Məhkəmə qərarları › İş №2(062)-2081/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2081/2023

29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2081/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh real zərərin əvəzi olaraq 14800 manat pulun, başqa şəxsin pul vəsaitini əsassız olaraq saxlamaq və ondan faydalanmağa görə 740 manat pulun, mənəvi zərərin əvəzi kimi 2000 manat pulun, vəkil xərcinə görə 250 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17820 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1642/2021 saylı qiyabi qətnaməsi ilə (hakim N.Mustafayev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qeyd olunan qiyabi qətnamənin ləğv olunmasına dair Cavabdeh tərəfindən verilmiş ərizə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Moskva vilayətinin Domodedova şəhərində yerləşən “4 Sezona” meyvə bazasında bazanın qeyri-rəsmi direktoru olan X5 onu və bir neçə sahibkarı İlham Rəhimovun adından aldadaraq söz vermişdir ki, onlara kafe-restoran açmaq və meyvə ticarəti üçün yer verəcəkdir. Bu səbəbdən ona 500.000 ABŞ dolları nağd pul vermişdir. Sonra isə onu və digərlərini həmin obyektlərdən çıxararaq külli miqdarda ziyan vurmuşlar. Bu barədə yüzdən çox insan X10 Nazirliyinin Moskva vilayəti Baş İdarəsinə şikayət ərizəsi vermiş, hazırda da araşdırılma aparılır. 2020-ci ilin fevral ayında dostu X1 onu özünü İlham Rəhimovun bacanağı kimi təqdim edən, bu iş üzrə Cavabdeh yanına aparmışdır ki, o məsələni həll edəcək. O, oğlu İsgəndər və Elçin ünvan 1 ünvanında yerləşən İlham Rəhimovun ofisinə getmiş, orada Müşfiqlə görüşmüş, bütün məsələləri ona danışmışlar. Müşfiq onlara demişdir ki, İlham müəllim deyir ki, “ərizə yazanlardan 3-4 nəfər gəlsin mən qulaq asım”. Ona görə də Moskva şahərindən X2 (+7***-***-**-**) gəlmiş, olanları yəni Teyyub tərəfindən necə aldadıldığını danışmışdır. Müşfiq də qulaq asmış və demişdir ki, “İlham müəllimə deyəcəyəm”. Bundan sonra Moskvadan ikinci adam Namiq gəlmiş, o da aldadıldığını danışmış, Müşfiq də o deyənləri özündə qeyd etmişdir. Bundan sonra Cavabdeh (***-***-**-**) onu çağırmışdır ki, “dediklərinizi İlham müəllimə dedim o, Teyyubu çağırdı, məsələ 10 günə həll olur. X11 müəllimlə görüşünüz və məsələnin həlli üçün əvvəlcə ümumi məbləğin 50 faizini verməlisiniz”. O 30 faiz təklif etmişdir. Sonra isə demişdir ki, hələlik 50.000 ABŞ dollları verin. Onunla razılaşmamış və bildirmişdir ki, pul yoxdur, əvəzində maşın və ya ev versin. Lakin cavabdeh razılaşmamış, daha sonra ona bildirmişdir ki, “heç olmasa 20.000 ABŞ dolları ver”. Bunun da mümkün olmadığını ona bildirdik də, cavabdeh demişdir ki, “onda heç olmasa 10.000 ABŞ dolları gətir”. Cavabdehlə razılaşmış və pulu sabah verəcəyini bildirmişdir. Cavabdeh razılaşmamış və bildirmişdir ki, “yox, elə bu gün gətir, mən axşam İlham müəllimlə görüşəcəm, İlham müəllim Teyyubu çağırıb, fevralın 25-də Teyyub Bakıda olacaq.” Həmin günü, təxminən 2020-ci ilin fevralın 10-da oğlu İsgəndərlə İlham müəllimin ünvan 2 ünvanında yerləşən ofisində 10.000 ABŞ dolları pulu Cavabdeh vermişdir. Fevral ayının 25-də Müşfiq ona zəng vurmuşdur ki, “İlham müəllim gedib, o qayıdandan sonra bir həftə ərzində məsələ həll olunacaq”. Bundan sonra hər həftə Müşfiq demişdir ki, “narahat olma, görüşürəm, danışıram, məsələ həll olunur”. 2020-ci ilin mart ayının 18-də Müşfiq ona zəng vuraraq çağırmış və o ofisə getmişdir. Müşfiq demişdir ki, “hər şey əladır, martın 25-də Teyyub Bakıda olacaq, İlham müəllim də məsələni həll edəcək”. Mart ayının 25-də Müşfiqə zəng vurmuş, onun telefonu cavab verməmişdir. Ofisə getmiş, orada növbətçi polisdən onun iş yoldaşları Afiq və Vasif vasitəsi ilə Müşfiqi tapmışdır. Yenə söz vermişdir ki, “bir həftəyə həll olur”. Müşfiq onu aldatdığı üçün onun evinin yerini öyrənmiş, bu zaman yenə də demişdir ki, “narahat olma yaxın vaxtda həll olur”. Çox söz-söhbətdən sonra Müşfiq ona 2200 manat qaytarmış və demişdir ki, “ya məsələ həll olunacaq, ya da pulunu qaytaracam”. May ayının 5-də isə telefonda demişdir ki, “pul da yoxdur, Teyyub da gəlmir”. Müşfiq ona hədə qorxu gəlmiş və demişdir ki, “gəl Qızıltac şadlıq sarayının yanına”. Oraya getmiş və orada Müşfiqi gözləmişdir. Müşfiqə zəng vurmuş, lakin telefonu açmamışdır. Həmin vaxt ona tanımadığı nömrədən zəng gəlmiş və bildirilmişdir ki, “biz Yasamal Polis bölməsindənik, sən bu şəxsi silahla hədələmisən”. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəlmiş, orada yuxarda göstərilən qaydada ətraflı izahat vermişdir ki, bu şəxs onu aldadaraq 10.000 ABŞ dolları pulunu ələ keçirmişdir. Müşfiq onu yalandan şərləyir ki, “guya mən onu öldürməklə hədələyirəm, məqsədi də pulumu qaytarmaq istəməməsidir”. Bundan bir gün sonra olanları dostu Elçinə demiş, Elçin isə ona bildirmişdir ki, “Müşfiq təklif edir ki, o bir şərtlə polisə verdiyi ərizəni geri götürəcək ki, Tofiq, İlham müəllimin adını unutsun, o barədə danışmasın, məndə olan pul barədə də danışmasın, onda mən gedib ərizəmi geri götürərəm, yoxsa Tofiqim evindən silah çıxartdıracam”. Yenə Müşfiqə mesai yazmış və zəng etmiş, lakin o telefonu götürməmişdir. Bundan sonra may ayının 8-dən 9-na keçən gecə ünvan 3 ünvanında yeləşən evinə gələndə maşını qaraja qoyanda hiss etmişdir ki, kimlərsə onu izləyir. Evə qalxmamış, telefonla uşaqlara zəng vurmaq istəmişdir. Həmin şəxslərdən biri onu evin qabağında olan qarajın yanına çağırmış və demişdir ki “Müşfiqlə bağlı məsələni unut, İlham müəllimin də qapısına gedə bilməzsən, onun ofisinə getmə, övladların var, yaxşı fikirləş”. Yuxarıda qeyd edilənlərə uyğun olaraq tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhər prokuroruna ərizə ilə müraciət olunmuş, ərizə Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş, materiallar üzrə təhqiqatçı araşdırma aparmış və yekunda xx.xx.2020-ci il tarixli HK-1/358 saylı materialların ərazi aidiyyatı üzrə Nəsimi rayon Polis İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qərardan göründüyü kimi, Cavabdeh etiraf edir ki, “2020-ci ilin fevral ayında şəxsi problemləri ilə bağlı Tofiqdən xahiş etmişdir ki, ona borca 15000 ABŞ dolları pul versin. Həmin vaxt Tofiq qısa müddət ərzində qaytarmaq şərti ilə ünvan 4 ünvanında yerləşən ofisdə ona 10000 (on min) ABŞ dolları pul vermişdir. O, Tofiqdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Covid-19 pandemiyası ilə bağlı maddi durumu ağırlaşmış, pulu qaytara bilməmişdir.Tofiqə bu barədə məlumat verib və möhlət istəmiş, 2020-ci ilin sonlarında sələmə pul götürüb Tofiqə 2200 manat pul qaytarmış, həmin pulun 1000 manatını Tofiqə, 1200 manatını isə Tofiqin göstərişi ilə oğlu İsgəndərə vermişdir. Hazırda onun İddiaçı 14800 manat pul borcu var, borcunu maddi vəziyyəti yaxşılaşında qaytaracaq”. Bundan əlavə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi bölməsində də toplanmış materiallar üzrə araşdırılma aparılmış, həmin materiallar üzrə də təhqiqatçı tərəfindən xx.xx.2020-ci il tarixli HK-1/608 saylı materialların aidyyatı üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə verildikdən sonra, müstəntiq X3 icraatına verilmiş, müstəntiq onu, dostu Elçin Mirzəliyevi, oğlu İsgəndər Əliyevi və Cavabdeh dindirmiş və yekunda onun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci və 182-ci maddələrinin tərkib əlamətlərini olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Qərardan göründüyü kimi Cavabdeh yenə də təhqıqatda olduğu kimi ifadə vermiş, pulu aldığını etiraf etmiş və təhqiqatda dediklərini təkrarlamışdır. Həmin qərarlarla bağlı Azərbaycan Respublikaıs Baş Prokurorluğu və Daxil İşlər Nazirliyinə şikayətlər göndərilsə də, həmin qərarlar ləğv olunmamış, ona görə də məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdeh onun pulunu əsassız olaraq saxladığı üçün ona illik beş faiz hesablanmaqla 740 manat məbləğdə və keçirdiyi mənəvi sarsıntıya görə 2000 manat mənəvi ziyan ödəməlidir. Habelə, məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi 250 manat pulun və iddianın verilməsi üçün büdcəyə ödənilmiş 30 manat pulun qarşılığı cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. İddiaçını məhkəmə iclasında nümayəndəsi təmsil etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı Aydın Zeynalov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, İddiaçı ərizəsi üzrə toplanmış HK1/358 saylı material ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nə göndərilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı ona 10.000 ABŞ dolları məbləğdə borc pul vermişdir. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, “Covid-19” pandemiyası ilə əlaqədar maddi durumu pisləşmiş və borcunu qaytara bilməmişdir. Həmin puldan 2020-ci ilin mart ayında İddiaçı 2200 manat pul qaytarmışdır. Onun hazırda cəmi 14800 manat borcu vardır və maddi durumu yaxşılaşacağı halda qaytaracaqdır. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Altay Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178 və 182-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı ona özünün razılığı ilə 10.000 ABŞ dolları məbləğdə borc pul vermişdir. Həmin puldan İddiaçı cəmi 2200 manat pul qaytarmışdır. Hazırda sonuncuya 14800 manat borcu vardır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Odur ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı 10.000 ABŞ dolları (17.000 manat) məbləğdə borc pul almışdır. Həmin puldan 2020-ci ilin mart ayında İddiaçı 2200 manat pul qaytarmışdır. Onun hazırda cəmi 14800 manat borcu vardır. Göstərilən faktik durum iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Altay Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar ilə təsdiqin tapır. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin qərar əsasında tərəflər arasında olan telefon danışığını əks etdirən səs yazısı tədqiq edilmiş və Cavabdeh İddiaçı 10.000 ABŞ dollar pulu borc olaraq alması nəticəsinə gəlinmişdir. Məhz buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq tərəflər arasında borc münasibətləri olması nəticəsinə gəlmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 10.000 ABŞ dolları (17.000 manat) borc verməsi, həmin puldan cavabdehin yalnız 2200 manat qaytarması, hazırda cavabdehin iddiaçıya 14800 manat borclu olması iş materialları ilə təsdiqin tapdığından və iddiaçı tərəfindən sübuta yetirildiyindən Cavabdeh 14800 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində də pul tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Ona görə də cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat məbləğdə pul da tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarınının 2-ci bəndidə görə Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Məhkəmə qeyd edir ki, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdeh orqanın təqsiri ucbtaından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 14800 manat, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat, cəmi 15540 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun və vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat pulun 100 manat hissəsinin əvəzinin də cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14800 manat və gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat olmaqla cəmi 15540 (on beş min beş yüz qırx) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat pulun 100 (bir yüz) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar