Məhkəmə qərarları › İş №2(062)-1953/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1953/2025

31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1953/2025 31.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı və Maraqlı şəxs ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 04 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı məhkəmədə cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia qaldıraraq icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia ərizəsində göstərmişdir ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydinə əsasən, o İddiaçı, X1 və X5 vaxtında ödəmədiyi 8932 (səkkiz min doqquz yüz otuz iki) manat 82 (səksən iki) qəpik əsas və faiz borcunun, 4009 (dörd min doqquz) manat 64 (altmış dörd) qəpik cərimə, penyanın (dəbbə pulunun), tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla ümumilikdə 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik pulun alınıb "xxxx" ASC-yə ödənilməsi qeyd edilmişdir. O, Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydini qanunsuz və əsassız hesab edir. Belə ki, o İddiaçı MK-145228/23 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ümumilikdə əsas və faiz borcu olmaqla cəmi ödəmədiyi 8932 (səkkiz min doqquz yüz otuz iki) manat 82 (səksən iki) qəpik borcu qalıb. Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydində isə qanunsuz və əsassız olaraq guya onun "xxxx" ASC-yə 4009 (dörd min doqquz) manat 64 (altmış dörd) qəpik cərimə, penya, dəbbə borcunun olması da göstərilmişdir. İcra qeydi yalnız mübahisəsiz müqavilələr üzrə verilə bilər. Lakin cavabdeh Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisi 02 aprel 2025-ci il tarixli icra qeydini verərkən nəzərə almamışdır ki, 4009 (dörd min doqquz) manat 64 (altmış dörd) qəpik cərimə, penya, dəbbə borcu şübhəsiz ki, mübahisəli haldır. Belə ki, həmin cərimə məbləği bankın günahı üzündən süni surətdə şişirdilərək belə bir fantastik rəqəm alınmışdır. Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisi 02 aprel 2025-ci il tarixli icra qeydi ilə məni və digərlərini əlavə xərcə salmaqla bir sözlə bizi yükləməklə bankın əsassız varlanmasına xidmət edir. Bu hal da onun maddi durumunu pisləşdirməklə yanaşı məni müflisləşdirməyə xidmət edir. Bu səbəbdən də hesab edir ki, Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydi qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında bildirmişdir ki, banka kredtit borcuna görə 2 ay gecikməsi olmuş, buna görə 4009 manat dəbbə pulu hesablanmışdır. Notariusun icra qeydi qanunsuz olduğundan ləğv edilməlidir. İddiasının təmin edilməsini xahiş edir. Cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ASC İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə borcunu ödəmədiyindən təşkilat bu barədə Notariusa müraciət etmişdir. Borc barədə iddiaçıya dəfələrlə müraciət edilmiş, bildirişlər göndərilmişdir. Həmin bildirişlərin tərəfə çatması barədə xəbərnamələri də mövcuddur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər Turan Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № MK- 145228/23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22% olmaqla, 6 ay güzəşt verilməklə 36 ay müddətinə 15 000 AZN (on beş min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 22 faiz olamaqla cərimə faizi ödəyir. Turan Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Ne MK- 145228/23 saylı kredit müqaviləsinin təminatı olaraq Turan Bank ASC ilə X2 və X7 arasında xx.xx.2023-cü il tarixli, Nº MK-145228/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli 117 nömrəli maliyyə arayışından görünür ki, borclu İddiaçı xx.xx.2023-ci il tarixli MK-145228/23 saylı kredit müqaviləsi üzrə əsas boredan qalığı 8515.60 ( səkkiz min beş yüz on beş manat 60 q) manat, faiz boredan qalığı 417.22 ( dörd yüz on yeddi manat 22 q) manat, cərimə faizi 4009.64 (dörd min doqquz manat 64 q) manat, cəmi 12942.46 (on iki min doqquz yüz qırx iki manat 46 qəpik) manat təşkil edir. xx.xx.2025-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, müqavilə üzrə xx.xx.2025-ci il tarixə TuranBank ASC-yə 8 515.6 AZN (səkkiz min beş yüz on beş manat altmış qəpik) əsas, 417.22 AZN (dörd yüz on yeddi manat iyirmi iki qəpik) faiz, 4009.64 AZN (dörd min doqquz manat altmış dörd qəpik) cərimə borcu olmaqla, cəmi borcunuz 12 942.46 AZN (on iki min doqquz yüz qırx iki manat qırx altı qəpik) təşkil edir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmçinin təqdim edilmiş xəbərnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli bildiriş xx.xx.2025-ci il tarixindən İddiaçı çatdırılmışdır. Məhkəmənin mövqeyi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci bəndində göstərilmişdir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi icra qeydinin aparılması barədə bildirişin borcluya çatdırılması deyil, onun ünvanına göndərilməsi məcburi tələbdir. Hazırki halda isə icra qeydi barədə iddiaçının ünvanına göndərilmiş və həmin hal poçt xidmətinin qəbzi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminə müvafiq məlumatı göndərmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar