Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1795/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X2” MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X2” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş 15.993 manat məbləğində ziyanın və 139 manat məbləğində ödənilən dövlət rüsumunun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat haqqın, ümumilikdə 16.192 manat məbləğin Cavabdehdan tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 may 2024-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqavilasi və əmək müqaviləsinə əlavə olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Həmin tarixdə İddiaçı MMC tərəfindən, işlərin icra edilməsi məqsədi ilə, NWC/759-437ND-24 nömrəli etibamamə əsasında, Howo markalı **-JN-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh 01 oktyabr 2024-cü il tarixində "X1" MMC-nin mülkiyyətində olan Howo markalı **-JN-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran nəqliyyat vasitəsini qeyri-iş vaxtında idarə edərkən, səhlənkarlıq nəticəsində və içkili vəziyyətdə aşıraraq maddi ziyan vurmuşdur. Cavabdeh öz izahatı ilə bu faktı təsdiq etmişdir. “X3 Xidməti” tərəfindən Howo markalı **-JN-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran nəqliyyat vasitəsini əsaslı təmir etmiş və nəticədə nəqliyyat vasitəsinə dəymiş ziyan 15.993 manat məbləğində hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, o işdən çıxmışdır və borcunu hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin olunması və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 27 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi və əmək müqaviləsinə əlavə olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o tabeçiliyində olan Nord Vest şirkətinə məxsus Howo markalı (2024-cü il) **-JN-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran maşın ilə beton daşıdığı zavoda getmişdir. Orada işçilərlə yemək yemiş və araq içmişdir. O, betonun olmadığı bildiyi üçün, kampa gedib istirahət istirahət etmək istəyib. İçkili halda sükan arxasında oturub və kampa gedəndə maşını aşırtmışdır. Maşına dəyən ziyanı öz maddi hesabına düzəltməyə etiraz etmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, Howo markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 15.993 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh içkili vəziyyətdə idarə etdiyi Howo markalı **-JN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmişdir.İddiaçı Howo markalı **-JN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın əvəzi qismində 15.993 manat pulun Cavabdeh tutulmasını xahiş etmişdir. Cavabdeh ziyanın əvəzi qismində tələb edilən pul məbləğini qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən 15.993 manat pul tutularaq iddiaçı “X2” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində cavabdehdən 139 manat pul tutularaq iddiaçı “X2” MMC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15.993 (on beş min doqquz yüz doxsan üç) manat pul, 139 (yüz otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi alınaraq “X2” MMC-yə ödənilsin. Ödənilmiş mediasiya xərcinin 10 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1795/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1795/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver