Məhkəmə qərarları › İş №2(062)-2063/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2063/2023

21.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2063/2023 21.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14545 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 133 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh diş həkimi kimi fəaliyyət göstərmiş, o isə 2021-ci ilin noyabr ayından etibarən onun yanında işləməyə başlamışdır. Həmin ərəfədə Cavabdeh dəfələrlə müraciət edərək ondan pul almışdır. Onu işlədərək aralarında razılaşdırılan məbləği ödəməmiş və ona məxsus qızıl-zinət əşyalarını (bir ədəd bilərzik və bir ədəd sırqanı) ondan alaraq satıb pulunu ona qaytarmamışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq borcunu qaytarmaqdan qərəzli şəkildə yayındığından, sonda məcbur qalıb xx.xx.2023-cü il tarixdə ona borclarını etiraf etməsi barədə yazılı sənədi təqdim etmişdir. Həmin sənəd onun öz xətti ilə yazılmaqla şəxsən özü tərəfindən imzalanmışdır. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi video diskə baxış keçirən zaman hər şey məlum olacaqdır.Sözügedən halların həqiqət olduğunun tələb etdiyi pulu həqiqətən də cavabdeh tərəfindən alındığını və digər halları şahid X1 da təsdiq edəcəkdir. Ona görə də, Cavabdeh 14545 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 133 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ona olan borcundan 750 manat qaytarmışdır. Odur ki, iddianın qalan hissədə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun iddiaçıya əslində 6500 manat borcu qalmışdır. O ondan aldığı pulların bir hissəsini qaytarmışdır. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sadə yazılı şəkildə tərtib edilmiş əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 14545 manat borc pul almışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı xx.xx.2023-cü ildə 14545 manat borc pul almış, həmin borcdan 750 manat qaytarmışdır. Qalan pulu isə qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh İddiaçı borc pul götürmüş və razılaşdıqları vaxtlarda borcunu ödəyəcəklərini bildirmişdir. Lakin cavabdeh hazırki vaxtadək tam olaraq ödəməmişdir. Nəticədə İddiaçı Cavabdeh 13795 manat məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 13795 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşdə olan və iddiaçı tərəfindən işə əlavə edilmiş borc sənədindən görünür ki, həmin sənəd iddiaçıda olmuşdur. Cavabdeh borcu qaytarmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmiş və yuxarıda sadalanan maddi hüquq normalarında əks edilmiş şəkildə hərəkətlər etməmişdir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 133 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 13795 manat borc və 131 manat 38 qəpik dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 13795(on üç min yeddi yüz doxsan beş) manat borc və 131 manat 38 qəpik dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar