Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2326/2024 23.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə qiyabi icraat qaydasında Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 950 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 10 saylı fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi kirayədə qalmışdır. Aralarında olan razılaşmaya əsasən aylıq kirayə haqqı 250 manat olmuşdur. Cavabdeh iki aylıq kirayə haqqını ödəməmişdir. Bundan başqa cavabdeh ondan 450 manat da borc pul almış və qaytarmamışdır. Həmin pulun 250 manatını cavabdehə nağd şəkildə vermiş, geri qalan 200 manatı isə hissə-hissə yəni 100 manat olmaqla ona məxsus plastik kartdan cavabdeh özü çıxarmışdır. Yaranan borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Bununla bağlı polis orqanlarına müraciət etmiş və cavabdeh polis əməkdaşı ilə olan telefon danışığı zamanı 950 manat borcunun olmasını etiraf etmişdir. Lakin şöbəyə gəlməkdən imtina etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 238.1, 238.4 və 238.5-ci maddələri). Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kirayə haqqı və borc üzrə yaranmış mülki münasibətlərdir. Odur ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsində qeyd olunmuşdur ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (Mülki Məcəllənin 739.3-cü maddəsi). Mülki Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Mülki iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində kirayə qalmış və iki aylıq kirayə haqqını ödəməmişdir. Bu səbəbdən cavabdehin ona 500 manat kirayə haqqı üzrə borcu yaranmışdır. Eyni zamanda cavabdeh iddiaçıdan borc kimi aldığı 450 manat pulu da ona qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən 950 manat pul alınaraq iddiaçıya verilməlidir. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir (Mülki Prosessual Məcəllənin 241.1 və 241.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 242.2-ci maddəsinə görə qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 950 (doqquz yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Cаvаbdeh qiyabi qətnаmənin оna rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2326/2024
Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-2326/2024
23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver