Məhkəmə qərarları › İş №2(062)-2067/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2067/2025

30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2067/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ona vurduğu zərər olan 4200 manat pulun və 62 manat dövlət rüsumu üçün ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllər tanımamışdır. Cavabdeh yaşadıqları evdən ona məxsus olan qızılları və qonşulardan oğurluq etdiyinə görə Gəncə Hərbi Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmünə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdeh ona məxsus olan qızıl əşyalarını fərdi yaşayış evlərinin pəncərəsinin açıq olmasından istifadə edib oradan qanunsuz daxil olaraq evdə olan dolabın içərisindəki meyvə qabının içərisindən ona məxsus olan 1 ədəd 3200 (üç min iki yüz) manat dəyərində qızıl qadın boyunbağını və bir ədəd 1000 manat dəyərində olan qızıl qadın üzüyünü götürüb evi tərk edərək təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla onun əmlakını oğurlamışdır. Ona dəyən zərər hələ də ödənilməmişdir. Heç bir ödəmə olmadığından o, məhkəmədə iddia qaldrımaq məcburiyyətindədir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərilənləri təsdiqləmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ilə razı olmadığını, göstərilən əmələ görə cinayət məsuliyyətinə cəlb edildiyini və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini, cəzasını çəkdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-5/2023-cü il tarixli hökmündən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin məhkəmə hökmünə əsasən Cəfərov X1 Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, baş əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyun ayının ortalarında tamah niyyətilə, yəni aşkar edəcəyi qızıl-zinət əşyalarını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək və sonradan sataraq gəlir əldə etmək məqsədilə, Tovuz rayonu Abulbəyli kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə pəncərənin açıq olmasından istifadə edib oradan qanunsuz daxil olub evin otaqlarından birində olan dolabın içərisindəki meyvə qabının içindən sonuncuya məxsus 1 ədəd 3200 (üç min iki yüz) manat dəyərində qızıl qadın boyunbağını və 1 ədəd 1000 (min) manat dəyərində qızıl qadın üzüyünü götürüb evi tərk edərək, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin, yəni İddiaçı ümumilikdə 4200 (dörd min iki yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.3. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin cinayət işindən irəli gələn zərərin əvəzinin ödənilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin (zərərin əvəzinin ödənilməsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-5/2023-cü il tarixli hökmündən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin məhkəmə hökmünə əsasən Cəfərov X1 Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, baş əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyun ayının ortalarında tamah niyyətilə, yəni aşkar edəcəyi qızıl-zinət əşyalarını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək və sonradan sataraq gəlir əldə etmək məqsədilə, Tovuz rayonu Abulbəyli kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə pəncərənin açıq olmasından istifadə edib oradan qanunsuz daxil olub evin otaqlarından birində olan dolabın içərisindəki meyvə qabının içindən sonuncuya məxsus 1 ədəd 3200 (üç min iki yüz) manat dəyərində qızıl qadın boyunbağını və 1 ədəd 1000 (min) manat dəyərində qızıl qadın üzüyünü götürüb evi tərk edərək, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin, yəni İddiaçı ümumilikdə 4200 (dörd min iki yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Müvafiq məhkəmə hökmü qanuni qüvvəsini almışdır. Zərərçəkmiş şəxs qismində tanınmış hazırkı iş üzrə iddiaçı cinayət işi üzrə icraat zamanı mülki iddia ilə məhkəməyə müraciət etməmiş, cinayət işi üzrə icraat yekunlaşdıqdan sonra bu hüququndan mülki mühakimə icraatı qaydasında iddia tələbi irəli sürməklə istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı). Yuxarıda istinad edilən plenum qərarında formalaşdırılan hüquqi mövqelərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən, həmin maddi hüquq normasında nəzərdə tutulmuş əsas cəza növünə, yəni azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş Cavabdeh tərəfindən hüquqa zidd əməlin törədilməsi (oğurluq), həmin hüquqa zidd əməlin törədilməsində sonuncunun iradəsində nöqsan olması (cavabdeh Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-5/2023-cü il tarixli hökmü ilə cinayət əməlinin törədilməsində təqsirli bilinməsi), yəni təqsirinin müəyyən edilməsi, törədilmiş əməl nəticəsində cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış (hazırkı iş üzrə iddiaçı) İddiaçı zərər vurulması (cavabdeh tərəfindən iddiaçıya məxsus 4200 manat məbləğində əmlakın oğurlanması) və həmin zərərlə hüquq zidd əməl arasında səbəbli əlaqənin olması (məhz oğurluq nəticəsində şəxsə zərər dəyməsi), yəni zərərin törədilmiş hüquqa zidd əməl nəticəsində əməl gəlməsi işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, müvafiq məhkəmə hökmü üzrə cinayət hadisəsinin baş verməsi, cavabdehin həmin hadisə ilə əlaqəli olması (həmin cinayətin törədilməsinə aidiyyətinin olması), hazırkı iş üzrə cavabdehin cinayət hüquqi məsuliyyətlə yanaşı, mülki hüquqi məsuliyyət daşıması, cinayət işindən irəli gələn vurulmuş zərərin əvəzini ödəməli olması təqdim edilmiş mümkün, mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia tələbinin təmin edilməli olması nəticəsinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc kimi 4200 manat pul məbləğində pul vəsaiti və ödənilmiş 62 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 62 (altmış iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar