Məhkəmə qərarları › İş №2(062)-1854/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1854/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1854/2023 21.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 21 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 5500 (beş min beş yüz manat) manat pulun və 75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Cavabdeh əvvəlcədən tanıyır. Onun oğlu hərbiçidir. 2023-cü ilin mart ayında cavabdeh oğlunun işinə görə ondan 3500 manat almışdır. Sonra isə evinin pəncərəsini düzəltdirmək adı ilə ondan 2000 manat almışdır. Lakin heç birini də etməmişdir. Ondan pulunu dəfələrlə tələb etsə də, cavabdeh həmin pulu qaytarmamışdır. Odur ki, Cavabdeh 5500 manat məbləğində pulun və 75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, iddiaçıdan bir neçə dəfə borc pul almışdır. Həmin pulları iddiaçının işlədiyi mağzadan gəlib götürmüşdür. Lakin iddiaçının dediyi qədər pul borclu deyildir. O, iddiaçıdan bir dəfə sələm kimi borca 2000 manat, ikinci dəfə 900 manat və üçüncü dəfə isə 150 manat pul götürmüşdür. Lakin həmin pulu danmır və hissə-hissə qaytaracaqdır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda borc pul almışdır. Lakin həmin borcu qaytarmamışdır. İddia tələbinin 3050 manat hissəsini cavabdeh etiraf edir. Ona görə də iddia qismən təmin edilməlidir. Pulun qalan hissəsinin cavabdehə verilməsi məhkəmə iclasında sübuta yetirilmədi. Odur ki, 3050 (üç min əlli manat) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh pulu iddiaçıdan borc götürdüyünə görə Mülki Məcəllənin borca aid müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 3050 manat məbləğində pul və 50,50 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 3050 (üç min əlli manat) manat pul və 50,50 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar