Məhkəmə qərarları › İş №2(062)-1910/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1910/2023

29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1910/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ondan aldığı çəkisi 3,43 qram olan 585 əyarlı üzüyə görə 515 manat, çəkisi 3,63 qram olan 585 əyarlı sırğaya görə 545 manat, çəkisi 14,45 qram olan 585 əyarlı zəncir sepə görə 2170 manat olmaqla ümumilikdə 3230 manat məbləğdə pulun, 2022-ci ilin noyabr ayından ödəniləcək günə hesablanmaqla illik beş faizlik kompensasiyanın və dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğdə pulun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 2012-ci ilin may ayında 515 manata çəkisi 3,43 qram olan 585 əyarlı üzük, 545 manata çəkisi 3,63 qram olan 585 əyarlı sırğa və 2170 manata çəkisi 14,45 qram olan 585 əyarlı zəncir sep satmışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh həmin nisyə aldığı qızılların dəyərini 6 ay ərzində hissə-hissə ödəməli idi. Lakin cavabdeh bu öhdəliyə riayət etməmiş və aldığı qızıllara görə cəmi 330 manat ödəniş etmişdir. Cavabdehin hərəkətlərindən Bakı şəhəri Binəqədi RPŞ-nə müraciət etsə də, müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı İddiaçı və alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı tərəfindən 515 manata çəkisi 3,43 qram olan 585 əyarlı üzük, 545 manata çəkisi 3,63 qram olan 585 əyarlı sırğa və 2170 manata çəkisi 14,45 qram olan 585 əyarlı zəncir sepdən ibarət qızıl-zinət əşyaları nisyə olaraq alınmışdır. İlkin ödəniş olaraq 330 mamat ödənilmiş, geri qalan 2900 manatı isə 2012-ci ilin oktyabr ayına kimi qaytarmağı alıcı üzərinə götürmüşdür. Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, dəyəri 3230 manat olan 3 ədəd qızıl-zinət əşyalarını nisyə olaraq İddiaçı almış və bunun müqabilində özünə məxsus maaş kartını İddiaçı qoymuşdur ki, sonuncu hər ay ondan 500 manat pul çıxarsın. İlkin ödəniş olaraq isə Cavabdeh 330 manat vermişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yazılı olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Cavabdeh ondan nisyə olaraq xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 3230 manat olan 3 ədəd qızıl-zinət əşyası almış, ilkin ödəniş olaraq isə 330 manat ödəmişdir. Geri qalan 2900 manat pulu isə 2022-ci ilin oktyabr ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin puldan hazırki vaxta kimi iddiaçıya hər hansı ödəniş etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qızılların cavabdehə ümumi dəyəri 3230 manat olmaqla nisyə olaraq satılması, cavabdehin həmin puldan yalnız 330 manat ödəməsi iş materialları ilə təsdiqin tapdığından və iddiaçı tərəfindən sübuta yetirildiyindən Cavabdeh 2900 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. İddiaçının isə bütün qızılların dəyərini tələb etməsi əsassızdır. Çünki cavabdeh ilkin ödəniş kimi ona 330 manat pul ödəmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində də pul tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2900 manat, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 145 manat olmaqla cəmi 3045 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50,45 manat hissəsinin əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat və gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 145 (bir yüz qırx beş) manat olmaqla cəmi 3045 (üç min qırx beş) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50,45 (əlli manat qırx beş qəpik) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar