Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-203/2024 09.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4000 manat və 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə uzaqdan tanışlıq əlaqələri vardır. Cavabdeh 2023-cü ilin aprel ayında onun yaşadığı evə gələrək ondan maddi sıxıntıları olduğu üçün 4000 manat borc pul almışdır. Cavabdehə inanaraq ona həmin pulu borc olaraq vermişdir. Bu barədə cavabdeh qəbz imzalamışdır. Aradan bir müddət keçdikdən sonra cavabdehdən pulunu tələb etməyə başlamış, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, cavabdeh ondan borc pul alan zaman anasına məxsus pensiya kartını ona vermişdir. Lakin heç bir zaman kartdan pul çıxarmamışdır. Çünki, kartı cavabdeh hər ayın sonu özü götürüb pulu çıxarıb daha sonra kartı ona vermişdir. Cavabdehin həmin vaxt qızının müalicəsi üçün pul lazım olduğundan ondan kartdan çıxardığı pulu almamışdır. Ümumiyyətlə cavabdeh 2023-cü ilin iyul ayında həmin kartı bağlatmışdır. Bunu cavabdeh özü də təsdiq edəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçıdan həmin pulu sələm kimi götürmüşdür. Belə ki, iddiaçıdan 2021-ci ildə 2000 manat, 2022-ci ilin sentyabr ayında isə 2000 manat pul götürmüşdür. Bunun müqabilində iddiaçıya 4127 2211 0263 3189 nömrəli kartı, habelə özünə məxsus iki ədəd qızıl üzüyü iddiaçıya girov kimi vermişdir. Həmin karta hər ay 327 manat pul yüklənir. Həmin kartdan iddiaçı heç vaxt pul çıxarmamışdır. Hər ayın sonu özü iddiaçıdan kartı götürüb, hesaba köçürülən pulu çıxarmış və üstünü də düzəldərək 400 manat edib iddiaçıya vermişdir. Eyni zamanda kartı da ona qaytarmışdır. Daha sonra isə 2023-cü ilin iyul ayında kartı bağlatdırmış və yeni kart almışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Pulu artıqlaması ilə qaytarmışdır. Əlavə olaraq onu da qeyd etdi ki, yazılmış qəbz ona məxsusdur və özü tərəfindən imza edilmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sadə formada tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı 4000 manat borc almışdır. Əvəzində isə kartını ona vermişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı xx.xx.2023-cü ildə 4000 manat məbləğdə borc pul almışdır. Bu barədə cavabdeh özü qəbz yazmışdır. Həmçinin cavabdeh borc pul alan zaman kartını iddiaçıya vermiş, lakin kartdan iddiaçı heç bir zaman pul çıxarmamışdır. Kartı hər ayın sonu cavabdeh özü iddiaçıdan götürərək hesaba köçürülmüş pulu məxaric etmiş, sonra isə kartı iddiaçıya qaytarmışdır. Daha sonra isə yəni 2023-cü ilin iyul ayında cavabdeh kartı bağlatmışdır. Bu halı cavabdeh özü etiraf etmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qəbz sübut kimi qəbul edildiyi üçün cavabdehin iddiaçıdan 4000 manat borc alması işin mübahisə olunmayan halıdır. Bununla belə cavabdeh iddiaçıya kartdan pul çıxararaq hər ay 400 manat pul verməsini, ümumiyyətlə borcunu tam şəkildə qaytardığını iddia etsə də, bununla bağlı sübutetmə öhdəliyini icra edə bilməmişdir. Belə ki, cavabdeh bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Onun bu dəlili özünün izahatından başqa hər hansı bir sübut ilə təsdiqin tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 60 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-203/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-203/2024
09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver