Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-157/2025 23.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh X2 əvvəllər tanımamışdır. 2024-cü ilin avqust ayının 19-da yataq almaq üçün İlham adlı şəxsin yatağına gedərkən Şahvələd adlı bir şəxs ilə rastlaşmışlar. Həmin vaxtı Şahvələd adlı şəxs onlara otlaq sahəsinin lazım olduğunu bilmişdir və onlara demişdir ki, onun 120-130 ha torpaq sahəsi var. Başqa şəxslərə məxsus torpaq sahəsini onlara göstərib, ona məxsus olduğunu bildirərək yalan vəd vermişdir. Onlar cavabdehin verdiyi vədə inanaraq 500 manat pulu hissə-hissə cavabdehə vermiş, həmin torpaq sahəsini ümumilikdə 5000 manata danımışlar və qalan pulu heyvan gələndə verəcəkləri barədə razılığa gəlmişlər. Sonra gedib yerə baxanda həmin sahənin tam yarasız halda olduğunu görmüşlər. Bir nəfər şəxs gəlib burda Şahvələd adlı şəxsin yeri yoxdur, həmin sahənin ona məxsus olduğunu söyləmişdir. O, Şahvələdin onu aldatdığını bilib pulu tələb edəndə, onlara üzümü satıb pulu verəcəyini bildirmişdir. Daha sonra cavabdeh pulu verməkdən imtina etmişdir. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinə etirazın nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya etiraz ünvanlamişdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X1 qarşı (bundan sonra cavabdeh adlandırılacaq) iddia ərizəsi ilə Tovuz Rayon məhkəməsinə müraciət edərək 120-130 ha torpaq sahəsi üçün hissə-hissə verdiyi 500 (beş yüz) manat pul vəsaitinin geri qaytarılması xahiş etmişdir. Bildirir ki, İddiaçı Tovuz rayon məhkəməsinə böhtan xarakterli ünvanladığı pul tələbi ilə bağlı iddia tələbi əsası olmayan AR MPM-nin 149-cu (iddia ərizəsinin forması və məzmunu): 150-ci, 150.05-ci, 151-ci maddələrinin tələbinə zidd halda tərtib olunmuşdur. Aşağıda göstərilən faktlara, hüquq normalarına əsaslanaraq iddia tələbinə etiraz edir və əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı əsası olmayan iddia ərizəsində göstərmişdir ki, 19 avqust 2024-cü il tarixdə İlham adlı şəxsin heyvanların saxlanması üçün yatağa gedən zaman onunla tanış olmuş, onun torpaq sahəsi olduğunu bildikdən sonra 120-130 ha torpaq sahəsinə görə ona guya hissə-hissə pul vermiş sonradan onlara guya məlum olmuşdur ki, heç onun adında torpaq sahəsi yoxdur, guya başqa şəxsə məxsus torpaq sahəsini onlara göstərmiş, onlara söz vermiş ki, üzüm satdıqdan sonra pulu iddiaçıya qaytaracaqm, guya onları təhqir etmiş və bununla da ona hissə-hissə verdiyi 500 manatı ala bilmədiyi üçün sonunda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, 19 avqust 2024-cü il tarixdə Gorana getmək üçün Düz Qırıqlı kəndinin avtobus dayanacağında ictimai nəqliyyatın avtobuslarını gözləyirdi. Bu zaman ona bir maşın yaxınlaşıb Düz Qırıqlı kəndində torpaq sahəsinin icarəyə verən şəxsləri tanımağı barədə soruşmuş və o ona mənə məxsus torpaq sahələrini icarəyə vermək istədiyini bildirdi. Tələsdiyi üçün ona sabah görüşməklərini bildirsə də, o inadkarlıq edib torpaq sahələrini göstərməyini çox xahiş etdi. O ona məxsus torpaq sahələrini göstərdikdən sonra iddiaçı ərazini bəyənmiş, illik icarə haqqı 10000 (on min) manat desə də sonradan 7500 manata aralarında razılaşmışlar. Belə ki, o, ona heç bir pul vəsaiti vermədən atası ilə razılaşdıqdan sonra onunla görüşəcəyini bildirmişdi. Bundan sonra o onunla dəfələrlə görüşsə də aralarında müsbət nəticə əldə olunmamış, iddiaçı icarə haqqını illik olaraq 5000 (beş min) manata kimi aşağı salmağını istəmiş, sonunda 6000 (altı min) manata razılaşdıqda, Asan xidmət mərkəzində görüşüb, götürdüyü öhdəliyi rəsmiləşdirilmək istəsə də, sonuncu (iddiaçı) onu aldatmış, söz verdiyi 6000 (altı min) manat pul məbləğini ona verməmiş, Asan Xidmətə gəlməmiş, bununla da ona mənəvi və maddi ziyan vurmuşdur. Bura telefon danışıqları, Düz Qırıqlı kəndindən Tovuz rayonunda yerləşən Asan xidmət mərkəzinə getmək üçün taksilərə xərclədiyi pul vəsaitləri aiddir. Bundan başqa, bu hadisədən sonra sağlamlığında problemlər yaranmış və bu günə kimi ambulator müalicə alır. İddiaçının iddia tələbində göstərdiyi yalan fantaziyaları əsası olmayan böhtandan başqa bir şey deyil. Xüsusilə qeyd edir ki, o ona qarşı heç bir nalayiq sözlərdən istifadə edib, onu təhqir etməmiş, torpaq sahələri həqiqətən onun sahibliyindədir və iddiaçının iddia tələbində tələb etdiyi 500 (beş yüz) manat pul vəsaiti nə nağd şəkildə, nə də ki, hissə-hissə ona verilməmişdir. Nəticədə iddiaçının verdiyi yalan vədlərlə dəfələrlə onu aldadaraq torpaq sahəsinə icarə haqqı verilməsinə söz versə də, sonunda onu aldatmış, dəfələrlə Asan Xidmət Mərkəzi yanında gözləməyə məcbur etmişdir. Halbuki ona məxsus torpaq sahəsini icarəyə götürən real sahibkar var idi. İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, Elşad ilə birlikdə otlaq sahəsini icarəyə götürmək üçün cavabdehə yataqda 500 manat pul vermişlər. Sonra həmin sahənin özünə məxsus olmadığını bilmişdir. Elşad 500 manat pul versə də, o 100 manat əskik verildiyini bildirdi və sonra Elşad ona 100 manat da əlavə pul verdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin icarəyə götürülməsi üçün cavabdehə verdiyini bildirdiyi 500 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadəsi ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin icarəsi üçün 400 manat pulu Cavabdeh vermişdir. Belə olan halda, əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Həmçinin nəzərə alınır ki, cavabdeh iddiaya etiraz etsə də, onun verdiyi izahat bir-birinə ziddiyyətli cümlələrdən ibarət olmuş, habelə məhkəmə qaydasında tələb edilən pulun verilməsi şahid ifadəsi ilə təsdiq olunmuş, geri qaytarılması isə sübut olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 400 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa da məhkəmə iclasında Gədəbəy rayonunun sahə müəvkkili ilə əlaqə saxlanılmış, o həmin polsi nəfəri bildirmişdir ki, həqiqətən də Elşad Şahvələdə pul vermişdir.O bubarədə məlumatlıdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında polis nəfəri ilə əlaqə saxlanılması ilə pulun verilməsinə dair hakimdə daxili inam formalaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 400 manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-157/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-157/2025
23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver