Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1669/2024 23.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair mülki işə Tovuz şəhərində 23 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 2000 manat borcunun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə mebel (mətbəx və uşaq otağı mebeli) düzəltmək adı ilə ondan 2500 manat miqdarında pul almışdır. Aralarında olan razılaşmaya əsasən, onun kataloqda göstərdiyi formada, rəngdə və ölçüdə mebeli gətirib quraşdırmağı cavabdeh öhdəsinə götürmüşdür. 2024-cü ilin yanvar ayında o evdə olmayan zaman mətbəx mebeli onun evinə quraşdırılmışdır. Mebel hazır olduqdan sonra o mebelə baxış keçirən zaman kataloqda olan mebel deyil, tamamilə başqa cür və başqa keyfiyyətdə mebelin quraşdırılmasının şahidi olmuşdur. Cavabdehə telefon vasitəsi ilə zəng etdikdə isə nöqsanları aradan qaldıracaqlarını bildirmişdir. Belə olan halda o uşaq otağı mebelini artıq həmin şəxsin düzəltməsini istəmədiyini bildirmişdir. Sonradan dəfələrlə cavabdehlə telefon əlaqəsi yaratmağa çalışsa da mümkün olmamış, ortaq tanışlarının vasitəsi ilə onunla danışarkən gəlib mebelə yerində baxmışdır. Nöqsanları özü də aşkar etmiş və özünün iştirak etməməsini, quraşdırılarkən ustalar tərəfindən nöqsanlara yol verildiyini bildirmişdir. Mebeli söküb götürəcəyini və pulunu qaytaracağını qeyd etmişdir. Ondan aldığı 2500 manat puldan isə 500 manat qaytarmışdır. O, başqa firmadan mebel sifariş vermişdir. Mebel hazır olan ərəfədə yenə də dəfələrlə cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Onun sifariş verdiyi mebel gəlməsinə bir gün qalmış o, məcbur qalaraq mebeli özü söküb evə qoymuşdur. Hazırda cavabdeh nə mebeli götürür, nə də ondan aldığı pulun 2000 manat hissəsini qaytarır. Odur ki, 2000 manat borcun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı pul almış, mebeli düzəltmişdir. İddiaçı özü mebeli və rəngini seçmişdir, onlar da həmin seçimə uyğun olaraq mebel gətirib quraşdırmışlar. İddiaçı hansı formada və rəngdə sifariş veribsə, həmin rəngdə, keyfiyyətdə və formada mebel hazırlanmışdır. İddiaçı rəngi telefon vasitəsilə sifariş etmiş, sonradan bəyənməmişlər. Mebelin kənarlarında cüzi işləmələrə ehtiyac olmuşdur. Həmin nöqsanların aradan qaldırılması isə problem deyildir. Lakin iddiaçı ona nöqsanın aradan qaldırılması üçün imkan yaratmamışdır. Mebelin materialları hazırda iddiaçıdadır. Hazırda da nöqsan varsa, gedib aradan qaldıra bilər, çünki onun üçün əsas müştəri məmnuniyyətidir. Odur ki, onun iddiaçıya borcu yoxdur. İddia tam əsassızdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında evə mətbəx və uşaq üçün mebel yığılması ilə əlaqədar şifahi razılıq olmuşdur. Razılığa əsasən, cavabdeh iddiaçı üçün 2000 manata mətbəx mebeli və 500 manata uşaq dəsti mebeli yığmalı idi. Tərəflər arasında yazılı müqavilə olmamış, şifahi olaraq mebelin rəngi, forması və keyfiyyəti barədə razılaşmışlar. Buna görə iddiaçı cavabdehə 2500 manat pul vermişdir. Cavabdeh mətbəx mebelini yığdıqdan sonra iddiaçı mebelin rəngini bəyənmədiyini və o dediyi rəngdə olmadığını bildirmişdir. Buna görə də uşaq mebeli üçün verdiyi 500 manatı geri almışdır. Cavabdeh mebeldə olan cüzi nöqsanların aradan qaldırılacağını bildirmiş, lakin iddiaçı onu gözləmədən başqasına mebel sifariş verərək, həmin mebeli söküb qırağa qoymuşdur. Hazırda həmin mebelin hissələri iddiaçıdadır. İddiaçı cavabdehin mebeldə olan nöqsanların aradan qaldırılması üçün tədbir görməsinə heç bir şərait yaratmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında mebelin rənginə görə olan razılıq telefon vasitəsilə edilmiş, nə iddiaçı cavabdehin işlədiyi sexdə rəngi konkret olaraq göstərməmiş, nə də rəngin kodu barədə cavabdehə hər hansı bir məlumat verməmişdir. Eyni zamanda mebelin kənarlarında olan cüzi nöqsanların aradan qaldırılmasını boynuna götürsə də, iddiaçı buna şərait yaratmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tapşırığın tam başa çatmamasında cavabdehin təqsiri sübut olunmur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. İddiaçının tələbi vurulmuş ziyanla bağlı olsa da, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisənin həllinə tapşırıq müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə görə, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Mövcud mübahisə üzrə iddiaçı müqavilənin baş tutmamasının cavabdehin təqsiri nəticəsində baş verdiyini sübut edə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 2000 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1669/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1669/2024
23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver