Məhkəmə qərarları › İş №2(062)-1870/2023

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1870/2023

23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1870/2023 23.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 23 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ondan aldığı 1500 manat borcunun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, cavabdehi 5 ildir ki, tanıyır. Cavabdeh ona 2021-ci ilin fevral ayında anasının əməliyyatı üçün pul lazım olduğunu demiş, ondan 1500 manat borc pul istəmişdir. Cavabdeh həmin pulu 20 günə qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Odur ki, 1500 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də, məhkəmənin 23 avqust 2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Şahid qismində dindirilən X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, nə cavabdeh ilə, nə də iddiaçı ilə nə qohumluğu, nə də düşmənçiliyi yoxdur. Su idarəsində su pulu yığan işləyir. İddiaçı cavabdehə pul verən zaman görmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh borc kimi 1500 manat pul vermişdir. Cavabdeh həmin pulu 20 günə qaytaracğını bildirsə də, qaytarmamışdır. İddiaçı borcunu qaytarması üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, 1500 (min beş yüz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 1500 manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 1500 (min beç yüz) manat pul və ödənilmiş 35 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh bu qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ərizəyə baxılması müddəti bitdikdən sonra Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar