Məhkəmə qərarları › İş №2(062)-1724/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1724/2025

07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1724/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı qanun üzrə vərəsəsi X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.500 manat pulun və 145 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası İddiaçı minik maşını almaq istədiyinə görə ona dostu Cavabdeh maşın alveri ilə məşğul olduğunu bildirmiş və Namiqi 2023-cü ilin təxminən may ayında mərhum atasının yanına aparıb dostu olduğunu və ucuz qiymətə minik maşını almaqda ona kömək edəcəyini bildirmişdir. Bundan sonra mərhum atası İddiaçı onun iştirakı ilə Cavabdeh ilə ona minik maşını almağa razılaşmışlar. Cavabdeh mərhum atasına Amerikadan ucuz qiymətə minik maşını gətizdirmək üçün 11.500 manat pul lazım olduğunu bildirmişdir. Onlar razılaşandan sonra mərhum atası Cavabdeh onun iştirakı ilə 11.500 manat pulu cavabdehə vermiş, cavabdeh də 3 aya minik maşınını mərhum atasına təhvil verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh mərhum atasından pulu alandan sonra onları inandırmaq üçün onun iştirakı ilə sadə formada borc müqaviləsi tərtib etmiş və borc müqaviləsinə cavabdehlə birlikdə o da imza etmişdir. Cavabdehin minik maşınını mərhum atasına təhvil verəcəyi müddət bitəndən sonra ondan minik maşınını təhvil verməsini, veya aldığı 11.500 manat pulu qaytarmasını tələb etmişlər. Lakin cavabdeh hər dəfə bir bəhanə edərək mərhum atasına minik maşını gətizdirmək üçün aldığı pulu qaytarmaqdan yayınaraq, sonradan isə telefon zənglərinə cavab verməmişdir. Mərhum atası tərəfindən cavabdehə borcu qaytarması ilə əlaqədar xəbərdarlıq məktubu göndərilsə də o, pulun qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh atasına borclu olduğunu notariat qaydasında təsdiq olunmuş ərizəsi ilə də təsdiq etsə də, hazırda cavabdeh atasının vəfat etdiyini eşidib ondan minik maşını gətizdirmək üçün aldığı 11.500 manat pulu qaytarmaq istəmir. Hazırda Cavabdeh mərhum atasına olan 11.500 manat pulu onun qanun üzrə varisi olaraq o cavabdehdən tələb etmək məcburiyyəitində qalmışdır. İddiaçı X3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzinin Notariat ofisində xx.xx.2023cü il tarixli **********967 saylı ərizə verərək ona qarşı məhkəmədə pul vəsaiti ilə əlaqədar İddiaçı tərəfindən qaldırılmış iddianı tam qəbul etdiyini, işi ilə bağlı məhkəmədə iştirak edə bilmədiyi üçün isə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh borc müqaviləsinə dair yazdıgı əlyazmadan görünür ki, o xx.xx.1992-ci il təvəllüdlüdür və Tovuz rayonu Əlimərdanlı kəndində yaşayır. Hal-hazırda Kürdəmir rayonununda N saylı hərbi hissədə kapitan rütbəsində işləyir. Çoxdan tanıdığı İddiaçı maşın ehtiyac olduğunu bilib və Şakirə Amerikadan ucuz qiymətə maşın gətizdirə biləcəyini söyləmişdir. Toyota markalı maşının alınması üçün iddiaçı ona 11.500 manat pul vermişdir. Razılaşmaya əsasən 3 ay müddətinə maşını təhvil verməyi qeyd etmişdir. Pulu alarkən oğlu Pərviz yanlarında olmuşdur və həmin müqaviləyə şahid qismində imza etmişdir. İş materiallarında olan Tərtər rayon Notariat ofisinin verdiyi xx.xx.2025-ci il tarixli 2V- 219 nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş İddiaçı vərəsələri X3 və X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ondan borc aldığı 11.500 manat pulu dəfələrlə qaytarmağını tələb etmişdir. Siz məndən aldığınız 11.500 manat məbləğində borcu problemlərinizi həll etdikdən sonra 3 ay müddətində qaytarmaq barədə öhdəlik götürsəniz də, borcunuzu bu günə kimi mənə qaytarmamısınız. Sizin mənə həmin məbləğdə borcunuzun olması X1 iştirakı ilə sadə formada tertib edib imza etdiyiniz borc müqaviləsi ile təsdiq olunur. Tezliklə mənə borclu qaldığınız 11.500 manat məbiəğində borcunuzu ödəməsəniz Sizin tərəfinizdən pozulmuş hüquqlarımın bərpa edilməsi üçün məhkəməyə müraciət edəcəyəm. Məhkəməyə müraciət edənə kimi mənə olan 11.500 manat məbləğində borcunuzu ödəməyinizi xahiş edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Mülki Məcəlləyə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Hazırkı iş üzrə iddiaçı mübahisəli avtomobilin alqısı ilə bağlı cavabdehə ödədiyi 11.500 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı sübut növləriylə cavabdehə verilməsi təsdiqlənən 11.500 manat pulun iddiaçıya tam və ya qismən geri qaytarılmasını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iş materiallarına əlavə edilmiş yazılı borc müqaviləsinə əsasən, avtomobilin alınması üçün şifahi razılıq əldə edildiyi qeyd edilsədə, mübahisəli avtomobilin alınıbalınmamasına dair vəya pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11.500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 145 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11.500 (on bir min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145 (yüz qırx beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar