Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2222/2024 04.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən nəğd şəkildə verdiyi 2000 manat məbləğdə pulun, 698 manat 59 qəpik telefona görə verdiyi pulun və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2748 manat 59 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayının əvvələrində Tovuz rayon sakini N saylı hərbi hissədə xidmət edən hərbiçi Cavabdeh ilə tanış olmuşdur. Tanışlıqları bir neçə müddət olmuş və o onunla evlənməsini təklif etdiyindən, bu məqsədlə də xx.xx.2024-cü il tarixdə X5 Xidmət Mərkəzinin Tibb bölməsinə müraciət edərək analiz vermişlər. Həmin analizə hər biri üçün 16.40 qəpik, cəmi 32 manat 80 qəpik dövlət rüsumu ödəmişlər. Bundan əlavə olaraq xx.xx.2024-cü il tarixdə 698 manat 59 qəpik dəyərində Honor X8B markalı mobil telefon tərəfindən kreditlə götürülmüşdür. Həmin telefonu isə cavabdehə, yəni evlənəcəyi Cavabdeh vermişdir. Hazırda onun istifadəsindədir. Cavabdeh onun səmimiyyətindən və ona inamından sui istifadə edərək ondan bir dəfəyə 2000 manat nəğd pul kart köçürməsi ilə onun kartına, yəni(**********181423 hesaba) göndərmişdir. Tibbi arayışın alınması üçün Asan xidmətdə olan Tibb məntəqəsinə qan analizi vermək üçün gəlməmişdir. Yəni, onunla evlənməkdən imtina etmişdir. Beləliklə onu aldadaraq 698 manat 59 qəpik dəyərində ödəmiş olduğu telefon pulunu və nəğd şəkildə köçürmə ilə göndərmiş olduğu 2000 manat pulu verməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək bidirdi ki, Cavabdeh ondan bank kartı vasitəsilə 2000 manat pul almışdır. Bundan əlavə olaraq ona 698 manat 59 qəpik məbləğində mobil telefon alaraq vermiş, bununlıa da o ona telefonun dəyəri həcmində ziyan vurmuşdur. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş 11 mart 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, X3 tərəfindən 2000 manat pul cavabdehin kart hesabına göndərilmişdir. Cavabdeh həmin vəsaitin onnun tərəfindən alındığını inkar edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarından da müəyyən edilir ki, həqiqətən də cavabdeh iddiaçının tələb etdiyi həddə iddiaçıya ziyan vurmaqla, onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2000 manat məbləğdə pul, 698 manat 59 qəpik telefona görə ödənilmiş pul və ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, cəmi 2748 manat 59 qəpik pul alınaraq iddiaçı X2 verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2698 manat 59 qəpik pulun və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2748 manat 59 qəpik pul alınaraq iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2222/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2222/2024
04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver