Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2288/2024 18.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən torpaq sahəsi üçün ödədiyi 6000 manat pulun, 1120 manat məbləğində çəkilmiş xərcin, 1000 manat miqdarında əldən çıxmış faydanın və 101,2 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə cavabdehə məxsus 0.3939 ha və 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın aldığı barədə öz aralarında razılığa gəlmişlər. Torpaq sahəsi üçün 6000 manat məbləğində pul ödəmişdir. Cavabdeh sənədləri hazır edə bilmədiyini, bunun xərcinin çəkilməsini bildirmiş və sənəd hazır olan kimi alqı-satqını rəsmiləşdirəcəyini demişdir. 0.09 ha torpaq sahəsini 2023-cü ilin oktyabr ayında ona təhvil vermiş, o həmin torpaq sahəsinin ətrafına dəmir torla çəpər çəkmişdir. Torpaq sahəsinə 88 ədəd nektarin növlü ağac şitilini əkmişdir. Hazırda cavabdeh müxtəlif bəhanələr gətirərək, torpaq sahələrini onun adına sənədləşdirməkdən imtina etmişdir. Torpaq sahəsinin ətrafına dəmir tordan çəpər çəkməsinə material və zəhmət haqqı ilə birlikdə 546 manat pul xərşləmişdir. Ağacların suvarması üçün bir dəfəsi 45 manat olmaqla 6 dəfə su maşını ilə su gətirmiş və 270 manat xərc çəkmişdir. 10 manat cuvara suvarma pulu vermişdir. Ağac tinglərinin bir ədədi 2,5 manat olmaqla, tinglərə 220 manat, ağacların basdırılmasına, quyuların qazılması üçün 44 manat, torpaq sahəsinin alaq otlarından təmizlənməsi üçün 30 manat xərcləmişdir. Qeyd olunan işlərin görülməsi üçün cəmi 1120 manat xərc çəkmişdir. Bundan başqa o, həmin torpaq sahəsi üçün bir neçə aydır ki, əziyyət çəkir, ağaclar demək olar ki, bir illikdir. Növbəti il ağaclar bar verməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əldə edə bilməyəcəyi gəlirdən və sahib ola bilməyəcəyi meyvə bağından məhrum olmuşdur. Bununla bağlı əldən çıxmış fayda olaraq cavabdehdən 1000 manat tələb edir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 300 manat məbləğində vəkilə çəkilmiş xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək bidirdi ki, iddiaçı cavabdehlə öz aralarında razılaşaraq cavabdehə məxsus 0.3939 ha və 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 6000 manata almaqla bağlı razılığa gəlmişlər. Ancaq həmin torpaq sahəsinin sənədləri olmamışdır. Cavabdeh həmin torpaq sahəsinə aid sənədləri əldə etdikdən sonra İddiaçı adına rəsmilədirəcəkdir. Həmin torpaq sahəsinə iddiaçı tərəfindən ağaclar əkilmiş və həmçinin torpaq sahəsi dəmir tor vasitəsi ilə hasara alınmışdır. İddiaçı torpaq sahəsini hasarlamaq üçün 546 manat, ağac əkmək və suvarmaq üçün isə 1120 manat xərc çəkmişdir. Bundan başqa isə götürəcəyi 1000 manat fayda əldən çıxmışdır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, həmin torpaq sahəsini İddiaçı satmışdır. Şahnaz ona 3400 manat pul vermiş, həmin torpaq sahəsində 88 ədəd ağac əkmiş, boru çəkmiş, dəmir tor çəkmiş, su maşınları ilə su gətizdirmiş, biçdirmiş və cuvarçıya pul vermişdir. İddianın 3400 manata aid hissəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şahnaz ona zəng edərkən qeydə alınmış səs yazıları ona aiddir. O 5000 manat məbləğində pul verməli olduğunu sərxoş vəziyyətdə etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia torpaq sahəsinə görə verilmiş pula münasibətdə və çəkilmiş xərclərə münasibətdə qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş qaimə fakturadan görünür ki, boru və dəmir torun alınmasına 396 manat vəsait sərf edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İddia tələbinin məzmunundan o cümlədən tərəflərin rəftarından, cavabdehin etiraf edici izahatından müəyyən edilir ki, tərəflər arasında Cavabdeh mülkiyyətində olacaq əmlakın İddiaçı satılması ilə bağlı müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh 0,3939 və 0,09 ha torpaq sahələrini gələcəkdə İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə belə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391 və 394-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinin tələbinə görə tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İşin hallarından göründüyü kimi cavabdeh sənədləşmə işləri bitdikdən sonra mülkiyyətində olacaq əmlakı bütünlüklə iddiaçıya verməyi, iddiaçı isə bunun müqabilində əmlakın dəyərini ödəməyi öhdəsinə götürsə də, həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391 və 394-cü maddələrin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd edilən Məcəllənin 337.3-cü maddəsinə əsasən isə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Adı çəkilən Məcəllənin 337.5-ci maddəsinə əsasən isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehin gələcəkdə əldə edəcəyi daşınmaz əmlakın gələcəkdə, hazırki iş üzrə iddiaçıya satılmasına dair bağlanılmış əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinin tələblərinə uyğun şəkildə notariat qaydasında təsdiqlənmədiyindən həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə tərəfindən əqdin etibarsızlığı qənaətinə gəlindiyindən məhkəmə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. İşin hallarından göründüyü kimi daşınmaz əmlak əldə edilsə də iddiaçıya verilməsi həyata keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əqdin etibarsızlığı nəticəsinə gəlindiyindən cavabdeh iddiaçıdan aldıqlarının hamısını ona qaytarmalıdır. Cavabdehin iddiaçıdan aldığına gəldikdə isə işdə olan CD-R-ə köçürülmüş səs yazısından müəyyən edilir ki, cavabdeh torpaq sahəsinə görə iddiaçıdan 5000 manat məbləğində pul aldığını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 5000 manat pul aldığını sərxoş vəziyyətdə iddaçıya bildirmişdir. Məhkəmə cavabdehin 5000 manat pul almasına dair cavabdehin səs yazısını sübut kimi qəbul edir. Belə ki, cavabdeh 5000 manat məbləğində etirafın həqiqətə uyğun olmadığına dair sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 5000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə çəkilmiş xərclərə münasibətdə iddianı qismən əsaslı hesab edir.Belə ki, cavabdeh özü həmin torpaq sahəsinə iddiaçı tərəfindən cəmi 926 manat xərc çəkilməsini etiraf etmişdir. Belə ki, işdə olan, məzmunu və qiyməti mübahisələndirilməyən əl yazmadan görünür ki, 88 ağaca 220 manat, boruya 186 manat, su daşıyana 270 manat, dəmir tora 210 manat, cuvarçıya 10 manat, biçin üçün 30 manat vəsait sərf edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh iddiaçının razılığı ilə həmin torpaq sahəsini öz əmlakı kimi xəbul edərək xərc çəkmişdir.Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya çəkdiyi xərc həcmində ziyan dəymişdir. Cavabdehin əmlakının sənədləri natamam olduğundan iddiaçı notarial qaydada müqavilə bağlamaq imkanından məhrum olmuşdur. Odur ki, 926 manat çəkilmiş xərc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Qeyd edilən Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə vəkilə çəkilmiş xərclə bağlı məsələni tələbi qismən əsaslı hesab edir.Belə ki, iddiaçı ilə vəkili arasında bağlanılmış müqaviləyə əlavə edilmiş mədaxil qəbzindəın görünür ki, iddiaçı vəkilə göstərdiyi yardıma görə 300 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə 100 manat məbləğində pulun batan cavabdehdən alınaraq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Odur ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia vəkilə yardıma görə sərf edilmiş vəsaitin alınmasına dair qalan hissədə rədd edilməlidir. Məhkəmə iddianın ələdn çıxmış faydaya aid hissəsini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İş materiallarından göründüyü kimi iddiaçıya aid pul vəsaiti elə də uzun müddət cavabdehdə qalmamışdır. O, torpaq sahəsinin sənədsiz olduğunu bilmiş, sənədləşdirmə işlərinin aparılmasına müəyyən zaman sərf ediləcəyini də bilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsindən sonra da iddiaçının cavabdehə pul vermək imkanları qaçılmaz olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin qeyd edilən hissəsini əsassız hesab edir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 101.2 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 5926 manata aid hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 79 manat 26 qəpiyi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh torpaq sahəsinə görə verilmiş 5000 manat məbləğində pul, 926 manat çəkilmiş xərcin əvəzi, 100 manat vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş dövlət rüsumunun 79 manat 26 qəpiyi Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh torpaq sahəsinin alınmasına görə verilmiş 5000 manat məbləğində pul, 926 manat çəkilmiş xərcin əvəzi, 100 manat vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş dövlət rüsumunun 79 manat 26 qəpiyi olmaqla, cəmi 6105(altı min yüz beş)manat,26(iyirmi altı)qəpik pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2288/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2288/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver