Məhkəmə qərarları › İş №2(062)-2122/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2122/2023

07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2122/2023 07.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə 07 sentyabr 2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus Tovuz rayonu Ağbaşlar kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, oğlu Şahid Süleymanov 2020-ci ildə Cavabdeh ilə qeyri-rəsmi qaydada evlənib ailə qurmuşdur. Oğlu cavabdehlə evlənən vaxt Cavabdeh valideynləri tərəfindən ona verilən cehiz əşyalarını mülkiyyətində olan Tovuz rayonu Ağbaşlar kəndində yerləşən evinə yerləşdirmişdir. Oğlu ilə gəlini aralarında olan narazılığa görə ayrılmışlar. Artıq bir ilə yaxındır ki, cavabdeh atası evinə köçmüş, lakin cavabdehə məxsus cehiz əşyaları hələ də ona məxsus evdə qalmaqdadır. Cavabdehə dəfələrlə cehizinin çıxarılması barədə xəbərdarlıq etsə də cavabdeh əşyaları çıxarmamışdır. Cavabdehə məxsus 1 ədəd şkaf, 1 ədəd çarpayı, 1 ədəd paltaryuyan, 1 dəst yorğan-döşək dəsti və qab-qacaq əşyaları mülkiyyətində olan fərdi yaşayış evində qalmışdır. Mübahisə olan fərdi yaşayış evi 30 aprel 1987-ci ildə adına qeydiyyata alınmışdır və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi vardır. Cavabdeh ona məxsus əşyaları könüllü olaraq xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını tələb etsə də cavabdeh könüllü olaraq çıxarmır. Həmin əşyaların mübahisə olunan mənzildə qalması evdən istifadə hüquqlarını məhdudlaşdırır. Özü ilə bərabər yaşayan digər ailə üzvləri də evin otaqlarından sərbəst istifadə edə bilmirlər. Odur ki, cavabdehə məxsus yuxarıda göstərilən əşyaların Tovuz rayonu Ağbaşlar kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərdi ki, Şahid Süleymanov ilə 2020-ci ildə qeyri-rəsmi qaydada evlənib ailə qurmuşdur, evlənən gündən qaynatası İddiaçı mülkiyyətində olan Tovuz rayonu Ağbaşlar kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, onlarla ümumi təsərrüfatı birgə idarə etmişlər. Əri ilə olan narazılığa görə ayrılmışlar. Valideynləri tərəfindən ona verilən cehiz əşyaları mübahisə olunan evdədir. İddia ərizəsində göstərilən əşyalar ona məxsusdur. Ayrılmaq istəmir, ailəsini bərpa etmək istəyir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş reyestr nömrəsi 585 olan qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Tovuz rayonu Ağbaşlar kəndində yerləşən fərdi yaşayış evi 30 aprel 1987-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Ağbaşlar kəndində yerləşən mübahisə olunan fərdi yaşayış evi 30 aprel 1987-ci ildən İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzilin mülkiyyətçisi İddiaçıdur. Tərəflərin izahatarı ilə müəyyən olunur ki, iddiaçının oğlu Şahid Süleymanov 2020-ci ildə Cavabdeh ilə evlənib ailə qurmuşdur. Nikahlarını qeyd etdirməmişlər. Evlənən vaxt cavabdeh valideynləri tərəfindən ona verilən cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Aralarında olan narazılığa görə Cavabdeh ilə Şahid Süleymanov faktiki olaraq ayrılmışlar. İşdə olan qeydiyyat vəsiqəsi ilə müəyyən olunur ki, mübahisə olunan fərdi yaşayış evi cəmi 1 otaqdan ibarət olmaqla ümumi sahəsi 32 kv.m, yaşayış sahəsi 32 kv.mdir. Cavabdehə məxsus olan cehiz əşyalarının həmin evdə qalması iddiaçının mənzil üzərində qorunan hüquqlarını pozur. Belə ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin otaqlarında həmin əşyaların qalması iddiaçının və onun ailə üzvlərinin evdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Həmçinin həmin əmlakların iddiaçının evində qalması onun mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədir. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi mübahisə olunan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı və Cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququ barədə notarial qaydada müqavilə bağlanmamış və belə bir müqavilə dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququ olmadığından əşyalarının mülkiyyətçinin evində qalması iddiaçının istifadə hüquqlarını pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında » Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməli mübahisə olunan İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus əşyalar çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Tovuz rayonu Ağbaşlar kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd şkaf, 1 ədəd çarpayı, 1 ədəd paltaryuyan, 1 dəst yorğan-döşək və qab-qacaq olan əşyalar çıxarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar