Məhkəmə qərarları › İş №2(062)-2196/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2196/2024

28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2196/2024 28.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Tovuz şəhərində 28 oktyabr 2024-cü ildə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 1100 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qonşudur. Məhəbbət ondan borc pul istəmiş və ona inanıb etibar etdiyinə görə borc olaraq 1100 manat borc pul vermişdir. Cavabdeh ona vəd etmişdir ki, 1100 manat borc pulu 4 ay müddətində qaytaracaq. 4 ay keçdikdən sonra pulu istədikdə məlum oldu ki, Məhəbbət pulu qardaşına vermiş və o da toy etdiyinə görə evinə mebel almışdır. Borc pulu tələb etdikdə pulu qardaşı Rasim ödəyəcəyini bildirmişdir. Hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır.Sonuncu dəfə cavabdeh söz Verdi ki, 2024-cü ilin mart ayının sonuna qədər borcunu verəcək, lakin yenə vədinə əməl etməmişdir. Pulu qardaşına deyil, cavabdehin özünə vermişdir. Ona görə də cavabdehdən 1100 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən idiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası audio və video çəkiliş aparılmaqla həyata keçirilmiş, məhkəmə iclasında cavabdehlə telefon vasitisə ilə əlaqə saxlanılmış, o iddiaçıdan pulun götürülməsini etiraf edərək qardaşı Rasimə verdiyini, pulun iddiaçıya Rasim tərəfindən qaytarılmalı olduğunu bildirmişdir. Məhkəmə araşdırmları zamanı müəyyən olundu ki, Cavabdeh o ilə iddiaçı qonşu olmuş və aralarında etibarlı münasibətlər yaranmışdır. Tərəflər borc münasibətində olaraq, iddiaçı 2023-cü ilin noyabr ayında cavabdehə 1100 manat borc vermiş, cavabdeh borcunu 4 ay müddətinə qaytaracağını öz üzərinə götürmüşdür. Buna baxmayaraq o iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yerinə yetirməmişdir. Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin məcəllənin 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 386.2- ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasına gəlməsə də belə onunla telefon vasitəsilə əlaqə saxlanılmış, onun iddiaya münasibətindən və borcun qardaşı tərəfindən qaytarılmalı olmasından müəyyən edildi ki, boorc cavabdeh tərəfindən alınmışdır. O məhkəmə iclasında iştirak etməyərək öhdəliyin hansı səbəblərdən digər şəxslər tərəfindən icra edilməli olmasına dair sübutlarını təqdim etməmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227,233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1100 manat pul və 32 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar