Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2028/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 2830 manat məbləğində pulun və 48.3 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ondan bir yeşiyinin qiyməti 10 manat olmaqla, 283 yeşik xurma məhsulunun nağd pulunu verəcəyi adı ilə xurma yığdırmış və sonradan məhsulu apardıqdan sonra isə məhsulunu pulunu verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin müdafiə edərək bildirdi ki, cavabdehlər onların kəndinə gələrək nağd alışa xeyli miqdarda xurma alacağını demişlər. Bu zaman onda xeyli miqdarda xurma olduğundan razılaşmışdır. Bundan sonra Cavabdeh2 onlara yeşiklər göndərmiş və xurmaları yeşiklərə yığdırmışdır. Amma hələ nağd pulun olmamasına görə yeşikləri aparmamışdır. O isə məhsulun xarab olmasından qorxduğuna görə Rafiqlə əlaqə saxlayıb məhsulu niyə aparmadığını soruşan zaman o nağd pulun hələ olmadığını, lakin iki günə əldə edəcəyini demişdir. O isə razılaşmışdır. Daha sonra Rafiq gəlib malları aparmışdır. Sonralar isə o, borcunu tələb etmək üçün İsmayıl pulu Rafiq adlı şəxsə verdiyini demişdir. Rafiq adlı şəxs isə bunu təkzib edib pulu İsmayıldan almalı olduğunu demişdir. Nəticədə o məhkəmə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, xurma almaq üçün Rafiq adlı şəxsə yaxınlaşmış və məhsulları ondan almışdır. Pulunu da elə Rafiqin özünə vermişdir. O, Rafiqin məhsulları Zirəddin adlı şəxsdən aldığını bilməmişdir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, özü broker kimi fəaliyyət göstərir və hər yeşiyə görə 50 qəpik qazanc götürür. Göstərilən məhsulları İsmayılın tapşırığı əsasında iddiaçıdan götürüb İsmayıla vermişdir və İsmayıl ona pul verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirilməlidir. Mülki Məcəllənin 600.4-cu maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdehlər və iddiaçı arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, cavabdehlər öz izahatlarında dolayı yolla iddaçıdan məhsul aldıqlarını etiraf edirlər. Həmçinin onların hər ikisi iddiaçı ilə malın alqısatqısı barədə razılığa gəldiklərindən məhkəmə hesab edir ki, malın dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2380 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 48.3 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2380 (iki min üç yüz səksən) manat məbləğində pul və 48.30 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2028/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2028/2025
30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver