Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-191/2024 04.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən fərdi yaşayış evinə çəkilmiş xərclərə görə 23239 manat pulun və 160 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş əri X1 doğma bacısıdır. Cavabdeh mübahisəli Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən onun və oğlunun çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, apellyasiya və kassasiya instansiyaları məhkəmələri isə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Əslində bütün qonşular və orada yaşayan şəxslər bilir ki, əvvəllər münasibətləri normal olmuş və mübahisəli fərdi yaşayış evinin oğlu Nicata məxsus olması şifahi qaydada bildirilmişdir. Həmin halı nəzərə alaraq evin tikintisinə və təmirinə xərclər çəkmişdir. Oğlu Nicatın toyu da həmin evdə olmuşdur. Toydan sonra Nicat və ailə üzvüləri həmin evdə yaşamışlar. X8 ilə münasibətləri pisləşməsi vəziyyəti bu həddə gətirib çıxarmışdır. Yaşadıqları müddətdə evə müxtəlif xərclər çəkmişlər. Belə ki, evin qonaq otağına ümumilikdə 6359 manat, evin mətbəxinə ümumilikdə 3568 manat, birinci otağa ümumilikdə 1967 manat, ikinci otağa 1665 manat, üçüncü otağa 1665 manat, evin dəhliz hissəsinə 2460 manat, evin həyətində olan tikinti və təmir işlərinə ümumilikdə 4865 manat, evin hamamına və qazın çəkilməsi kimi işlərə ümumilikdə 690 manat, bundan başqa digər işlərə 3568 manat xərci çıxmışdır. Beləliklə, evə cəmi 23239 manat məbləğdə xərc çəkmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2008-ci ildən mübahisəli fərdi yaşayış evində yaşayır. Doğrudur ki, onun və oğlu Nicatın həmin evdən çıxarılması barədə qətnamə vardır, lakin qətnamə icra edildikdən sonra yenə də, həmin evə köçərək orada yaşamışlar. Çünki başqa yaşamağa yerləri yoxdur. Ona məxsus başqa evi keçmiş əri olan Sahib sataraq pulunu mənimsəmişdir. Sahib ümumiyyətlə Rusiya Federasiyasında yaşamışdır. Hər ay 150-200 ABŞ dolları civarında pul göndərmişdir. Lakin 2019-cu ildən pul göndərilməsini dayandırmışdır. Evin təmiri 2014-cü ilin yay aylarında edilmişdir. Təmir müddəti 01 ay 27 gün çəkmişdir. Xərclənmiş pul vəsaitini özü və oğlu Nicat vermişdir. Gündəlik fəhləliyə getməklə məşğul olur və qazancı hər gün üçün 15-20 manat həddindədir. Həmin pulları yığmış, habelə ümumi 7600 manat olmaqla müxtəlif banklardan kredit götürərək evin təmirinə vermişdir. Həmçinin oğlu Nicat da həmin ərəfədə hərbi qulluqçu olaraq çalışmış və aldığı əmək haqqı ilə də evdə təmir işləri gördürmüşdür. Evdə aparılan təmir işlərinin nədən ibarət olmasını və ayrı-ayrılıqda nə qədər pul verilməsini dəqiq xatırlamır. Ancaq iddia ərizəsində bunları sadalamışdır. Evin təmiri üçün alınan tikinti materialları satılan mağaza da hazırda bağlıdır. Özündə isə hər hansı qaimə, faktura və.s. saxlamamışdır. Habelə, evin tikintisində işləmiş ustalar keçmiş əri olan Sahibdən qorxduğu üçün məhkəməyə gəlmir. Bir sözlə özündən asılı olmayan səbəblərdən sübutlar təqdim edə bilmir. Evi təmir etdirməyinə səbəb mübahisəli evin oğlu Nicata verilməsi barədə cavabdeh tərəfin fikirləri olmuşdur. Bununla belə qeyd edir ki, ekspertiza təyin edilsə evə çəkilmiş xərc dəqiq müəyyən edilə bilər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (qardaşı) X3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı onun keçmiş arvadıdır. Aralarında olan nikah qeydi xx.xx.2004-cü ildə pozulmuşdur. Mübahisəli fərdi yaşayış evində o və uşaqları yaşamışdır. Daha sonra keçmiş arvadı Bəstini faktik ailə münasibələri bərpa edildiyi üçün 2008-ci ildə mübahisəli fərdi yaşayış evinə gətirmişdir. Özü 2000-ci ildən 2019-cu ilə kimi Rusiya Federasiyasının Surqut şəhərində işləmişdir. Evin əsaslı təmiri 2015-2016-cı illərdə olmuşdur. Ailəsinə daim özü baxmış və maddi durumu yaxşı olmuşdur. Hər ay 400-500 ABŞ dolları həddində mütəmadi olaraq pul göndərmişdir. Hətta elə vaxtlar olmuşdur ki, bir dəfəyə 3000-5000 ABŞ dolları civarında pul göndərmişdir. Evin bütün təmirini özü şəxsən etdirmişdir. İddiaçı yalan danışır. Bunun bariz nümunəsidir ki, heç bir sübut təqdim edə bilmir. Ən azından bir nəfər ustanı belə gətirə bilmir ki, onun zəhmət haqqısını iddiaçı vermiş olsun. Çünki, heç kim ona yalandan şahidlik etməz. Bundan başqa iddia ərizəsində iddiaçı işlərin nədən ibarət olmasını sadalasa belə, izahatında göstərə bilmir. Bunun səbəbi odur ki, iddia ərizəsində iddiaçı ondan pul almaq məqsədi ilə bir-birinə oxşar rəqəmlər olmaqla görülən işləri yalandan sadalamışdır. Hazırda iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi ondan həmin pulu qanunsuz olaraq almaqdan ibarətdir. İddiaçının və onun oğlu Nicatın evdən çıxarılması barədə qətnamə vardır. Qətnamə icra edilib iş üzrə icraata xitam verilsə belə, onlar yenə də evə daxil olaraq orada yaşayırlar. Özü məcbur qalıb başqa ünvanlarda qalır. Uzun müddətdir ki, həmin evdə iddiaçının əlindən yaşaya bilmir. İddiaçının ekspertiza təyin edilməsi barədə fikri ilə də razı deyildir. Çünki, evə ümumi olaraq özü şəxsən 100.000 manatdan artıq xərc çəkmişdir. Evə çəkilən xərc müəyyən edilsə belə, iddiaçı sübut təqdim etmədiyi halda yalan iddia ilə necə ondan pul ala bilər. Bu haqsızlıq olar. İddiaçı əgər evdə təmir işləri gördürsə idi, ən azından ustalara zəhmət haqqı kimi verilən pulları bilərdi. Lakin iddiaçı yalan danışdığı üçün nə evdə hansı işlərin görülməsini, nə də ustalara hansı məbləğdə zəhmət haqqı verilməsini deyə bilmir. Bundan başqa əksinə iddiaçı və onun oğlu Nicat mübahisəli fərdi yaşayış evini bərbad hala salmaqla məşğuldur. Evin kombi sistemini, divarlarını, habelə mətbəx mebelini yararsız hala salmışlar. Təqdim etdiyi foto şəkillərdən bu hal təsdiq edilir. Hansı ki, bu xərci özləri çəksə belə etməzdilər. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2273 saylı qərarından görünür ki, iddiaçı Cavabdehlər X6, X2 və İddiaçı qarşı «torpaq sahəsindən və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,22437 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanmışdır. Nikahın pozulması haqqında AZ İ 053675 saylı şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə xx.xx.2004-cü il tarixdə, 04 nömrə ilə nikahın ləğv edilməsi akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İcraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2365 saylı icra sənədi tam icra olunduğu üçün icra sənədinin icrasında xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbinin dəlillərindən görünür ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin oğlu Nicata veriləcəyi şifahi formada bəyan edildiyi üçün evdə əsaslı təmir işləri gördürdüyünü iddia edərək cavabdehdən çəkilmiş xərcin əvəzini tələb edir. Hansı ki, İddiaçı və X5 qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Bozalqanlı kəndindəki 0,22437 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qeyd olunan xx.xx.2022-ci il tarixli, 2(062)- 2365 saylı qətnamə icra edildiyi üçün icra işi üzrə icraata xitam verilmişdir. Lakin sonradan İddiaçı, oğlu Nicat Kamilzadə və onun ailə üzvüləri yenidən həmin evə yerləşərək hazırki vaxta kimi orada yaşayırlar. Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma üzrə yaranmış mülki münasibətlərdir. Odur ki, yaranmış mübahisə Mülki Məcəllənin əsassız varlanma və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələri). Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (Mülki Məcəllənin 1091.3-cü maddəsi). Bundan başqa Mülki Məcəllənin 157.6-cı maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, iddia tələbində göstərilənlər iddiaçı tərəfindən sübuta yetiriləcəyi və Mülki Məcəllənin yuxarıda göstərilən normalarının tələbləri daxilində iddianın təmin edilməsindən söhbət gedə bilər. Məhkəmə işin bu anında diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. «Həqiqət» anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün «audiatur et altera pars» – «digər tərəf də dinlənilməlidir» qaydası tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun «da mihi factum, dabo tibi ius» («mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm») prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclası dəfələrlə təxirə alınsa da iddiaçı tərəfindən məhkəməyə şahidlər gətirilə bilməmişdir. Hansı ki, iddiaçı özü şifahi vəsatətlər verərək şahidlərinin olmasını və onun tərəfindən məhkəməyə dəvət ediləcəyi bildirilmişdir. Sonuncu məhkəmə iclası zamanı isə iddiaçı şahidləri gətirə bilməməsini onların cavabdehdən qorxması ilə əlaqələndirmişdir. Hansı ki, bu məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində işlərin nədən ibarət olmasını qeyd etsə də, məhkəmə iclasında gördürdüyü işləri sadalaya bilməmiş, ustalara verilən zəhmət haqlarını xatırlmadığını bildirmişdir. Bundan başqa tikinti materilları aldığı mağazanın belə hazırda bağlı olmasını qeyd edərək məhkəməyə hər hansı alınmış məhsul barədə qaimə və.s təqdim edə bilməmişdir. Bütün bunlar məhkəmə tərəfindən iddiaçının iddia qaldıran zaman səmimi olmamasına dəlalət edən hallar olaraq qiymətləndirilmişdir. Nəzərə almaq lazımdır ki, sübutları təqdim etmək iddiaçının qanunla üzərinə düşən vəzifəsidir. Göründüyü kimi iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən evin təmir etdirilməsi yalnız özünün mülahizələrinə söykənmişdir. Bu zaman isə iddiaçı verdiyi izahatında dürüst olmamış, habelə onun izahatı digər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İddiaçının mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərcin müəyyən edilməsi barədə ekspertiza keçirilməsinə dair vəsatətini məhkəmə təmin etməyə zərurət görməmişdir. Çünki, onun iddiası sübuta yetiriləcəyi halda xərcin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi işin obyektiv həlli üçün əhəmiyyətli olardı. Mövcud durumda buna lüzum yoxdur. Məhkəmə bir məqamı da qeyd edir ki, iddiaçı pulun bir qisminin oğlunun əmək haqqısı ilə verildiyini iddia etmişdir. Bu zaman isə həmin pul məbləğini tələb etməyə onun subyektiv hüququ yaranmır. Həmin məbləğlər təsdiq ediləcəyi halda belə yalnız onun oğlu tərəfindən cavabdehdən tələb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-191/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-191/2024
04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver