Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1731/2025 18.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Ənvər oğlundan 6000 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 92 manat pulun, 500 manat vəkil xərci, 100 manatda yol xərci, 500 manatda mənəvi ziyan, ümumilikdə isə 7.192 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Tovuz rayonu Əlibəyli kəndində yaşayır. Cavabdeh X3 ilə aralarında heç bir ədavətləri olmamışdır, onlar həmkəndlidirlər və münasibətləri bu yol ilə yaranmışdır. Tovuz rayonu Əlibəyli kəndində ona məxsus "Talıb Market" adlı mağazası mövcuddur. Həmin mağazadan cavabdeh və ailəsi nisyə olaraq ət və digər qida məhsulları alırdılar. Aldıqları məhsulların pulunu adətən 1-2 ay ərzində geri qaytarırdılar. Əvvəlcə aldıqları məhsulların qiyməti aşağı olsada zamanla onlar daha çox məbləğdə nisyə məhsul alış-veriş etdilər. Cavabdeh dəmir alveri ilə məşğul olur. 2024-cü ilin avqust ayında o bildirmişdir ki, əlində dəmir alverini etmək üçün nağd pulu yoxdur, alver üçün ondan 2000 manat məbləğində borc pul istəmişdir. O, aralarında olan münasibətə görə avqust ayında 2000 manat pulu Tovuz rayonu Əlibəyli kənd sakini Zirəddinin yanında vermişdir. 3 gün sonra isə yenidən ona zəng etmiş və pulun az olduğunu, 2000 manat pulun lazım olduğunu bildirmişdir. Mal alverini edib ən geci 1 aya onun pulunu qaytaracağını demişdir. O, yenədə ona güvənmiş və 3 gün sonra oğlu X2 2000 manatı vermişdir. Sentyabr ayında ondan pulunu tələb edərək, qeyd etmişdir ki, razılaşmalarına əsasən aldığı 4000 manatı sentyabr ayında verməlidir. Cavabdeh isə ona bildirmişdir ki pullar qalıb zavodda, maşını xarab olub və maşın olmadığına görə alver edə bilmir. Ona alver etmək üçün maşın lazımdır, mənə köməklik et maşın alım deyə bildirmişdir. O, yenədə həmkəndlisi usta Baxcəlidən 05BA099 qeydiyyat nömrəli, QAZ- 2411 minik markalı avtomobili 1.700 manat pulu verərək almışdır. Maşını alarkən onların razılaşmaları belə olmuşdur ki, 3 ay ərzində o işləyəcək və onun aldığı maşının pulunu 1.700 manatı, əldən nağd olaraq verdiyi 4000 manat pulu və mağazadan ailəsi ilə birlikdə etdikləri nisyə olan 1.300 manatı geri qaytaracaqdır. Cavabdehin ümumilikdə ona borcu 12.000 manat olmuşdur. Cavabdeh ona məxsus olan QAZ 10 markalı avtomobilini sataraq borcundan 2024-cü ilin iyun ayında 4000 manat vermişdir. Bununlada borc 8000 manata enmiş və həmin 8000 manatdanda az az ödənişlər edərək, 6000 manat məbləğə çatmışdır. Hal-hazırda onların aralarında olan borc məbləği 6000 manatdır. Razılaşmalarına əsasən cavabdeh pulları ona qısa zaman ərzində geri ödəyəcəkdi. Cavabdeh ona verdiyi borc puldan və nisyədən heç bir ödəniş etməmişdir. Ona güvənərək pu ödəyəcəyini düşünmüş, lakin cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehə pul verməyi barədə şahidləri, müvafiq səs yazısı, whatsapp yazışmaları məhkəmə iclası zamanı tərəflərindən təqdim olunacaqdır. Onunla düşməçiliyi olmamış, həmişə yaxşı münasibətləri olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək iddiaçıya 6000 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 92 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş 01 ədəd diskdə olan 01 ədəd video faylda nəfər kişi cinsli şəxsin məzmunu iddia ərizəsinin məzmunu ilə oxşarlıq təşkil edən dialoqu əks olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında şifahi borc münasibətləri olsa da borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsi yazılı formada bağlanmamaqla müqavilənin formasına riayət edilməmiş və beləliklə iddiaçının Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən tələb etmə hüququ yaranmamışdır. Lakin Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın), yəni İddiaçı hesabına əmlak əldə etməklə əsassız varlanmışdır. Buna görə də Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən Cavabdeh əldə etdiklərini məhrum olanın, yəni İddiaçı tələbi ilə ona qaytarmalıdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramda iddia tələbi qismən etiraf edilmiş, iddiaçıya 6000 manat borcunun olduğu bildirilmiş və məhkəmə tərəfindən iddianın etirafı qəbul edilmişdir. Buna görə iddiaçının irəli sürdüyü tələblərin bu hissədə təmin olunmalıdır. İddianın 500 manat vəkil xərci, 100 manat yol xərci və 500 manatda mənəvi ziyan hissəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyi üçün iddia bu hissələrdə rədd edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 80 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 6000 manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 6000 (altı min) manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1731/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1731/2025
18.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver