Məhkəmə qərarları › İş №2(062)-1980/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1980/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1980/2025 04.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 04 iyul 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 5000 manat məbləğində borc pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə tanış olmuşlar. Cavabdeh ondan 2023-cü ildə pula ehtiyacı olduğundan 4300 manat məbləğində borc pul almışdır. Cavabdeh pulu 3 ayadək qaytaracağına söz vermiş, öz xətti ilə yazılı qəbz də vermişdir. Həmçinin ondan əlavə cavabdehə məxsus bank kartına xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü ildə 20 manat və xx.xx.2024-cü ildə 200 manat pul köçürmüşdür. Ümumilikdə cavabdehin ona 5620 manat borcu yaranmışdır. Həmin borcdan cavabdeh ona 620 manat qaytarmışdır. Qalan pulu dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh hələ də borcunu ödəməmişdir. Odur ki, cavabdehdən ona borclu olduğu 5000 manat məbləğində borc pul və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 4300 manat borclu olduğunu etiraf etmiş, borcunu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər tanış olmuşlar. İddiaçı Cavabdeh 4300 manat borc pul vermişdir. Cavabdeh həmin borcu ödəyəcəyinə söz versə də, ödəməmişdir. Həmçinin cavabdeh öz imzası ilə təsdiq etdiyi qəbzdə 4300 manat borcunun olduğunu etiraf etmiş, hissə-hissə 3 ay müddətinə pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməlidir. Həmçinin iddiaçının işə əlavə etdiyi qəbzlərdən pulun Cavabdeh göndərilməsi tam aydın olmur. Həmin qəbzlərdə olan şəxs kimi Xa...S.. göstərilsə də, bu Cavabdeh tərəfindən pulun alınması anlamına gəlmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin 4300 manat hissəsi sübut olunur. İddianın 4300 manat hissəsi təmin olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, sadə yazılı formada qəbz mövcuddur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsi mövcud olmadığından mübahisənin həlli borc müqaviləsinə uyğun olaraq mümkün deyildir. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına varlanmış şəxs hesab olunur. Ona görə də mübahisə əsassız varlanma fəslinə aid olduğundan mübahisənin hüquqi tövsifi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1092-ci maddələrinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ödəniləcək məbləğ 4300 manat olduğundan ödənilmiş dövlət rüsumunun 63 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4300 manat pul və 63 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar