Məhkəmə qərarları › İş №2(062)-2192/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2192/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2192/2024 10.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 3000 manat əsas borcun, alınan borcun ödənilmədiyi 04 il 08 ay müddətə görə 700 manat faiz borcunun və dövlət rüsumu kimi ödənilmiş 57 manat olmaqla cəmi 3757 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin yazında Cavabdeh ilə Ağsu şəhərinin bazarında alver edən zaman cavabdeh ondan 3672 manat borc pul istəmişdir. Cavabdeh bildirmişdir ki, həmin pula Tovuz rayonundan meyvə-tərəvəz gətirib satacaq və ona olan borcunu qaytaracaqdır. Cavabdeh pulu həmin ilin sentyabr ayının 14-nə qaytaracağına söz vermişdir. Lakin cavabdehdən dəfələrlə pulunu tələb etməsinə baxmayaraq aldığı pulu ona qaytarmamışdır. Bu barədə polis şöbəsinə müraciət etmiş və ona bildirmişlər ki, mübahisə məhkəmənin səlahiyyətinə aiddir. Ona görə iddia ərizəsi vermiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin cavabdeh qiyabi qətnamənin ləğvi barədə məhkəməyə ərizə vermiş və ərizəsi məhkəmənin qərardadı ilə təmin edilərək işə iddia icraatı qaydasında baxılması qərar alınmışdır. Özü isə məhkəmə iclasına iştirak etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bildirir ki, cavabdeh aldığı borcu 04 il 08 ay müddət özündə saxladığı üçün ona 700 manat faiz borcu da ödəməlidir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddia tələbini qəbul etmir və 2018-ci il tarixdən Bakı şəhərində yaşayır. Onun iddiaçıya hər hansı borcu yoxdur. İddiaçı ilə bir kəndli və ya qohum deyildir. Aralarında heç bir etibarlı münasibət olmamışdır. Bu halda iddiaçının ona 3672 manat borc verməsi ağlabatan deyildir. İddiaçı ona borc pul verməmişdir. İddia ərizəsində göstərilənlər şər-böhtandır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, cavabdehə 3000 manat borc pul vermişdir. Bu barədə şahidləri vardır. Hansı ki, borc pulu onların yanında cavabdehə vermişdir. Hesab edir ki, iddia əsaslıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun əridir. Cavabdeh onun əri Eldar ilə şərik alver etmişdir. Onların münasibətləri çox yaxşı olmuşdur. Hətta cavabdeh Ağsu şəhərinə gələn zaman onların evində qalmışdır. Cavabdeh onun əri Eldardan 3000 manat borc istəmişdir ki, alver edib qaytaracaqdır. Həmin pulun 2000 manatını əri Eldar onun əmisindən, 1000 manatını isə bibisi qızı Zəkiyədən almışdır. Həmin pul məbləğini Eldar cavabdehə onun gözü qarşısında elə evlərində vermişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısı oğludur. Cavabdehi yalnız bir dəfə görmüşdür. Cavabdeh ilə Eldar birlikdə alverlə məşğul olmuşlar. Bildiyi qədər Eldar cavabdehə 3000 manat borc pul vermişdir. Həmin pulun 2000 manatını iddiaçıya özü vermişdir. Pul onun yanında verilməmişdir. Ancaq dəqiq bilir ki, iddiaçı cavabdehə ümumi 3000 manat borc vermiş və cavabdeh həmin pulu qaytarmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarnın izahatını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində də göstərilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-cu maddəsində müqavilənin anlayışı müəyyən edilərək göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddia olunan borc münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Bu baxımdan tərəflərin yuxarıda göstərilən razılaşması şifahi borc müqaviləsidir və tərəflərin hüquq və vəzifələrin yaranması üçün əsasdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 742.1-ci maddəsində deyilir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia tələbinin dəlillərindən görünür ki, iddiaçı cavabdehin ondan 3000 manat məbləğdə borc almasını, lakin cavabdehin verdiyi vədə əməl etməyərək pulu qaytarmamasını iddia edərək cavabdehdən verdiyi borcunu tələb edir. Yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbində göstərilənlər iddiaçı tərəfindən sübuta yetiriləcəyi halda iddianın təmin edilməsini şərtləndirir. Məhkəmə işin bu anında diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. «Həqiqət» anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən «ədalət mühakiməsi» anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün «audiatur et altera pars» – «digər tərəf də dinlənilməlidir» qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq «hüquqi həqiqət» adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun «da mihi factum, dabo tibi ius» («mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm») prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun verilməsi yalnız özünün mülahizələrinə söykənmişdir. Bu zaman isə iddiaçı verdiyi izahatında dürüst olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Belə ki, iddiaçı borcu bibisi qızı Zəkiyyənin yanında verməsini göstərsə də, həmin şəxs şahid qismində ifadə verən zaman borcun onun yanında verilməsinin şahidi olmadığını ifadə etmişdir. Bundan başqa məhkəmə şahidlərin ifadələrini də mötəbər sübut kimi qəbul etmir. Çünki dindirilən şahidlərin biri iddiaçının arvadı, digər isə onun bibisi qızıdır. Əlbəttə ki, onların ifadə verməkdə məqsədi həqiqətin müəyyən edilməsinə deyil də, iddianın təmin olunmasına yönəlmişdir. Yəni şahidlərin ifadə verərkən iddiaçının maraqlarından çıxış etmələri şübhəsi var və bu şübhə aradan qaldırılmır. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar