Məhkəmə qərarları › İş №2(062)-1585/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1585/2025

27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1585/2025 27.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və digərlərinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X8, X9 və X5 qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum əri Rafiq Alıyevin atası X12 adına olmuşdur. X16 1986-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlakı onun mərhum əri Rafiq Alıyev və qaynanası Bəsti Həsənova qəbul etmişdir. Bəsti Həsənova vəfat etdikdən sonra isə miras əmlakı onun əri qəbul etmişdir. X10 2001-ci ildə vəfat etdikdən sonra isə miras əmlakı birinci növbə vərəsələr kimi onlar qəbul etmişlər. Cavabdeh isə miras mülkdə yaşamamış və miras əmlakı faktiki qəbul etməmişdir. Lakin bununla belə cavabdeh miras əmlakın onların adına rəsmiləşdirilməsinə razı deyil. Cavabdeh Rusiya Federasiyasının Volqaqrad şəhərində yaşayır və ölkə ərazisinə bir neçə ildən bir qısa müddətlik gəlib-gedir. Üçüncü şəxslər isə mərhum qaynanasının nəvələridir. Valideynləri vəfat etdiyi üçün iddia ərizəsində onları qeyd etmişdir. Həmin şəxslərin hər hansı tələbləri yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras əmlakı yalnız onun mərhum əri faktik qəbul etmişdir. Belə ki, fərdi yaşayış evində mərhum əri və uşaqları ilə birlikdə yaşamış, miras əmlakı qoruyub saxlamışlar. Vərəsələr arasında heç bir mübahisə yoxdur. Yalnız mübahisə edən cavabdeh olan qaynıdır. Hansı ki, cavabdeh 1990-cı illərdən ölkədən çıxaraq hazırki vaxta kimi Rusiya Federasiyasında yaşayır. Hətta valideynlərinin yas mərasimində belə ötəri gəlib qayıtmışdır. Hazırda da miras əmlakda o və iki oğlu yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, miras əmlakı onun mərhum atası faktiki qəbul etmiş, atasının ölümündən sonra isə miras əmlakı birinci növbə vərəsələr kimi onlar faktiki qəbul etmişdir. Mübahisəli mülkdə onlar yaşayır. Cavabdeh olan əmisi Rusiya Federasiyasında yaşayır. Onun tərəfindən miras əmlak qəbul edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 iddia tələbi ilə bağlı göstərdi ki, mərhum nənəsi Bəsti Həsənovadan qalmış miras əmlak onun mərhum dayısı Rafiq Alıyev tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, miras mülkdə valideynlərinin vəfatından sonra birinci növbə vərəsəsi kimi Rafiq Alıyev yaşamışdır. Mirası faktiki qəbul etmişdir. X18 ölümündən sonra isə hazırki iş üzrə iddiaçılar miras mülkdə yaşamağa davam etmişdir. Cavabdeh olan dayısı Cavabdeh isə cavan yaşlarından Rusiya Federasiyasına getmiş və hazırki vaxta qədər orada yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Prosesin digər iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında Xİİİ ЖГ 334572 saylı və Xİİ ЖГ 280182 saylı şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci ildə, İddiaçı3 isə xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X1, anaları isə İddiaçı1dır. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 2565 nömrəli arayışdan görünür ki, X11 xx.xx.1993-cü ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Nikahın bağlanması haqqında İİ ЖГ 368876 saylı şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı1 nikahlarını xx.xx.1981-ci ildə rəsmi qeydə aldırmışlar. Ölüm haqqında AZ 055355 saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2001-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Tovuz Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 38 nömrəli arayışdan görünür ki, mərhum X2 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,17 ha torpaq sahəsindən və ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evindən gəlini X3 istifadə edir. Əmlak və torpaq vergisini o ödəyir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********58-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,1662 torpaq sahəsi və üzərindəki ümumi sahəsi 91,3 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X6 məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materialları ilə müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********58-10301 reyestr nömrəli çıxarış əsasında ünvan 4 ünvanında yerləşən 0,1662 torpaq sahəsi və üzərindəki ümumi sahəsi 91,3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. Bəsti Həsənova xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlak birinci növbə vəsərəsi kimi oğlu X15 tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, miras əmlak olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış və miras əmlakı qoruyub saxlamışdır. Digər vərəsələrin mirası qəbul etməsi müəyyən edilmir. Rafiq Alıyev xx.xx.2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra isə miras əmlakı onun birinci növbə vərəsələri kimi iddiaçılar faktiki qəbul etmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan Bəsti Həsənova 2000ci ildən əvvəl, Rafiq Alıyev isə 2000-ci ildən sonra vəfat etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə həm xx.xx.2000ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. İlk növbədə məhkəmə mərhum Bəsti Həsənovadan qalmış miras əmlakın qəbulu ilə bağlı diqqət çatdırır ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin halları qeyd olunan Plenum Qərarına müvafiq araşdırılan zaman məlum olur ki, mərhum Bəsti Həsənovadan qalmış mübahisəli miras əmlak yalnız onun oğlu mərhum Rafiq Alıyev tərəfindən faktiki olaraq qəbul edilmişdir. Eyni zamanda onun ölümündən sonra isə mübahisəli miras əmlak birinci növbə vərəsələr kimi iddiaçılar tərəfindən faktik olaraq qəbul edilmişdir. Belə ki, miras əmlak daimi olaraq onların sahibliyində və istifadəsində olmuş, onlar tərəfindən qorunub saxlanılmışdır. Cavabdeh isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Cavabdeh miras əmlakı nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********58-10301 reyestr nömrəli çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən 0,1662 torpaq sahəsi və üzərindəki ümumi sahəsi 91,3 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Odur ki, iddiaçıların hər birinin payı miras əmlakdan 1/3 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********58-10301 reyestr nömrəli çıxarışda göstərilən və mərhum X6 məxsus ünvan 3 ünvanında yerləşən 0,1662 torpaq sahəsi və üzərindəki ümumi sahəsi 91,3 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissədə payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar