bundan başqa o yuxarıda qeyd etdiyi kimi sahibkarlıq fəaliyyəti ilə, yəni mebel istehsalı ilə məşğul olur. Bu hadisələr başına gəldikdən bugünədək o heç bir fəaliyyətlə məşğul ola bilməmiş və ayda orta hesabla 2000 (iki min) manat əldə edə biləcəyi gəlirindən məhrum olmuşdur. Yeganə övladı vəfat etdikdən sonra onlar iki dəfə süni mayalanma etdirmiş və 14000 (on dörd min) manat miqdarında pul xərcləmiş, lakin mümkün olmamışdır. Odur ki, cavabdehdən maddi ziyana görə 56000 manat, mənəvi ziyana görə isə 150000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh təşkilatın məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(062)- 6/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşə əlavə olunmuş 09 mart 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, İddiaçı 09 mart 2022-ci ildə Tovuz şəhəri ərazisində saxlanılanaraq Tovuz RPŞ-nə aparılmışdır. İşə əlavə olunmuş 11 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilərək, onun barəsində MSY-dən azad edilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri bəraət almış şəxsə vurulmuş ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir. Mübahisə aşağıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirilməlidir. Cinayət Prosessual Məcəllənin vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərdən bəhs edən 56.0.1-ci maddəsində göstərilmişdir ki, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 57.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir (Cinayət Prosessual Məcəllənin 58.1 və 58.2-ci maddələri). Cinayət Prosessual Məcəllənin 58.3.1-ci maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərə görə kompensasiya verilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır (Cinayət Prosessual Məcəllənin 61.1-ci maddəsi). Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mülkiyyətçisi oğlu Emin Qasımov olan, lakin onun sahibliyində olan “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhər Ə.Cavad küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs işarə edərək avtomobili saxladıb, özlərini Tovuz RPŞ-nin polis işçiləri kimi təqdim edərək, xidməti vəsiqələrini göstərmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, avtomobil ilə birlikdə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı narkotik vasitə aşkar ediməmişdir. Həmin vaxtı maşının qapısı açıq olmuş, maşın polis şöbəsinin həyətində saxlanılmışdır. Üzərinə baxış keçiriləndən sonra polis şöbəsinin həyətindəki avtomobilinə baxış keçirilmişdir. Həmin tarixdən o, iki gün polis şöbəsində saxlandıqdan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək buraxılmışdır. Ona qarşı irəli sürülən ittiham məhkəmədə öz təsdiqini tapmamış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-6/2023 saylı hökmünə əsasən, barəmdə bəraət hökmü çıxarılmış, həmin hökm Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-365/2023 saylı hökmü ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi göstərilənlər nəticəsində o, cinayət törətməkdə təqsiri olmadığı halda cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmışdır. Bu müddət ərzində o, maddi və mənəvi zərərə məruz qalmışdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 1- ci maddəsində göstərilmişdir ki, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, habelə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə görə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri). Məhkəmə hesab edir ki, göstərilən məbləğ yəni İddiaçı iki gün tutulması 100 manat məbləğində qiymətləndirilərək maddi ziyan olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının hər ay 2000 manat pul qazanması barədə göstərdikləri məhkəmə iclası zamanı öz təsdiqini tapmadı. Eyni zamanda iddiaçı oğlunun ölümünü mövcud hadisə ilə əlaqələndirsə də, bu hal sübut olunmur. Belə ki, onun oğlu daşıma şirkəti tərəfindən ona təhkim edilmiş motosikllə qəza törətmiş və qəza nəticəsində ölmüşdür. Qəza nəticəsində motoskiletin dəyərinin ödənilməsinə dövlət məsuliyyət daşımır. Bundan əlavə iddiaçının arvadı ilə süni mayalanma nəticəsində dünyaya uşaq gətirə bilməməklərinin hazırda olan hadisə ilə heç bir əlaqəsi yoxdur. Ona görə də iddianın maddi ziyana aid qalan hissəsi təmin edilməməlidir. Mülki Məcəllənin 1101.1-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 7-ci maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarınının 2-ci bəndinə görə Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi inandırıcıdır. Çünki o, cinayət təqibinə məruz qalmış, 2 gün tutulmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bir sözlə iddiaçı daim psixoloji gərginlik yaşamışdır. Bundan başqa, barəsində cinayət təqibi həyata keçirilən zaman daim həyəcan və stres yaşamışdır. Bundan başqa,həmin stresi ailəsi də yaşamışdır. Həmçinin cəmiyyətdə onun haqqında cinayətkar olması barədə fikrin formalaşması ona neqativ təsir etmiş, bir növ onda ruh düşkünlüyü yaratmışdır. Bütün bunlar ona mənəvi ziyanın ödənilməsini şərtləndirir. Çünki iddiaçının mənəvi sarsıntı keçirməsi ağlabatandır və əksini düşünməyə əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 10cu bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 150000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyan olaraq 100 manat, mənəvi ziyan olaraq 1000 manat olmaqla cəmi 1100 (min yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar