Məhkəmə qərarları › İş №2(062)-1987/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1987/2025

08.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1987/2025 08.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh1 Oktay oğluna qarşı «torpaq sahəsinin naturada ayrılması tələbinə» dair mülki işə Tovuz şəhərində 08 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh1 Oktay oğluna qarşı iddia qaldıraraq paylı mülkiyyətdə olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən fərdi yaşayış binasının inşa edildiyi hissədən onun mülkiyyətində olan 1/2 hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi **********68 saylı reyestr nömrəli çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 266 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin əmlak mülkiyyət hüququ əsasında onun və cavabdehin paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır və çıxarışla təsdiq olunmuşdur. Cavabdeh uzun müddətdir ki, cinayət prosesini həyata keçirən orqandan gizlənməklə xaricdə yaşayır. Ona görə də paylarının ayrılması mümkün olmamışdır. Odur ki, ümumi mülkiyyətdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən ibarət ümumi əmlakdan fərdi yaşayış evi olan hissədən onun mülkiyyətində olan ½ hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh1 Oktay oğlu iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını və işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanunsuz və əsassızdır, aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. Surəti işə əlavə olunmuş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən ibarət əmlak mülkiyyət hüququ əsasında iddiaçının ½ hissə və ½ hissədə isə Cavabdeh1 Oktay oğlunun paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşə əlavə olunmuş DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 17 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, Tovuz rayonu Əyyublu kəndində yerləşən mübahisəli həyətyanı torpaq sahəsində tikili mövcud olduğundan torpaq sahəsinin bölünməsi tərəflərindən mümkün olmamışdır, tikililərin bölünməsi səlahiyyətləri xaricindədir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, **********68 saylı reyestr nömrəli çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 266 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsi İddiaçı ½ hissə və ½ hissədə isə Cavabdeh1 Oktay oğlunun paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunmuşdur. İddiaçı həmin əmlakın naturada bölünərək hissələrə ayrılmasını tələb etsə də, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 17 iyul 2025-ci il tarixli məktubuna əsasən, Tovuz rayonu Əyyublu kəndində yerləşən mübahisəli həyətyanı torpaq sahəsində tikili mövcud olduğundan torpaq sahəsinin bölünməsi tərəflərindən mümkün olmamışdır, tikililərin bölünməsi səlahiyyətləri xaricindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır, ona görə də təmin olunmamalıdır. İddiaçı torpaq sahəsində inşa edilən tikilinin ona məxsus olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, tikilinin məxsusluğu barədə sənəd təqdim olunduğu halda torpağın bölgüsü məsələsi müzakirə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik payın naturada ayrılmasının mümkünlüyünü həmin əmlaka tənasübsüz zərər vurmadan mümkünlüyü ilə əlaqələndirmişdir. Mövcud mübahisə üzrə alınmış mütəxəssisin məktubundan aydın olur ki, payın ayrılması texniki cəhətdən mümkün deyil. Belə olan halda iddianın təmin olunması üçün qanuni əsaslar yaranmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 Oktay oğluna qarşı ümumi mülkiyyətdə olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən İddiaçı mülkiyyətində olan ½ hissənin naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar