Məhkəmə qərarları › İş №2(062)-166/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-166/2024

23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-166/2024 23.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı əsassız varlanma tələbinə dair mülki işə Tovuz şəhərində 23 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi məhkəmədə cavabdeh "xxxx" MMC-yə qarşı iddia qaldıraraq cavabdehin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhərinin Nəsimi Rayon İcra Şöbəsinin icraatına daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Nikoyl İKB-dən işgüzar nüfuza vurulmuş zərərə görə cəmi 50000 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumunun Naiqin-K Tovuz Baltiya MMC-nin xeyrinə tutulması qeyd edilmiş, xx.xx.2017-ci il tarixdə şöbədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsi haqqında borcluya bildiriş göndərilmiş, Nikoyl İKB xx.xx.2017-ci il tarixdə şöbəyə müraciət edərək icra vərəqəsinin tam şəkildə icra olunduğunu bildirmiş qoşma olaraq ödəniş tapşırığına əsasən məhkəmə qərarında qeyd olunan pul vəsaitini Nikoyl İKB-yə yaxınlaşaraq götürə biləcəyini bildirmişdir. Daha sonra tələbkarın nümayəndəsi şöbəyə müraciət edərək qeyd olunan bank hesabında pul vəsaitinin olmadığını bildirmişdir. Bu səbəbdən borclu Nikoyl İKB-nin hüquq şöbəsi ilə əlaqə saxlanılmış və tələbkarın banka müraciət etdiyini, lakin pul vəsaitinin olmadığı üçün ala bilmədiyini bildirmiş, cavab olaraq həmin məhkəmə qərarı bank tərəfindən icra olunduğunu və pul vəsaitinin tələbkarın bank hesabında olduğu bildirilmişdir. Bankın hüquqşünası tərəfindən deyilən məlumatlar tələbkara deyilsə də, tələbkar həmin vəsaiti əldə edə bilməmiş və şöbəyə ərizə ilə müraciət edərək məhkəmə qərarında qeyd olunan pul vəsaitini borcludan tutularaq ödənilməsini xahiş etmiş, eyni zamanda hesabından çıxarışı təqdim edərək pul vəsaitinin hesabına vurularaq eyni tarixdə silinməsini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2017-ci il tarixdə borclunun bank hesabına inkasso sərəncamı qoyulmuşdur. Eyni zamanda xx.xx.2017-ci il tarixdə bankdan məhkəmə qərarında qeyd olunan pul vəsaitini Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. Məktuba cavab olaraq borclu Nikoyl İKB bildirmişdir ki, həmin pul vəsaitinin Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi qeyri mümkündür. Borclunun bank hesabından tutulan pul vəsaiti tərəflərindən təqdim etdikləri bank hesabına köçürülmüşdür. Bu səbəbdən xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilərək tərəflərə göndərilmiş və ondan şikayət verilməmişdir. 2017-ci il oktyabr ayında Nikoyl İKB Nəsimi icra və probasiya şöbəsinə qarşı silinmiş pul vəsaitinin geri qaytarılması barədə iddia qaldırmışdır. 1 Saylı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, 1 Saylı İnzibati-İqtisadi məhkəməsinin qərarı ləğv edilmiş, Nikoyl İKB ASC-nin iddiası mümkün sayılmamışdır. Nəsimi rayon məhkəməsinin 2(006)-1223/2019 saylı qətnaməsinə əsasən Nikoyl İKB-nin Nəsimi icra və probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və s. barədə iddia təmin edilmişdir. Həmin qətnamədən tərəflərindən apelyasiya şikayəti verilsə də təmin olunmamış, qərarı Ali Məhkəmə qüvvədə saxlamışdır. xx.xx.2020-ci il tarixdə icraata daxil olan Nəsimi rayon məhkəməsinin 2(006)-1223/2019 saylı xx.xx.2020-ci tarixli icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50.021 manat, cəmi 53.521 manat pul vəsaitinin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmuşdur. İcra sənədində icra ödənişi olan 3500 manat məbləğin Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçrülməsi nəzərə alınmaqla onun geri qaytarılmasının aydın olduğu halda digər məbləğin tələbkar Naiqin K Tovuz Baltiya MMC-dən tutulmasına dair icra vərəqəsində hər hansı qeyd göstərilməmişdir. Bu səbəbdən sözügedən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Daha sonra borclu Nikoyl İKB Nəsimi rayon icra şöbəsinə qarşı iddia qaldırmışdır. xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş Nəsimi rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı Nikoyl İKB-yə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmuşdur. 50020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına ödənilmişdir. Odur ki, Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin Nəsimi rayon icra şöbəsinin hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır. Onlar uzun müddətdir ki, "xxxx" İKB ilə fəaliyyət göstərmirlər. Göstərilən məbləğ "xxxx" MMC-nin hesabına köçürülən kimi dərhal geri qaytarılmışdır. Yəni pul barədə təmsil etdiyi orqan heç bir sərəncam verməmiş, sərəncam verilmədən həmin məbləğ razılıqları olmadan geri qaytarılmışdır. Halbuki, "xxxx" İKB-yə heç bir borcları olmamış, uzun müddətdir ki, həmin bankla işləməmişlər. Eyni zamanda iş üzrə iddia müddəti ötmüşdür. İddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. İşdə olan "xxxx" ASC-nin 12 fevral 2024-cü il tarixli məktubu ilə birlikdə göndərilən "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığındakı müxbir hesabından çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2017-ci ildə 50020 manat ödənilmiş, həmin vaxt "xxxx" MMC-nin "xxxx" İKB ASC-yə olan borcuna silinmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, borclu Nikoyl İKB-dən işgüzar nüfuza vurulmuş zərərə görə cəmi 50000 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumunun Naiqin-K Tovuz Baltiya MMC-nin xeyrinə tutulmalıdır. İşə əlavə olunmuş 1 Saylı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Nikoyl İKB-nin Nəsimi icra və probasiya şöbəsinə qarşı silinmiş pul vəsaitinin geri qaytarılması barədə iddiası təmin edilməmişdir. İşə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı İnzibati- İqtisadi məhkəməsinin qərarı ləğv edilmiş, Nikoyl İKB ASC-nin iddiası mümkün sayılmamışdır. İşə əlavə edilmiş Nəsimi rayon məhkəməsinin 2(006)-1223/2019 saylı qətnaməsindən görünür ki, Nikoyl İKB-nin Nəsimi icra və probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və s. barədə iddia təmin edilmişdir. İşə əlavə olunmuş Nəsimi rayon məhkəməsinin 2(006)-1223/2019 saylı xx.xx.2019cu tarixli qətnaməsindən görünür ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50.021 manat, cəmi 53.521 manat pul vəsaitinin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmuşdur. İşə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Nəsimi rayon məhkəməsinin 2(006)-1223/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-8023/2019 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 50020 manat məbləğində pul vəsaiti tələbkar olan Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına ödənilmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 26 iyul 2017-ci il tarixli 2- 2(102)-291/17 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin icra sənədinə əsasən iddiaçı Naiqin K- Tovuz Baltiya MMC-nin xeyrinə cavabdeh Nikoyl İKB-dən işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutlması qərara alınmışdır. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarla Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən iddiaçı Naiqin-K Tovuz Baltiya MMC-nin xeyrinə borcludan işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 və ödənilmiş dövlət rüsumuna 20 manat tutulması üçün borcluya borcun ödənilməsi üçün 10 gün müddətində könüllü icra müddəti təyin etmişdir və həmin tarixdə tərəflərə bildiriş göndərilmişdir. xx.xx.2017-ci il tarixli Nikoil İKB-nin Nəsimi rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/17 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin icra sənədində göstərilən məbləğdə pulu 11 oktyabr 2017-ci il tarixli 2629 saylı ödəniş tapşırığında da 50020 manat Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına köçürülmüşdür. Həmin tarixdə də ödənilmiş məbləğ kreditorun hesabından borclunun özü tərəfindən silinmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, borclu tərəfindən borc ödənilsə də borcun silinməsi ilə bağlı icra məmuruna və tələbkara məlumat verilməmişdir. Tələbkar icra şöbəsinə təkrar müraciət edərək icra sənədinə əsasən borcun ödətdirilməsini xahiş etmiş, icra məmuru ödənilmiş məbləğin həmin günü silindiyini müəyyən etdikdən sonra xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Banka icra sənədinə əsasən borcun ödənilməsinə dair qərarını göndərmişdir. Nəticədə 26 iyul 2017-ci il tarixli 2-2(102)- 291/17 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin icra sənədində göstərilən məbləğ borcludan alınıb kreditora verilmişdir. Məhkəmənin qərarı qanuna uyğun qaydada icra olunmuşdur. Nəsimi rayon məhkəməsinin 2(006)-1223/2019-cu il tarixli qətnaməsinə əsasən Nikoyl İKB Nəsimi icra və probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi barədə qaldırdığı iddia təmin edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmamış, qərarı Ali Məhkəmə də qüvvədə saxlamışdır. Məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, tərəflər arasında maddi hüquq münasibətləri 2017-ci ildən yaranmışdır. Altı il müddətində iddiaçı tərəf 50020 manat məbləğində pulun qaytarılması ilə bağlı iddia qaldırmamışdır. Məhkəmə iddiaya müqayisəli şəkildə qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin tövsifi əsassız varlanma ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, cavabdeh tərəf hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etmişdir və o, əsassız varlanmış şəxs hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Nəsimi İcra Şöbəsi həmin məbləği ödəməməsinə baxmayaraq, bu barədə qətnamənin çıxarılmasından xəbərdar olmuşdur. Hətta müvafiq məhkəmə qərarından şikayət vermək hüququndan istifadə etməməklə, həmin qətnamə ilə razılaşdığını nümayiş etdirmişdir. Bu da onu deməyə əsas verir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana məhkəmə qərarı qüvvəyə mindiyi gündən məlum olmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsində öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il müddətində məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi iddiaçı üç dəfədən artıq keçməsinə baxmayaraq həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmədə iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Rakif Tağıyev hazırki tələb üzrə iddia irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni aralarında olan sonuncu hüquq münasibətindən (2017-ci ildən) 6 il keçdikdən sonra müraciət etmişdir. Ona görə də məhkəmə belə qərara gəlir ki, hazırki iddianın irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən mübahisə edən cavabdehin iddia müddətinin keçməsi barədə verdiyi ərizəyə əsasən, iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsi barədə qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı 50020 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar